"Dollar bahalaşsa belə Azərbaycan üçün təsiri olmayacaq. Çünki ölkədə valyuta inzibati qaydada tənzimlənir. Artıq 6-cı ildir ki, dolların məzənnəsi ölkə üçün 1.70 civarında götürülür".
Bu sözləri Modern.az-a dollar, avro və rublun dünya bazarındakı məzənnəsi haqqında danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O aparıcı valyutaların payız aylarında durumu haqqında proqnozları diqqətə çatdırıb:
"Azərbaycanda digər valyutaların məzənnəsi dolların manata olan məzənnəsi üzərində hesablanır. Yəni dollar avroya qarşı güclənirsə, Azərbaycanda da avro zəifləməyə başlayır və manat qarşısında ucuzlaşır. İstənilən valyuta da eyni qaydadadır. Dünyada baş verən proseslər, bazar iqtisadiyyatı Azərbaycana təsir etmir. Neftin qiyməti yüksək qaldıqca, digər məzənnələrin manata elə də təsiri olmayacaq. Əsas inzibati məzənnə manat və dollar üzərindədir".
Dünyada isə çox qəribə tendensiyanın hökm sürdüyünü söyləyən ekspertin sözlərinə görə, qiymət bahalaşması artır, inflyasiya sürətlənir deyə mərkəzi banklar da faiz artırır:
"Bu o deməkdir ki, valyutalar bahalaşır. O cümlədən dollar indeksi də son zamanların tarixi maksimumuna çatıb. 108-109 punkta yaxınlaşan dollar indeksi son illərin ən yüksək göstəricisidir. Dollar yenə də güclü və digər valyutalara nisbətən dayanıqlı görünür.
Avro isə dollara qarşı ucuzlaşır. Amma payız aylarında Avropa Mərkəzi Bankı ard-arda faiz artırsa, avro özünə gələ bilər. 1 avro təqribən 1 dollar, 10 səndə qədər bahalaşa bilər.
Rubla gəldikdə, bizdəki kimi inzibati qaydada tənzimlənir, azad bazara əvvəlki qaydada satılsaydı, rubl daha ucuz olardı. Amma inzibati qaydada tənzimləndiyinə görə, rublun gələcək taleyi hökumətin verəcəyi qərarlardan asılı olacaq. İstənilən halda rublun taleyi yaxşı görünmür. Çünki inzibati tənzimləmə bir müddət sonra ləğv edilməlidir və bu, rublun kəskin ucuzlaşmasına gətirib çıxara bilər".
Oxu24.com
ŞƏRHLƏR