Yevlax rayonunun Nemətabad kənd sakini, 1989-cu il təvəllüdlü Saday Sadıqov iki uşaq anası olan həyat yoldaşı, 30 yaşlı Vəfa Sadıqovanı atası evində amansızcasına qətlə yetirib.
Oxu24.com ARB TV-yə istinadən xəbər verir ki, hadisə mərhumun anası, Saray Abışovanın gözü önündə baş verib.
S.Abışova bildirir ki, hadisəyə kürəkəni S.Sadıqovun çobanlıq etdiyi təsərrüfatdakı bir neçə baş qoyunu satması səbəb olub.
Belə ki, V.Sadıqova bir neçə gün öncə atası evindən qoyunların saxlandığı təsərrüfata gedəndə heyvanların sayının azaldığını görüb. V.Sadıqova Sadaydan qoyunları hara satdığını soruşanda S.Sadıqov əsəbləşərək onu vurub. Bununla da ailə münaqişəsi yaranıb. V.Sadıqova övladını da götürərək atası evinə qayıdıb. Hadisə də bundan sonra baş verib.
Bir neçə gün sonra Saday V.Sadıqovanın atası evinə gələrək qayınanasının gözü qarşısında onun qızına kürək və ürək nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirib.
“Qıznan evdə oturmuşduq. Bir də gördüm özünü atdı içəri əlində də bıçaq. Nə qədər çalışdım ki, əlinə vuram. Dedi, içəri girmə, səni öldürərəm. Özümü atdım qızın üstünə, yenə də məni öldürmədi, qızı öldürdü”, - qətlə yetirilən qadının anası deyib.
Çoxlu qan itirən gəlin kömək üçün yaxınlıqda yaşayan dayısının evinə qaçıb. Elə orada huşsuz vəziyyətdə yerə yıxılaraq dünyasını dəyişib.
“Qaçıb gəldi, qapının ağzında yıxıldı. Oradan sürüdülər içəri. Qız gələndə arxasıyca da Saday gəldi, bıçaq da əlində. Dedi, başını kəsəcəm onun. Dedim, dəli olmusan? Bıçağı tutub əlindən aldım. Sonra da çıxdı qapıdan”, - mərhumun dayısı Cahangir Sadıqov bildirib.
Saday Sadıqov oradan qaçmaq üçün qarşısına çıxan hər kəsi bıçaqla hədələyərək kəndi tərk edib. Polis isti izlərlə S.Sadıqovu saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR