Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7863
az

“Biz bu çətin günləri keçib gedəcəyik...”

09:2912 Dekabr, 2018
1930
SİYASƏT
  • A
 Oxu24.com YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin Heydər Əliyevin vəfatının 15-ci ilinin tamam olması ilə bağlı yazdığı anım yazısını təqdim edir:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin «Mən fəxr edirəm ki, azərbaycanlıyam!» kəlamı bütün dövrlərdə öz aktuallığını qorumaqla, harada yaşamasından asılı olmayaraq hər hər bir azərbaycanlını vətənpərvərliyə, azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırır. Ulu Öndər bütün çətinliklərə rəğmən xalqı öz arxasınca apararaq, ölkəni düşdüyü böhrandan xilas etdi, hər bir azərbaycanlının qəlbində «müstəqil Azərbaycan» adlı abidəni ucaltdı. «Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» söyləyən Ümummilli Lider bildirirdi ki, həyatının mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görür.

Məhz bu günümüzdən dünənimizə baxış keçirəndə bu reallığı aydın görürük ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndərin çətinliklərə sinə gərərək göstərdiyi böyük səylərin, qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. 27 illik müstəqillik tarixinə malik olan Azərbaycanı çoxmərtəbəli binaya bənzətsək, davamlı pillələrin sayının artması binanın möhkəm bünövrə üzərində qurulmasına əsaslanır. Onun qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması, əbədi olması bundan da çətindir. Müstəqilliyimizin ilk illərində parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sözün əsl mənasında müstəqil, azad, firavan ölkə olmaq sevincini yaşamağa başladı. Onun parlaq siyasi zəkası, bacarığı, istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi.



Liderin mahiyyəti...

Dahi şəxsiyyətin bütün istiqamətləri özündə ehtiva edən tezislərinə diqqət yetirdikdə hər dövrün çağırışlarına önəm verdiyi xüsusi diqqət çəkir. Belə ki, Ulu Öndər “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır» tezisi bu reallığa işıq salır ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol sözün əsl mənasında Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdən başlamışdır. Dahi şəxsiyyət o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, daha da yüksəlməsinə çalışmışdır. Məhz bu məqama söykənərək, bu fikri böyük inamla qeyd edirik ki, Heydər Əliyevin hakimiyyətinin birinci dövrü milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi dəyərləndirilməlidir.

Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində xalqımızın şüurunda «milli maraqlar» anlayışı dərin kök saldı. Təbii ki, bu kimi biri-birindən mühüm addımlar Ümummilli Liderin Azərbaycanı gələcəkdə müstəqil görmək istəyindən qaynaqlanırdı. Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə C. Naxçıvanski adına hərbi liseyin yaradılması kimi önəmli addımlar da bu məqsədə xidmət edirdi.

Vətən, torpaq, xalq sevgisindən ilham alaraq hakimiyyətinin hər iki dövrünü sonsuz xidmətləri ilə zənginləşdirən Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanımıza bundan sonra da möhtəşəm uğurlar qazandıracaq, respublikamızın dünyanın xoşbəxt ölkələri sırasında addımlamağı ilə qürur duyacağıq. Azərbaycanın bu gün xoşbəxt ölkələr sırasında yer alması Heydər Əliyev siyasətinin təntənəsidir. Ölkə, xalq o zaman xoşbəxt olur ki, onu irəli aparan lideri var. Liderliyin mahiyyəti dövlətinin milli maraqlarına cavab verən yeganə və bənzərsiz inkişaf yolunu müəyyən etmək, xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir.

Xalqın sabaha ümidi itmişdi

Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin adını daşıyan Mərkəzin açılışında reallıqlara əsaslanaraq bildirmişdi: «Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970-1980-cı illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir.»

Ümummilli Liderin hakimiyyətinin ikinci dövrü də Azərbaycanın dirçəlişi, inkişafı dövrü kimi tariximizə yazılıb. Yazının əvvəlində müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinlikləri, faciələri qeyd etdik. Xaos, anarxiya, özbaşınalıq o illərin xarakterik cəhətləridir. Xalqın sabaha ümidi itmişdi. Belə çətin dövrdə xalq dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü ölkəsinin gələcəyinə həsr edən Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı.

1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci ildə Milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirdi, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar qazandı. Azərbaycan diasporu formalaşdı. Beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar əldə olundu. «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır» söyləyən Ulu Öndər bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını müqəddəs Azərbaycan qayəsi ətrafında sıx birliyə, həmrəyliyə çağırdı. Bir sözlə, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ümummilli lider Heydər Əliyevə nəsib oldu.

İlk addımlar...

Heydər Əliyev «Müstəqil Azərbaycanda hüquqi, demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» söyləməklə, ilk gündən demokratik inkişaf yolunu tutan Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların yaradılmasına səy göstərdi və nail oldu. Bu prinsip həyata keçirilən siyasətin önündə saxlanıldı ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir. Demokratik inkişafın vacib amilləri kimi insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı və uğurlu nəticələr əldə edildi. Milli Konstitusiyamızda əksini tapan maddələr dövlət siyasətinin önündə dayanan insan amilinə bir daha işıq saldı.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ziyalıların Heydər Əliyevə müraciətində və bu müraciətə cavabında da bu məqam öz əksini tapmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi dövlətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqı öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Nəzərə alsaq ki, bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzası hələ də ləğv olunmayıb və mütəmadi olaraq tətbiq edilir, bu halda Ulu Öndərin bu addımının böyük hüquqi, tarixi dəyərini daha dərindən dərk etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildi, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə məhbus azadlığa qovuşdu.

Senzurasız Azərbaycan

Demokratiyanın digər mühüm amili kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da bu günümüz üçün möhkəm baza formalaşdırmışdır. Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzuranın ləğv olunması ölkədə müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar yaratdı. Mətbuatın maddi-texniki bazası möhkəmləndirildi. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil mətbuatın inkişaf etdirilməsinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini önə çəkərək bildirirdi: «Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır».

Azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. Respublikmızda xeyli sayda jurnalist təşkilatları və ictimai birlikləri mövcuddur. Azərbaycanda internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə, dünya birliyində təqdir olunur. Son illərdə üç peykimizin orbitə buraxılması da informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində atılan mühüm addımlar sırasındadır.



Bu gün böyük qürur hissi ilə qeyd ediriksə ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir. Müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsas tərkib hissəsi olması atılan hər addımda özünü təsdiqləyir. Məhz bu diqqət və qayğının nəticəsi idi ki, ulu öndər 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görüldü. Bir mühüm hadisəni də qeyd edək ki, Azərbaycanın demokratik təsisatların inkişafı istiqamətində atdığı uğurla addımların nəticəsi olaraq ölkəmiz 2001-ci ilin yanvarında bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan beynəlxalq quruma-Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmuşdur.

Əsas məqsəd güclü ordudur...

Təbii ki, bütün bu addımların atılması ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycan iqtisadiyyatının dünya bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. «1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır» söyləyən Ulu Öndərin proqram xarakterli bu sözləri təkcə neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinində inkişaf yollarını aydın göstərir. Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. Bu gerçəklik də hər zaman vurğulanır ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. «Əsrin müqaviləsi»ndən ötən 24 ildə Azərbaycanın qazandığı uğurların miqyasına diqqət yetirsək, bu fikrin reallıqda öz əksini tapdığını görərik. Artıq ötən il «Yeni əsrin müqaviləsi» imzalandı. Azərbaycan etibarlı tərəfdaş, ən əsası regional əməkdaşlığın aparıcı qüvvəsi kimi bu çərçivədən çıxaraq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı tərəf olaraq özünü dünyaya təqdim etdi. «Cənub Qaz Dəhlizi»nin, onun əsas seqmenti olan TANAP-ın rəsmi açılışı oldu. Bununla da Azərbaycan həm özünün iqtisadi imkanlarını artırmaq, həm də dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələrini təmin etmək üçün yeni-yeni layihələrin iştirakçısı və təşəbbüsçüsü rolunu artırdı.

İqtisadi qüdrətini günbəgün möhkəmləndirən Azərbaycan digər sahələrin inkişafı istiqamətində də əhəmiyyətli addımların atılmasına nail oldu. Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik» söyləyərək ordu qurculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü il mayın 12-də təcavüzkar Ermənistan ilə müharibədə atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Bu tezis həyata keçirilən siyasətin əsas prinsiplərindən birinə çevrildi: “Hər bir dövlət onda güclü olur ki, onun möhkəm iqtisadiyyatı və güclü ordusu var.”

Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılmasının nə dərəcədə zəruri olduğu aydındır. Ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verən Heydər Əliyev, eyni zamanda, ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edildi.

550-dən 725 minə qədər...

Ümummilli Liderin xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın istəyi, zamanın tələbi ilə yaradılan bu partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edərək, qısa zamanda milyonların sevgisini qazandı. Təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 725 mindən artıq üzv birləşir. Partiyanın 26 illik fəaliyyətinə diqqət yetirsək tutduğu yola sadiqliyini, sözü ilə əməlinin birliyinin özünü qabarıq şəkildə büruzə verdiyini görərik. Məhz bu amil partiyanın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsində, ölkədə keçirilən seçki proseslərindən böyük qələbə ilə çıxmasında əsas rol oynayır. 11 aprel 2018-ci il prezident seçkiləri bir daha xalqın Yeni Azərbaycan Partiyasına inamını və etimadını nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə dəstəyi Azərbaycanın davamlı inkişafına, yeni-yeni hədəflərin gerçəkləşməsinə inam kimi dəyərləndirən ölkə vətəndaşları partiyanın «İlhamla irəli» çağırışına səs verərək seçkilərdə yüksək fəallıqları ilə növbəti uğurlarımıza yol açdılar. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir.

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiyanın tarixinə yazılan qələbələr ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın təsdiqidir.


Ondan bizə qalanlar

Azərbaycana bu gün hansı tərəfdən baxsaq ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. Onun fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yeni nəşr, eyni zamanda, məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, onu təsdiqləyir ki, Heydər Əliyev irsi bir məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün dövrlərin tələbi, çağırışıdır.

Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, islahatların təkmilləşməsi fonunda yenilikçi ölkə kimi nüfuz qazanır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır. Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan bu gün dünyanın 10 xoşbəxt, islahatçı ölkəsi sırasında təmsil olunmaqla inkişaf modelinin digər ölkələr üçün cəlbedici olduğunu təsdiqləyir. İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Son 15 ilin uğurları hər vədin konkret əməli işdə təsdiqinin göstəricisidir. Bütün inkişafın əsasında sabitliyin dayandığını qeyd edən İlham Əliyev sabitliyin təminatçısının xalq-iqtidar birliyi olduğunu diqqətə çatdırır.

İrəli sürülən bütün təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi, həyata keçirilən siyasətə inam bu birliyin əsas göstəricilərindəndir. Ölkə vətəndaşları hər addımda özünə diqqət və qayğının şahidi olur. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması istəyinə uyğun olaraq regional inkişaf proqramlarının uğurlu icrası, işsizlik və yoxsulluq problemlərinin həlli istiqamətində atılan addımlar, özünüməşğulluğun təminatı, «ASAN xidmət», “ABAD”, “DOST” və s. Azərbaycan brendi kimi tanınan layihələrin gündəmə gətirilməsi və başqa kimi addımlar insan amilinə verilən dəyərdən qaynaqlanır. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar sırasında İnsan Hüquqları Gününün təsis edilməsini, 2009 və 2016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsini də xüsusi qeyd etməliyik.

İdeyaların davamı

İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqlayarkən prezidentimiz İlham Əliyev bu reallığı vurğulayır ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin dövlətlərin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Yeni texnologiyaların inkişafı və tətbiqi, kadr hazırlığının ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğunlaşdırılması yönümündə görülən tədbirlər, imzalanan fərman və sərəncamlar da təqdirəlayiqdir. Gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının uğurlu icrasında da Azərbaycanın yeniliyə, təkmilləşməyə, modernləşməyə verdiyi önəm əsas yer tutur.

İdarəetmə sistemində təkmilləşmə də öz növbəsində davamlı inkişafı təmin edir. Beynəlxalq səviyyədə qeyd olunan bu fikri xüsusi vurğulamaq istərdik ki, müasir dövrün əsas çağırışı olan yoxsulluqla mübarizədə Azərbaycan təcrübəsinin təqdir olunmasını əsaslandıran amillərdən biri ölkəmizdə idarəçilik sisteminin yüksək səviyyədə qurulması, zamanın tələbinə uyğun olaraq mütəmadi təkmilləşmənin həyata keçirilməsidir. 2016-cı ildə ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklər arasında idarəetmə sistemində təkmilləşməyə xidmət edən mühüm məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılması, həmçinin prezidentlik müddətinin 7 ilə qədər uzadılması oldu. 2017-ci ilin fevralında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addım kimi dəyərləndirildi. Ölkə Prezidenti İlham Əliyev Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında onun ayrı-ayrı sahələrdə xidmətlərini önə çəkərək bu fikirləri söyləmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.» Mehriban xanım Əliyeva bu etimadı belə dəyərləndirmişdir: «Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.»

Xalqı xalq edən nədir?


Göründüyü kimi, uğurlarımızda söz və əməl birliyinin rolu inkaredilməzdir. Prezident İlham Əliyev çıxışlarında bu fikri xüsusi vurğulayır ki, ən böyük siyasət real məsələlər, konkret işlərdir. Verilən hər bir qərarın icrası istiqamətində zəruri addımlar atılır, nəticələr gələcəyə nikbin baxmağa əsas verir.

Ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın inkişafına heyrətlərini gizlətmirlər. İqtisadi tərəqqi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan davamlı addımlar, demokratik islahatlarda təkmilləşmə, Azərbaycanın beynəlxalq nüfuzu, hər sahənin inkişafı üçün konkret Dövlət Proqramlarının icrası ümumilikdə ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda mövcud olan sabitlik, vətəndaş birliyi, müxtəlif xalqların, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması təqdir olunur. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan multikulturalizmin vətənidir. Müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən Azərbaycan sabitləşdirici faktor kimi nüfuz qazanıb. Ölkə Prezidentinin Sərəncamı ilə 2016-cı ilin «Multikulturalizm İli», 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan olunması Azərbaycanın bu dəyərlərə verdiyi töhfələrdən qaynaqlanır. Ölkəmizdə tariximizin, milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması istiqamətində gördüyümüz işlərin və beynəlxalq səviyyədə təbliğatın qurulmasının nəticəsidir ki, 2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.

Milli sərvətimiz olan dilimizin qorunmasına yönələn addımlar da təqdir edilir. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da bu məqsədə xidmət edir. Ulu öndər Heydər Əliyev bildirirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.”

Hər gününü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın reallıqlarının təbliğatçısı kimi mətbuatın inkişafı da prioritet məsələ kimi öndədir. KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və uğurlu icrası, sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı sərəncamlar hər bir mətbuat nümayəndəsindən peşəkarlığı və məsuliyyəti artırmağı tələb edir. Mətbuatın əsas prinsipləri olan obyektivliyin qorunması, qərəzə yol verilməməsi, vətənpərvərlik hissinin daha da gücləndirilməsi hər birimiz üçün çağırışdır. Demokratik cəmiyyətdə müxtəlif fikirli, düşüncəli insanların olması təbiidir. Əsas olan budur ki, dövlətçilik maraqlarımızı üstün tutaq, onun möhkəmləndirilməsinə öz töhfəmizi verək. Bu arzunu da ifadə etmək istərdik ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunması sevincinin müjdəçisi olaq.

Məqsədə doğru

Dövlət başçısı İlham Əliyev gələcəyə nikbin baxmaq üçün kifayət qədər əsasların olduğunu vurğulayır: «Azərbaycan daha da güclü dövlət olmalıdır.» 2003, 2008, 2013 və 2018-ci il prezident seçkiləri xalq-iqtidar birliyinin sarsılmazlığını, Heydər Əliyev ideyalarına sədaqəti, eyni zamanda, həyata keçirilən siyasətə dəstəyi ortaya qoymaqla yanaşı, bu inama da əsas verdi ki, Azərbaycanın möhtəşəm uğurları davamlıdır. Ölkəmizin hər sahədə inkişafı möcüzə kimi dəyərləndirilir. Uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Diplomatik mübarizədə uğurlarımız göz önündədir. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq təşkilatların qərar və qətnamələrində həqiqətin öz əksini tapmasını şərtləndirir. Təkcə 2018-ci ildə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirsək dünya dövlətlərinin, beynəlxalq təşkilatların mövqeyində ölkəmizə qarşı müsbət istiqamətdə nə qədər böyük dəyişikliklərin baş verdiyini görərik. Təbii ki, bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. İham Əliyevin bu fikirlərini xatırlatmaq istərdik: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»

Heydər Əliyev bildirmişdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu, bir çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf, məqsəd idi. Əbəs yerə deyilmir ki, məqsəd uğurlara aparan yoldur. Bugünkü gerçəkliklərimiz, eyni zamanda, Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrin real həyatda təsdiqidir: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.”

Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı belə güclü, qüdrətli dövlətin vətəndaşı olması ilə qürur duyur. Nə qədər ki müstəqil Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq, Onun gerçəkləşən ideyaları inkişaf yolumuzu işıqlandıracaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ