Azərbaycanda rekord sayda vəhşi heyvanların insanlara hücum etməsi faktı qeydə alınıb. Respublika Taun Əleyhinə Mübarizə Stansiyasının (RTƏMS) Epidemioloji tədqiqat şöbəsinin müdiri Kamran Əfəndiyevin verdiyi məlumata görə, cari ilin əvvəlindən indiyə qədər ölkədə insanların evsiz itlər və vəhşi heyvanlar tərəfindən dişlənməsi və yaralanması ilə bağlı 21191 fakt qeydə alınıb. Ekspert qeyd edib ki, bu, rekord göstəricidir.
Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, 2018-ci ilin hesabat dövründə təkcə Bakıda heyvanların insanlara hücumu barədə 5,818 fakt qeydə alınıb. Ekspertin sözlərinə görə, zərərçəkənlərin sayının artması son illərdə heyvanların öldürülməsi hallarının azalması ilə bağlıdır.
"Hazırda Azərbaycanda insanlara hücum edən vəhşi heyvanların sayı, onların ümumi sayının cəmi 10%-ni təşkil edir. Bu statistika, əsasən evsiz itlərin hücumu ilə bağlıdır. Nadir hallarda yay aylarında meşə heyvanları istirahət zonalarında insanlara hücum edir" - deyə Əfəndiyev bildirib.
O, qeyd edib ki, heyvanın dişlədiyi insanı quduzluq virusuna yoluxmaqdan qorumaq üçün mütləq və vaxtında peyvənd eləmək lazımdır. Əfəndiyev belə hallarda insanlara dərhal həkimə müraciət etməyi məsləhət görüb.
Yeri gəlmişkən, bu gün Azərbaycanda zərdab çatışmazlığı problemi yoxdur. Bakıda və respublikanın bütün rayonlarında quduzluq əleyhinə peyvəndin edildiyi xüsusi kabinetlər mövcuddur. Eyni zamanda, paytaxtdakı Kliniki Tibbi Mərkəzdə də quduzluğa qarşı kabinet var və o, sutkada 24 saat fəaliyyət göstərir.
Heyvanların hücumuna məruz qalmış insanlar onlarda quduzluğun ilkin əlaməti olan su qorxusu kimi əlamətlər yaranmamış zəruri tibbi yardım üçün həkimə müraciət etməlidirlər. Çünki sözügedən fobiyalar başlayandan sonra, həkimlər o insanlara heç bir yardım göstərə bilmirlər. Adətən bu simptomlar insanlarda heyvan dişlədikdən sonrakı 10-12 gün ərzində yaranmağa başlayır. Bu dövrdə insanı dişləmiş yoluxmuş heyvan ölməlidir.
Qeyd edək ki, quduzluq virusu heyvan və insanlarda spesifik ensefalitə (beyin iltihabına) səbəb olur. Virusun giriş qapısı, dəri üzərindəki selikli qişalarda zədələnmələr, yaralar, sıyrıntılar sayılır. Çox yüksək neyrotropizmə malik virus mərkəzə qaçan sinir lifləri və perinevral boşluqlarla irəliləyərək mərkəzi sinir sisteminə çatmış olur. Virusun limfahemotogen yolla yayılması da ehtimal olunur.
Mərkəzi sinir sisteminə keçmiş quduzluq virusu uzunsov beyin neyronlarından, hippokampda, beyin əsasının düyünlərində və onurğa beynin sol hissəsində fiksasiya olunur. Bu isə, reflektorlu oyanmanın artmasına, sonradan isə ifliclərin inkişafına səbəb olur.
Quduzluq üçün xarakterik olan tənəffüs və udma əzələlərinin qıc olması, azan, dil-udlaq və dilaltı sinirlərinin zədələnməsi ilə əlaqədardır. Sinir sisteminin simpatik şöbəsinin qıcıqlanması ağız suyunun axmasına və tər ifrazının artmasına səbəb olur. Azan sinirin və simpatik sinir sisteminin müxtəlif düyünlərinin zədələnməsi ürək-damar sisteminin pozulmasına gətirib çıxarır.
Daha sonra mərkəzdən qaçan sinir lifləri ilə ağız suyu vəzilərinin sinir uclarına çataraq xəstənin ağız suyuna keçmiş olur. Mikroskopik müayinələr zamanı patoloji anatomik dəyişiklik beyində və onurğa beynində də tapılir.
İnkubasiya dövrü 12 gündən 90 günə qədər, nadir hallarda isə bir ilə qədər və daha çox davam edəir. Bu inkubasiya müddətinin dəyişkənliyi müxtəlif amillərdən, dişlənən şəxsin yaşından (uşaqlarda inkubasiya dövrü qısa olur), virusun reaktivliyindən, mərkəzi sinir sistemini zəiflədən şəraitin olmasından, dişlənmiş nahiyyənin mövqeyindən (baş-boyun nahiyyələrindən dişləmələrdə inkubasiya dövrü qısa olur), yaranın ölçü və dərinliyindən, orqanizmə düşən virusun miqdarından asılıdır. Xəstəliyin gedişini 3 dövrə bölürlər: xəbərdarlıq dövrü, oyanma dövrü və iflic dövrü.
2-3 gün davam edən xəbərdarlıq dövründə ümumi kefsizlik və başağrılarla yanaşı, dispeptik təzahürlər müşahidə edilir, temperatur subfebril olur. Dişlənmiş yara iltihablaşaraq, şişir, qızarır və sızıldayan ağrılar meydana çıxır. Psixikanın ilk pozğunluq əlamətləri: qorxu, dəhşət, həyəcan özünü biruzə verir. Xəstə qidadan imtina edir, yuxusu pozulur. Sonradan bu əlamətlərə udmanın çətinləşməsi, "döş sıxıntısı" kimi hallar da əlavə olunur.
Oyanma dövründə reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının inkişafı ilə xarakterizə olunur. Quduzluq üçün hidrofobiya - "sudan qorxma" tutmaları patoqnomonikdir. Xəstədə su içərkən, daha sonra suyu görərkən, onun şırıltısını da eşitdikdə, hədda adı belə, çəkildikdə tutmalar baş verir.
Oxu24.com
ŞƏRHLƏR