Fransada hökumətin planlaşdırdığı pensiya islahatına və pensiya yaşının iki il artırılmasına qarşı kütləvi etirazlar və tətillər başlayıb.
Oxu24.com Deutsche Welle-yə istinadən xəbər verir ki, yanvarın 19-da bir çox ibtidai məktəblər bağlanıb, ictimai-hüquqi televiziya və radio şirkətləri öz adi proqramlarından və musiqi yayımlarından imtina ediblər, dəmir yolu və şəhər nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. Paris hava limanlarında bir çox reyslər təxirə salınıb.
EDF enerji konserninin əməkdaşları elektrik enerjisi istehsalını bir qədər azaldıblar. Medianın məlumatına görə, “TotalEnergies” konserninin neft emalı zavodunda çalışan işçilərin 70-100 faizi tətildə iştirak edir. Günün birinci yarısında Nitsa, Marsel, Tuluza və başqa şəhərlərdə nümayişlər olub. Səkkiz böyük həmkarlar ittifaqı ümummilli etiraza çağırılıb.
Prezident Emmanuel Makron pensiya sistemində islahatlar aparmaqla seçkiqabağı kampaniyası zamanı verdiyi əsas vədlərdən birini həyata keçirir. Fransanın baş naziri Elizabet Born yanvarın 10-da pensiya yaşının 62-dən 64-ə qaldırılmasına yönəlmiş pensiya islahatlarının əsas istiqamətlərini açıqlayıb. İşçilərin pensiya fonduna ödəmələrinin minimum müddətinin 43 ilə, minimum pensiyanın məbləğinin isə ayda 1200 avroya qədər artırılması planlaşdırılır. İslahatların məqsədi 2030-cu ildə tarazlaşdırılmış pensiya sistemini təmin etməkdir.
Həmkarlar ittifaqları hökumətin planlarını sərt hesab edir. Onlar xəbərdarlıq ediblər ki, belə bir hərəkət "bütün işləyən" fransızlara güclü zərbə vuracaq. Həmkarlar ittifaqları hesab edirlər ki, planlaşdırılan dəyişikliklər xüsusilə işçi qüvvəsinə erkən daxil olan və orta ömür uzunluğu Fransanın orta göstəricisindən aşağı olanlar üçün ağrılı olacaq.
2019-cu ildə Makron Fransanın pensiya sistemini sadələşdirməyə və pensiya yaşını yüksəltməyə çalışıb. Bu, 1968-ci ildə tələbə iğtişaşlarından bəri ən uzun etiraz dalğasına səbəb oldu, sonra layihə koronavirus pandemiyasının başlanması fonunda donduruldu.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR