Vətən müharibəsinin ilk şəhidlərindən biri - Gülərüz leytenant
Bu gün Vətən Müharibəsinin başlamasından 2 il keçir. Müharibənin başladığı ilk anlardan döyüşə girən və şəhidlik zirvəsinə ilk ucalan qəhrəmanlarımızdan biri leytenant Zaur Hüseynovdur.
APA TV-nin yerli bürosunun məlumatına görə, Zaur, sentyabr ayının 27 - sində Füzuli rayonu istiqamətində şəhid olan ilk zabitlərimizdən biridir.
Zaur Vaqif oğlu Hüseynov 1995 - ci il iyun ayının 24-ü Masallı rayonunun Hişkədərə kəndində dünyaya göz açıb. Ailədə iki qardaş olublar. Zaur 2011 - ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 2014-cü ildə liseyi bitirdikdən sonra həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.
Zabit 2018 - ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Zaur Hüseynov Tovuz döyüşlərində iştirak edib. Onun ən böyük arzusu general olmaq olub.
Leytenantımız Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə düşmənin 7 postunun alınmasında böyük qəhrəmanlıq göstərib. O, döyüşdə iştirak etməyini öz ailəsindən gizli saxlayıb. Vətən müharibəsi başlayan günü öz anasına zəng edərək bildirib ki, mən təlimdəyəm. Şəhidimizin anası deyir ki, o öz qızını sonuncu dəfə anasının doğum günündə görüb.
Əsgərləri üçün komandir yox, böyük qardaş olan leytenant Zaur Hüseynov ailəsinə, yaxınlarına bağlı bir insan olub. Yaxınları deyir ki, onun üzündən təbəssüm əskik olmayıb.
Qeyd edək ki, 44 - günlük vətən müharibəsində Hişkədərə kəndi torpaqlarımızın azadlığı üçün dörd şəhid verib. İndi onlar Zaurla birlikdə kəndin mərkəzində olan kənd qəbiristanlığında uyuyurlar.
Zaur Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin Azad olunmasına görə”, “İgidliyə görə”, “Döyüşlərdə Fərqlənməyə görə” medalı ilə təltif edilib. Onun adını əbədiləşdirmək üçün şəhidin yaşadığı küçəyə Zaurun adı verilib.
Oxu24.com
ŞƏRHLƏR