Ermənistanda növbədənkənar parlament seçkilərinə iki gün qaldı. Dekabrın 9-da keçiriləcək seçkilərdə 11 partiya və blok iştirak edir. Gözləntilərə görə, Nikol Paşinyan hakimiyyətin ötürülməsini qəti olaraq öz lehinə başa çatdıracaq.
Publika.az-a müsahibəsində politoloq İlqar Vəlizadə seçki kampaniyası öncəsi Ermənistandakı siyasi vəziyyət, seçkilərdən sonra ölkəni gözləyən problemlər və digər məsələlərlə bağlı məsələlərə aydınlıq gətirib.
- Ermənistanda növbədənkənar parlament seçkilərinə iki gün qaldı. Siyasi qüvvələrin seçki kampaniyasında verdiyi hansı mesajlar diqqətinizi çəkdi, liderlər hansı kartlara daha üstünlük verdilər?
- Şübhəsiz ki, burada əsas kart rolunu Dağlıq Qarabağ münaqişəsi oynayırdı. Siyasi qüvvələr əsas olaraq, bu məsələ üzərindən bir-birilərini vurmağa çalışdılar. Ölkədə iqtisadi, o cümlədən yoxsulluq və miqrasiya problemləri kifayət qədər ciddidir. Liderlər, namizədlər erməni seçicilərinin könlünü almaq üçün müxtəlif vədlər verdilər. Daha doğrusu vədlərdən deyil, arzulardan söhbət gedir. Bunlar reallaşmayan arzulardır. Amma hansısa təbəqə bunlara inanır, düşünürlər ki, bu siyasi qüvvə hakimiyyətə gələndən sonra problemlər həll olunacaq. Burada bir məsələyə diqqət vermək lazımdır. Heç bir siyasi qüvvə böhrandan çıxmaq üçün sosial-iqtisadi proqram ortaya qoymur, bir-birilərini hansısa səhvlərdə ittiham edirlər, ortalıqda heç bir proqram və layihə yoxdur.
- Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın yaxın dairəsində paytaxt İrəvanda keçirilən mer seçkisindən sonra güclü eyforiyaya qapılma müşahidə olunur və rəqiblər qorxudulur ki, analoji yüksək nəticələr parlament seçkilərində də qazanılacaq. Amma bölgələrdə Paşinyanın reytinqinin yüksək olmadığını iddia edənlər də var...
- Ölkə səviyyəsində ola bilər ki, seçicilərin aktivliyi aşağı olsun. Əyalətlərdə Qagik Sarukyanın Çiçəklənən Ermənistan Partiyasının imkanları daha çoxdur. Sarukyan və onun ətrafındakı insanlar biznes adamlarıdır və onların vədlərinə inananlar daha çoxdur. Bu insanların əllərində müəssisələr, yerli banklar, müxtəlif iaşə obyektləri var. Paşinyanın isə əyalətlərdə real iqtisadi imkanları yoxdur. Paşinyan əyalətlərdə daha çox ziyalılara arxalanır, nəinki geniş kütləyə. Əyalətlərdə Sarukyanın daha çox səs qazanacağını ehtimallar və sorğular da göstərir.
- Seçkilərdə iştirak edən "Sasna tsrer" partiyası (sentyabr ayında eyniadlı erməni ekstremist qrupu tərəfindən yaradılıb –red.) da var. Partiya Nikol Paşinyan tərəfindən açıq dəstəklənir. Paşinyan Rusiya və onunla birgə təmsil olunduğu təşkilatlarla əməkdaşlığı davam etdirəcəyini bildirsə də, “Sasna tsrer”in lideri Jirayr Sefilyanın sözlərinə görə, onların əsas kursu Rusiya ilə müqavilələrin ləğvi və Rusiyanın hərbi olaraq Ermənistandan çıxarılmasıdır. Ziddiyyət açıq şəkildə özünü göstərmirmi?
- Ümumiyyətlə, Ermənistanın siyasətində çoxlu ziddiyyətlər var. Paşinyanın çıxışları da başdan-ayağa ziddiyyətlidir. O, bir neçə həftə əvvəl bildirirdi ki, KTMT ilə bağlı bəyanatlarına görə Belarus və Qazaxıstan liderlərindən hesabat tələb edəcək. Seçkiqabağı ritorikanı nəzərə alaraq populist bəyanatlar verirdi. Amma noyabrın 6-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə onun özünü necə apardığını hamımız gördük. “Sasna tsrer”ə gəlincə, o radikal partiyadır və proqramında yer alan əsas bəndlərindən biri Qarabağda revanşa nail olmaq, yəni aprel döyüşlərində (2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan dördgünlük müharibə - red.) itirilmiş mövqeləri bərpa etməkdir. Paşinyan bu partiyanı dəstəkləyirsə, deməli, münaqişənin hərbi yolla həllini dəstəkləyir. Gələn il Ermənistanın hərbi büdcəsinin artırılması da bunu göstərir. Bundan başqa, Paşinyan “Sasna tsrer”i Rusiyaya qarşı bir arqument kimi istifadə etməyə çalışır. “Sasna tsrer”i ona görə parlamentə gətirmək istəyir ki, onun əli ilə öz rəqiblərini, yəni Serj Sarkisyan və Qarabağ klanını vursun. Çünki, “Sasna tsrer”in özü də vaxtilə onlara qarşı çıxış edirdi. Digər tərəfdən, Rusiyaya göstərsin ki, Ermənistanda belə bir siyasi qüvvə var və bizə real dəstək verməsəniz, bunlar hakimiyyətə gələ və Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarda bilərlər. Paşinyan təxminən bu məqsədlər üçün “Sasna tsrer”dən istifadə edir.
- Paşinyan bir sıra vədlərlə hakimiyyətə gəlib, o cümlədən ölkəyə xarici investisiyaları cəlb edəcəyinə söz verib. Vədlərin yerinə yetirilməsi üçün indiyə imi heç bir addım atılmayıb və bu, perspektivdə də görünmür. Bu baxımdan, Ermənistanda yeni bir inqilabın baş vermə ehtimalından danışa bilərikmi?
- Ermənistan elə bir mərhələyə daxil olub ki, burada siyasi qeyri-stabillik davamlı xarakter daşıya bilər. Ara-sıra keçirilən aksiyalar, mitinqlər Ermənistanı sarsıdacaq. Çünki, sosial-iqtisadi problemləri həll etmək üçün indiki hakimiyyətin kifayət qədər rıçaqları yoxdur. Bu hakimiyyət Qərbin maliyyə institutlarına üz tutub, fikirləşirlər ki, onlara kredit veriləcək. Bu barədə Qərb partnyorları ilə danışıqlar gedir. Eyni zamanda, Rusiyadan müəyyən kreditlər alıblar. Ermənistan bu kreditlərin hesabına dolanmaq istəyir. Amma nəzərə alaq ki, kreditlər faizlə verilir və onlar qaytarılmalıdır. Səhv etmirəmsə, Ermənstanın 8 milyard dollara qədər borcu var. Borcun sürətlə artması, nəticə etibarilə insanların həyat şəraitinə təsir göstərəcək, yeni “Elektromaydan”ların baş verməsinə, yeni “Sasna tsrer”lərin ortaya çıxmasına gətirib çıxaracaq.
- Bu gün rəsmi sənədlərə istinadən edən erməni KİV-i 2018-ci ilin 10 ayı ərzində təxminən bir milyard dolların ölkədən çıxarıldığını yazıb. Bu pulların isə əvvəlki hakimiyyətə aid olduğu təxmin edilir. Bu fakt, əvvəlki hakimiyyətin hansısa ciddi qorxuları, seçkilərdən sonra daha sərt şəkildə iqtisadi və siyasi repressiya dalğasının başlama ehtimalı ilə bağlı ola bilərmi?
- Represiyalar indi də davam edir. Bu siyasət öz nəticələrini göstərir və Qarabağ klanı, onlara yaxın olan insanlar pullarını ölkədən çıxarırlar. Düşünürəm ki, xarici investisiya bazarında gözlənti mövqeyini tutacaqlar. Əgər, Paşinyan sərmayə qoyuluşu üçün iqtisadi şəraitin yaxşılaşdırılması istiqamətində hansısa əməli tədbirlər görməsə, pulların ölkədən axını davam edəcək və heç kəs bu ölkəyə sərmayə qoymayacaq. Müəyyən dəyişikliklər baş versə, Paşinyan bu insanlarla hansısa razılığa gəlsə, pullar müəyyən dərəcədə Ermənistanda qala bilər. Ola bilər ki, Paşinyan daxili iqtisadi məsələlərdə müəyyən dərəcədə Sarukyana arxalanır. Sarukyanın biznesi Ermənistan iqtisadiyyatında müəyyən rol oynayır. Amma təkcə Sarukyanla ölkədəki iqtisadi vəziyyəti düzəltmək mümkün deyil. Sarukyan yalnız Kotayk vilayətinə nəzarət edir. Amma digər vilayətlər də var və iqtisadiyyatı diriltmək üçün pul axını lazımdır. Paşinyan ya məcbur olaraq könhə hakimiyyətin adamları ilə danışmalı olacaq, yaxud da xaricdən kreditlər dilənəcək. Onda başqa variant yoxdur. Oxu24.com
ŞƏRHLƏR