Göygöldə Beynəlxalq Bankın əməkdaşı olan qadını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı Orxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinin sabiq polis serjantı Orxan Məmmədovun hansı səbəbdən iki uşaq anası olan qadını öldürməsi ictimaiyyətə qaranlıq qalıb.
Lent.az sözügedən cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, hadisə Göygöl rayonun Üçtəpə kəndində qeydə alınıb. Təxminən 30-35 yaşında olan Cəlilli Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb. Hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən hadisəni törətməkdə təqsirli bilinən Orxan Məmmədov tutularaq istintaqa təhvil verilib.
Orxan Məmmədov ittihama görə özünü qismən təqsirli bilib.
Məhkəmədə danışan Orxan Məmmədov 2016-cı ildə polis nəfəri kimi Gəncə Regional Bölməsində işə başladığını bildirib. O, Beynəlxalq Bankda mühafizə polisi kimi xidmət edib:
“Günay həmin bankda pensiya şöbəsində əməliyyatçı kimi işləyirdi. 2017-ci ilin mart ayından isə Günayla tanışlığımız səmimiləşdi. Günayın mənə qarşı biganə olmadığını, eləcə də onun məndən xoşu gəldiyini hiss edirdim. Bir müddətdən sonra Günay Bankdan çıxarkən nömrəsini kağıza yazıb mənə verdi və dedi ki, üzbəüz deyə bilmədiyim sözləri telefonda ona deyim. Beləcə, münasibətlərimiz daha da istiləşdi. Ad günüm olanda telefonla mənə zəng edib təbrik elədi. Daha sonra isə yaşadığı evə dəvət etdi. Mən isə Günaydan ailə üzvlərinin, atasının evdə olduğu halda nə səbəbə evinə dəvət etməsini soruşdum. Günay atasının və uşaqlarının yatacaqlarını deyib mütləq mənimlə görüşmək üçün evinə gəlməyimi xahiş etdi. Həmin gün gecə saat 2-də Günayın yaşadığı Üçtəpə kəndinə, avtomobil yolunun kənarında yerləşən evinə getdim. Giriş qapısına yaxınlaşdıqda Günayın qapını açdığını görüb həyətə daxil oldum. Günay mənimlə həyətdə olan masada əyləşib bir qədər söhbət etdikdən sonra cinsi əlaqədə olmaq istədiyini dedi. Biz Günayla evlərinin bağında bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Ertəsi gün Günay yenidən məni evlərinə dəvət etdi və yenə də əvvəlki gün olduğu kimi onunla evlərinin həyətində gecə saat birdə görüşüb, cinsi əlaqədə olduq. Həmin vaxtdan etibarən Günay məni mütəmadi olaraq evlərinə dəvət edirdi və biz cinsi əlaqədə olurduq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ilin sentyabr ayında Günay onunla söhbət edərkən evlənmək istədiyini deyib. Orxan Məmmədov isə Günaya 10 yaş böyük olduğunu, onunla yalnız cinsi əlaqədə olmaq üçün görüşmək niyyəti olduğunu, anasının onunla evlənməyinə razı olmayacağını deyib:
“Bu söhbətdən sonra Günayla münasibətimiz pozuldu, ayrılmaq haqda qərar qəbul etdim. Hətta Günayı görməmək üçün bankdakı işimi də dəyişdim. Ondan sonra Gəncə şəhər Prokurorluğundakı postda xidmət etdim. Lakin Günay məndən əl çəkmirdi. Hətta o, anamın işlədiyi mağazaya gedib anamla ağızlaşmışdı. Anama demişdi ki, guya ki, mən də onunla evlənmək istəyirəm, lakin anamdan çəkinirəm. Günayın anamla görüşüb bu mövzuda söhbət etməsi mənə pis təsir edirdi. Günaya zəng edərək nə səbəbə anamla görüşməsini soruşdum və ona qəzəbləndim. Sonrakı günlərdə Günayın məni tanıyanlara aramızdakı münasibəti bildirdiyini eşitdim. Bir müddət sonra isə Günayın atası Yusif atam İlhama zəng vurdu. Atası deyib ki, guya, mən Günaydan əl çəkmirəm. Mən yenidən Günaya zəng edib iradımı bildirdim ki, ailəmdən uzaq dur, dedim”.
Orxan Məmmədov bildirib ki, 2019-cu ilin yanvar ayında Günay ondan Gəncə şəhər Prokurorluğuna şikayət edib:
“Günay şikayətində bildirib ki, guya ki, mən onu və ailə üzvlərini hədələmişəm. Gəncə şəhər Prokurorluğuna dəvət olundum, Günayın ərizəsi ilə əlaqədar izahat verdim. İzahatımda heç vaxt Günayı narahat etmədiyimi, əksinə onun ailəmi narahat etdiyini dedim. Hətta aramızda olan telefon danışıqlarını prokurorluğa təqdim elədim. 2019-cu ilin avqust ayının axırlarında Günay yenidən məndən Gəncə şəhər Prokurorluğuna şikayət elədi. Artıq bezmişdim. Bundan sonra Günayın məndən əl çəkməyəcəyini görüb onu qorxutmaq qərarına gəldim. Gecə saat 1 radələrində evdən bıçaq götürdüm. Hadisədən bir neçə gün əvvəl Totanlı qəsəbəsindən inşaat mağazasından aldığı dəmir məftillərin kəsilməsi üçün nəzərdə tutulmuş kəlbətini götürüb bıçaqla birlikdə bir sellofan torbaya qoyub evdən çıxaraq Günaygilə getdim. Evlərinin qabaq tərəfinə gəldim. Evin hasarını aşıb həyətə düşə bilməyəcəyini gördükdən sonra evin arxa tərəfinə keçdim. Həyətin itburnu və moruq kolları ilə əhatə olunmuş hissəsindən keçib həyətə daxil oldum. Evin yaşayış sahəsinə yaxınlaşıb Günayın otağına pəncərədən baxdıqda otağın işığının yandığını, onun öz çarpayısında yatdığını gördüm. Otaqda Günayın qızı və bibisi qızı da var idi. Onların da yatmasını gözlədim. Təxminən, saat 03:30 dəqiqədə evin içinə girdim. Göy sellofanı açıb bıçağı içərisindən götürüb, kəlbətini isə elə sellofanda pəncərənin alt hissəsinə qoydum. Günaygilin yatdığı otağa pəncərədən daxil oldum. Səsə Günay yuxudan oyandı. Günayın yatdığı çarpayının aşağı tərəfindən ona yaxınlaşdım və “nə istəyirsən məndən”, dedim. O isə cavab olaraq anamın ünvanına nalayiq ifadələr işlətdi. Əlimdəki bıçaqla Günayın üzərinə doğru getdim. Onu yerə yıxdım və bıçaqla boğazını kəsdim. Mənə müqavimət göstərsə də, gücü çatmadı. Bir neçə saniyə sonra Günaydan xırıltı səsi gəldiyini eşitdim. Bundan sonra bıçağı götürərək otaqdan çıxmaq istəyən zaman bibisi qızı oyandı və mənim üzərimə gəldi. Bu zaman Günayı gördü və onun yanına getdi.
Mən də evdən qaçaraq çıxdım. Günayın boğazını kəsən zaman öz əlim də kəsilmişdi və qan aparırdı. Onların evindən təxminən 100 metr məsafədə su axan kiçik arxın körpüsünün üstündə əynimə geyindiyim, qana bulaşmış gödəkcəmi və bıçağı tullayıb, hadisə yerindən uzaqlaşdım”.
Təqsirləndirilən şəxs deyib ki, hadisə yerindən piyada evə qayıdıb:
“Evin yanına çatan kimi telefonumdakı nömrəni çıxarıb qırdım. Evin damına qalxdım, bu zaman polislərin gəldiyini gördüm. Evin damından düşüb Samux rayonunda olan qohumumgilə getdim. Onlardan pul aldım, lakin heç kimə hadisə barədə məlumat vermədim. Səhər sübh tezdən Bakıya yola düşdüm. Bakıda qohumumuzun evinə gedən zaman yolda polislər tərəfindən saxlanıldım”.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən Yusif Cəlilli bildirib ki, qızı ailə qurduqdan bir müddət sonra həyat yoldaşı dünyasını dəyişib:
“Günay Beynəlxalq Bankda işləyirdi, ailəyə maddi dəstək olurdu. Günlərin bir günü qızım Hafizə və bacılarım Günayı bir oğlanın istədiyini mənə dedilər. Mən Günayı yanıma çağırıb, oğlanın kimliyi ilə maraqlandım. Günay Orxanın polis əməkdaşı olduğunu, bankda işlədiyini, özündən 10 yaş kiçik olduğu üçün evlənmək istəmədiyini və oğlanın bundan əl çəkmədiyini dedi. Bir müddət sonra nəvəm Leylanın oyun oynamaq üçün Günaydan telefonunu istədi. Lakin Günay telefonu müxtəlif bəhanələrlə verilmədi. Günaydan səbəbini soruşdum. Əvvəlcə yalandan dedi ki, işdə qalıb. Lakin sonradan Orxanın telefonu işdə stolun üstündən götürdüyünü və vermədiyini bildirdi. Mən Günaydan Orxanın nömrəsini alıb zəng elədim. Orxan mənə Günayın telefonunu sabah verəcəyini dedi. Bundan başqa, Orxana qızımla münasibət saxlamasına və evlənməsinə razı olmadığımı bildirdim. Həm də Günay Orxanın əlindən bezib onun anasının yanına getdiyini öyrəndim. Anası da Orxanla söhbət edəcəyini və bizim ailədən uzaq duracağını demişdi. Gördüm belə alınmır. Özüm Orxanla söhbət etməyə getdim. Qızımın telefonunu istədim və ondan uzaq durmasını tələb etdim. Orxan telefonu verdi və Günaydan uzaq duracağını və mən öldükdən sonra Günayın gününü qara gətirəcəyini dedi. Mən isə Orxana “gözdə mən ölüm ondan sonra nə istəsən, eləyərsən”, dedim və çıxıb getdim. Lakin Orxan Günaydan əl çəkmir, ev telefonuna, mobil telefonuna zəng və mesajlar yazaraq qızımı təhqir edirdi. Bildirirdi ki, Günay ona “hə” deməsə, daha pis hərəkətlər edəcək. Daha sonra Günay Orxanın onu narahat etməsi, hədə-qorxu gəlməsi, fotoşəkillərini sosial şəbəkələrdə paylaşaraq şantaj etməsi barədə Daxili İşlər Nazirliyinə, Gəncə şəhər Prokurorluğuna və Gəncə şəhər Baş Polis İdarəsinə şikayət ərizələri ünvanladıq.
Günay Orxan barəsində şikayət ərizəsi yazdıqdan sonra Orxanın atası İlhamla Gəncə şəhərində Nərimanov heykəlinin yanında görüşdüm. Həmin vaxt İlham, oğlu Orxanla danışıb söhbət edəcəyini və onu başa salacağını dedi. İlhamla Orxan barəsində danışdıqdan iki gün sonra Orxan Günayın Göygöl rayonunun Üçtəpə kəndindəki ev telefonuna zəng edərək, “atan mənim atamla görüşdüyü üçün atamı döyüb pis günə salmışam, gəlib sənin atanı da döyəcəm”, deyə bildirib.
Günayın şikayət ərizələri əsasında Gəncə şəhər Prokurorluğunda araşdırma başlanmışdı. Lakin Gəncə şəhər Prokurorluğunda və polis orqanlarında aparılmış araşdırmalar zamanı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi”.
Hüquqi varis qeyd edib ki, Orxan 2019-cu ilin iyun ayının ortalarına kimi bir müddət Günaydan əl çəkib:
“2019-cu ilin iyun ayının ortalarından sonra Orxan qohum-əqrəbalarıma mesajlar göndərərək Günayın barəsində nalayiq ifadələr işlədirdi. Günayın düzgün yolda olmadığını, yəni əxlaqsızlıqla məşğul olduğunu, həmçinin, Günayın qızı Leylanın da anasının yolunu davam etdirəcəyi kimi ifadələr işlədərək, yenidən qızımı şantaj etməyə başlamışdı. Bundan sonra 2019-cu ilin avqust ayının sonlarında Günay Orxanın ondan əl çəkmədiyini, həmçinin, onu narahat etdiyinə görə yuxarı instansiyalara şikayət etdi. O, 2019-cu ilin avqust ayının 30-da səhhəti ilə bağlı müalicə olunmaq üçün nəvəm İbrahimlə birlikdə İrana getdim. İrana getməmişdən öncə Günaya nəvəm Leyla ilə tək qalmamasını, Gəncədə yaşayan qızım Hafizənin evində qalmasını dedim. İranda olan zaman mütəmadi olaraq Günayla telefon əlaqəsi saxlayırdım. Hadisə günü kürəkənim Sənan mobil telefonuma zəng vuraraq, “Yusif dayı Günay paltarı sərəndə balkondan yıxılıb vəziyyəti ağırdır, gəl”, dedi. Mən də bu xəbəri eşitdikdən sonra nəvəm İbrahimlə birlikdə İrandan Göygöl rayonunun Üçtəpə kəndində gəldim. Evə çatanda yas mağarının qurulduğunu və çox adamın orda olduğunu gördüm. Həmin vaxt orada olan bacanağım Nurəddin Günayın boğaz nahiyəsinin bıçaqla kəsilərək öldürüldüyünü bildirdi. Daha sonra evdə olan şəxslərdən öyrəndim ki, Günayı Orxan öldürüb. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Bu şəxslərə ŞAD XƏBƏR: Sentyabrın 1-dən maaşları ARTACAQ
Oxu24.com
ŞƏRHLƏR