Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov mətbuatda barəsində yazılanlara münasibət bildirib.
Oxu24.com-un xəbərinə görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, yazılanlar həqiqəti əks etdirmir.
O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur:
“Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmağımı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.
Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib:
“Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.
Qeyd edək ki, bu gün A.Məhərrəmov Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib.
Oxu24.com
ŞƏRHLƏR