Cəlilabadda insanların sıx məskunlaşdığı Kirovka yaşayış massivində əhalinin internetlə təminatı üçün həyata keçirilən işlər ləng gedir. Sakinlər iddia edirlər ki, kabellər çəkilsə də, internet verilmir. Onlar dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini, amma nəticəsinin olmadığını deyirlər.
Dirəklər basdırılıb, kabellər çəkilib, qutular quraşdırılıb. İşlər tamamlanmış kimi görünür. Amma şəbəkəyə qoşulmayıb.
OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki,görüntülər Cəlilabad rayonunun Kirovka adlanan yaşayış massivindəndir. Sakinlərin sözlərinə görə bir ildən çoxdur ki, sözügedən ünvana internet çəkilişi üzrə işlərə başlanıb. Hazırda dirəklər basdırılıb, kabellər çəkilib, amma internet verilmir.
Sakinlər deyirlər ki, işlərin ləng getməsi ilə bağlı dəfələrlə iş icraçılarına müraciət etsələr də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı "Aztelekom" MMC-nin Cəlilabad filialından bildirilib ki, yaşayış massivində 1400 abonentə telefon və internetin çəkilişi nəzərdə tutulub. ''Bir ilə yaxındır ki, ərazidə işlər aparılır, ötən müddət ərzində əsas mərhələ geridə qalıb. Hazırda tamamlanma işləri icra edilir. İlin sonuna abonentlərin internetlə təchizatı həyata keçiriləcək''-deyə əlava edilib.
ŞƏRHLƏR