Bakıda yaşayış evindəki yanğının təfərrüatları məlum olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu24.com-a bildirilib ki, N.Nərimanov rayonu, F.X.Xoyski küçəsində yanğın baş verməsi barədə quruma məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının altımərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə qonşu mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 40m² olan birotaqlı mənzilin yanar konstruksiyaları 16m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı və 2p.m. plastik boru əriyib, 1 nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış operativ araşdırmalarla yanğının saçqurudan fenin elektrik şəbəkəsinə qoşulu qoyularaq nəzarətsiz qalması nəticəsində baş verdiyi ehtimal edilir.
Oxu24.com
ŞƏRHLƏR