Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72061
az

Bəhram Bağırzadə: "İndiki nəsil məni televizorda üzqırxan kişi kimi tanıyır" - MÜSAHİBƏ

18:3716 İyul, 2022
191
ŞOU-BİZNES
  • A

"Atam ərdəbilli, anam şamaxılıdr, özümü bakılı sayıram"

OXU24.COM aktyor, rejissor, naşir, Əməkdar artist Bəhram Bağırzadənın report-a müsahibəsini təqdim edir:

- Siz bakılı olduğunuzu deyirsiniz, ancaq bəzi şəxslər belə olmadığını iddia edir. Bəhram Bağırzadə əslən haralıdır?

- Mən əslən şəhər uşağıyam. Məndən haralı olduğumu soruşanda belə cavab verirəm. Daxildə özümü bakılı sayıram. Halbuki Basqalda olan qohumlarım məndən inciyir. Mən "balkon"da (eyvan) böyüyən basqallıyam və necə deyim oralıyam?! Axı necə deyim mən şamaxalı və ya şuşalıyam, ərdəbilliyəm?! Mənim hər tərəfə qohumluğum çatır. Mən əgər o yerlərin heç birini görməmişəmsə oralı olduğumu necə deyim?! Gözümü açandan Bakını görmüşəm və İçərişəhərdə böyümüşəm. Ata tərəfim Ərdəbildən Saraya köçüb. Anası isə şuşalı olub. Anam Şamaxıdan olub. Hamısı da sonradan gəlib Bakıdan məskunlaşıb.

- Şuşadan söz düşmüşkən, orada olmusunuzmu?

- Xeyir, hələ Şuşada olmamışam. Beş dəfə dəvət almışam, adım siyahıda da olub, lakin müəyyən səbəblərdən getməmişəm. Səbəbini deyə bilmərəm, digərləri məndən inciyər. İstəyim var, bir gün gedəcəyəm. Qoy bir az torpaq soyusun. Fəhlə kimi gedərəm, amma artist kimi getmək istəmirəm.

- Azərbaycanlı aktyor, rejissor, naşir, Əməkdar artist... Hansı sizin üçün ən doğmadır?

- Ata olmaq mənim üçün ən doğmasıdır. Uşaqlarımın tərbiyəsi ilə məşğul olmaq, onları cəmiyyətə sağlam vətəndaş kimi təhvil vermək, savadlı həkim, savadlı memar, ilk növbədə insan kimi təqdim etmək ən ümdə işimdir. Ən böyük vəzifəm ata olmaqdır. Ən çox həzz aldığım peşədir.

- İxtisasınız teatr rejissorluğu üzrə olub. Nə əcəb bu sahədə fəaliyyətinizi davam etdirmədiniz?

- Sizcə, teatrda əmək haqqı nə qədərdir? 250 manatla ailəmi necə dolandıra bilərəm?! Başqa iş də bacarmırdım.

- 1992-ci ildən karikatura çəkirsiniz və bir çox karikaturalarınızı da görürük. Bu maraq necə yarandı? Hansı tanınmış şəxsin karikaturasını yaratmağa daha çox həvəs göstərmisiniz?

- Artıq heç kimin karikaturasını çəkmək istəmirəm. Bundan sonra ümumiyyətlə heç nə çəkmək istəmirəm. Daha karikatura çəkməyəcəm. Bu günə qədər təxminən 400-ə qədər karukatura çəkmişəm, beynəlxalq sərgilərdə iştirak etmişəm. Düzdür, yer tutmamışam, amma iştirak etmişəm. Peşəkar rəssam, karukaturaçı olmasam da sərgidə iştirakımı qəbul ediblər. Deməli, nəsə olub ki, qəbul ediblər. Bəzi kataloqlarda çəkdiklərim çıxıb. Bakıda da 6-7 sərgim olub. Həyatda çox işlərlə məşğul olmaq istəyirəm. Amma karikaturadan, teatrdan, aktyorluqdan, kinodan uzaqlaşıram. Az qalıb və hamısı ilə sağollaşıram. Başqa işlərlə məşğul olacağam.

- Səbəb nədir?

- Artıq yorulmuşam. Yadınızdadırsa illər əvvəl Rusiya dövlət xadimi və siyasətçisi, Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsin ölkə vətəndaşlarının qabağına çıxdı və dedi ki, mən gedirəm, çünki yorulmuşam. Mən də yorulmuşam. Çünki məşğul olduğum işlərin nəticəsi olmadı. Belə çıxdı ki, 30 ildə məşğul olduqlarım çoxunun xoşuna gəlməyib. Bəziləri deyirdi ki, neynəmisən? İndiki nəslin xoşuna gəlmir. Əgər xoş deyilsə, gedin özünüz məşğul olun. Mən yoxam.

- Bir növ üsyan edirsiniz?

- Xeyr, üsyan deyil. Sadəcə sağollaşıram. Məni sevənlər üçün yaxşı işlər edəcəyəm. Vaxtı çatanda deyəcəm.

- İnsanlar sizi "Planet Parni iz Baku" KVN Teatrının aktyoru kimi daha çox sevib və tanıyır. Vaxtı ilə KVN-şik olan Bağırzadə hazırda daha çox nə işlə məşğul olur? Qazancınızı necə təmin edirsiniz?

- Məni tanıyan üç nəsil var. Biri məni "Əsrin çempionu", biri "Planet Parni iz Baku"nun üzvü kimi, indiki nəsil də televizorda üzqırxan kişi kimi tanıyır. Bu da fundamental nəticədir. Əvvəl teatrda çıxış et və sonda yeni nəsil çox da məlumatlı olmasın... Son vaxtlar mənim üçün çox çətindir. Hərdən elə bilirdim ki, ətrafımda olan insanlar Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidin əsərlərini, M.Ə.Sabirin şeirlərini və s. oxuyublar. Sən demə oxumayıblar və dediklərimi başa düşmürlər. Son vaxtlar mənə lap çətindir. İnsanlar eyni dalğada deyil. İnsanlar savad sahibi olmaq və düşünmək istəmirlər, ancaq sadə şeylərlə maraqlanırlar. Mən də bunu bacarmıram və yavaş-yavaş uzaqlaşıram.

Dolanışığıma gəlincə, bunu ancaq yaradacılığımla edirəm. Nə zavodum, nə obyektim, nə də restoranım var. Ancaq intellektual biliyimlə müxtəlif növ tədbirlərin keçirilməsi ilə bağlı layihələr hazırlayıram. Müəyyən məhsulu, yaxud hansısa məkanı reklam edirəm. Hər hansı bayram tədbirlərinin keçirilməsi üçün ssenarilər də yazıram. Qazancım məni qane edir, çünki mənim böyük iddialarım yoxdur. Misal olaraq, bu gün barmağımda olan gümüş üzük Hindistandan gətirilib, şəhərdəki mağazaların birindən 25 manata almışam. Baxıram, elə bilirəm ki, 250 min manatlıq dəyəri var. Çünki mənim barmağımdadır. Misal olaraq, bahalı brilyant qaşlı nəsə taxsam bəlkə də belə xoş olmayacaq.

- 2020-ci ildə koronavirusa yoluxdunuz və çox ağır keçirdiniz. Hətta uzun müddət komada oldunuz. Demək olar ki, dünyaya yenidən gəldiniz. Həmin anları necə xatırlayırsınız?

- Çalışıram ki, həmin anları xatırlamayım. Sadəcə həyata qayıtmağıma görə dua edirəm. Arzulayıram ki, ətrafımda olan say-seçmə dostlarımın canı sağlam olsun. Ölmək qorxulu deyil, ancaq ölüm anını yaşamaq çox dəhşətlidir. Komadan ayılandan sonra bədən üzvlərim işləmirdi. Heç kim xatirimdə deyildi. Elə bilirdim ki, qəzaya düşmüşəm və uzun müddət yatmışam. Nə pul, nə vəzifə, nə iş gözümün qabağına gəlmirdi. Yalnız yataqdan durmağı düşünürdüm ki, evimdə olum, mətbəxdə özümə çay süzüb içim. Koronavirusdan sonra səhhətimdə xeyli problem müşahidə olunur. Xəstəlikdən sonra ciddi yaddaş problemi yaranıb. Bəzən "Planet Parni iz Baku" KVN konsertlərində iştirak etməməyimin səbəbini soruşurlar. Bir çoxu başqa səbəblər səsləndirir, lakin etiraf edim ki, sözün düzü xəstəlikdən sonra mətn yadımda qalmır. Xəstəlik zamanı 26 kiloqram çəki itirmişdim. Bu, arıqlamaq yox, əməlli-başlı düşmək idi. Sonra da çox pis çəki aldım və hazırda həmin artıq çəkilərdən azad olmaq üçün sağlam qidalanmaya keçmişəm.

Hesab edirəm ki, əvvəlki həyatımın hansısa kəffarəsini məhz koronavirusa yoluxub komada qalmaqla ödədim. Allah günahlarımdan keçsin.

- Xəstəxanadan şəkil paylaşılmayana qədər bir çoxları bunu sizin şounuz adlandırırdılar...

- Həmin sözləri deyənlərin özü elə həyatda şoumendirlər. Mən yalnız səhnədə artist ola bilərəm, həyatda kimsə mənim aktyorluğumu görə bilməz. Mən peşəmə görə səhnədə aktyorluq edirəm. Xəstə düşüncəli insanlar sağlamlıqla bağlı şou düzəldilməsini zənn edə bilər. Hətta elə insanlar vardı ki, yazırdılar ECMO aparatı xarab olardı ölərdin. Normal insan belə yazar?! Mən ölümü erməniyə də belə demərəm. Sadəcə səni Allaha tapşırıram deyərəm. Kişi xeylağı heç vaxt qarğış etməz. Həmin qarğışı edən də tanımadığım biridir. Mənlə heç bir ədavəti olmayan biri niyə belə qarğış edə bilər?! Fikirləşmir ki, onun yazdığı mesajı mənim ailə üzvlərim oxuyar və pis olar?!

- Dövlət başçısı İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etdiniz. Bu gün heykəl artıq ucaldılıb. Başqa nə kimi təklifləriniz var?

- Əvvəllər imkanı olanlar şəhərdə məscid inşa etdirirdilər. Son illərdə də tikilir, amma hesab edirəm ki, sayı azdır. Ən çox məscid orta əsrlərdə tikilib. Heyifslənirəm ki, Ağ Şəhər layihəsində məscid yoxdur. İstərdim ki, gələcəkdə həmin ərazidə layiyənin adına uyğun olaraq Ağ Məscid olsun. Həmin məscid də məhz xanımlar üçün nəzərdə tutulsun. Daha bir istəyim odur ki, Şuşada bir meydan yaradılsın, dairə formasasında. Orada xristian, iudaizm və islam dini ilə əlaqəli məscid, kilsə və sinaqoq olsun. Bu da dünyanın mərkəzi kimi götürülsün. Zəvvarlar gəlsin ora, ibadət etsinlər.

- Sosial şəbəkədə çox aktivsiniz. Bəzən çəkdiyiniz qısa videolar insanlar arasında birmənalı qarşılanmır. Çoxu buna irad bildirir. Bu cür mövqelər sizə necə təsir bağışlayır?

- Reaksiyaları İngiltərənin sabiq baş naziri Vinston Çörçil kimi qarşılayıram. O deyirdi ki, mən onun-bunun sözünə qulaq assaydım Çörçil olmazdım. Mən də heç kimə qulaq asmıram, hər zaman Allahla yaşamışam, bundan sonra da yaşayacağam. Hər bir işi görəndə Allaha təvəkkül və zikr edirəm. Nəyisə düz etmirəmsə, Allah da bunun cəzasını mənə verəcək. Mən ki özümü yaxşı tanıyıram və bilirəm ki, pislik etmirəm. Kim dediklərimi, etdiklərimi qəbul etmirsə özü bilər. Mən məsələyə bu prizmadan baxıram. Əgər insanlar şərhsiz yumoru başa düşmürlərsə, mən nə edə bilərəm?! Mən onların yerinə gedib yenidən universitet oxuyum?! Çoxları mənə deyir ki, niyə Azərbaycan dilində yox, rus dilində yazırsınız. Cavab olaraq deyirəm ki, çünki ingilis dilində bilmirəm. İngilis dilində bilsəm o dildə də yazardım. Azərbaycan dili bizim dövlət dilimizdir və hər kəs də öz doğma dilini bilməlidir. Biz dünyaya da çıxmalıyıq axı. Gücüm MDB ölkələrinə çıxmağa çatır. Başqa xarici dil biliklərim də olsa dünya həqiqətlərini daha çox millətə çatdırmış olardım. Erməni ilə mübarizə aparmaq üçün Azərbaycan dilində yazıb özümüz də oxusaq nəticə nə qədər effektiv olar? Əgər erməni dilində biliriksə elə o dildə də yazıb cavablarını verək. Futbol deyil ki, qol vurib nəticə göstərəsən. İzləyicilərimin 80 %-i rusdillidir. Onun 60 %-i də məhz xaricdə yaşayanlardır. Əgər onlar məni başa düşmürsə nəyimə lazımdır? Statuslarımda pis heç nə yazmıram, ancaq ölkəmi tərifləyirəm. Qələbələrdən yazdım, 44 günlük savaşda avtomat tuta bilmədiyimdən yazmaqla mübarizəmi sosial şəbəkələrdə edirdim.

- Sizi hər zaman zarafatcıl görürük. Evdə, yaxınlarınızla da həmin gülərüzlüyünüz, zarafatlılığınız olurmu? Çünki bəzən deyirlər ki, aktyorlar evdə tam ciddi xarakterdə olur.

- Evdə tam ciddi insanam. Hesab edirəm ki, belə biri səhnədə elə zarafatlar edə bilər. Boş-boş süni zarafat edənlər meymunluq etmiş olurlar. Güclü intellektual zarafat edən biri realda ciddi olmalıdır. Ciddi biri olduğunu da sənin ailə üzvlərin və kənarda olanlar görməlidir. Mən artisti və ya meymun deyiləm, sadəcə peşəm və işim üçün rol oynayıram. Səhnədə etdiklərimin heç birini real həyatda etmirəm. Evdə sərt qanunlarım var.

- Övladlarınız hansı sahə üzrə təhsil alır? Ümumiyyətlə, onlarla münasibətiniz necədir?

- Qızım memarlıq ixtisası üzrə, oğlum isə tibb sahəsində təhsil alır. Övladlarımın hər ikisi təhsilini xaricdə davam etdirir. Övladlarımla münasibətim çox yaxşıdır. Babaları, nənələri, valideynlər ziyalı olanda övladlar necə olmalıdır? Savadlı, mütaliə edən gənclərdir. Mən və həyat yoldaşım hər gün kitab oxuyuruq. Uşaqlar da gözlərini açandan evdə kitab oxunub. Qızım da mənim kimi öz-özü ilə məsləhətləşib ağıllı qərar qəbul edə bilir. Əgər lazım olsa, məndən də məsləhət alır. Durduğu yerdə məsləhət verməyi xoşlamıram.

- Sentyabr ayında 50 yaşınız olacaq. Yarım əsr... Bu yaşa qədər yaşadığınız həyatdan razısınızmı?

- Həyatımdan razıyam. Hətta xəstəlikdən sağ çıxdım, hər yerim ağrıyır. Həkimlərimiz məni çox yaxşı müalicə edib, amma reabilitasiyanı pis keçirmişəm. Bu günə kimi də ağrılarım var. Ümumilikdə həyatımdan razıyam. Bundan sonra nə olacaq deyə bilmərəm. Əsil müsəlman heç vaxt Allahdan ölümünü istəməməlidir. Əksinə, dua etməlidir ki, ömrü uzun olsun. Pis olub günah qazanan insan ömrünün uzanmasını ona görə istəməlidir ki, etdiyi səhvləri düzəltsin. Yaxşı insan da yaxşılıqlarını çoxaltmaq üçün ömrünün uzun olmasını istəməlidir. Allaha dua edib arzulayıram ki, mənə möhlət versin günahlarım varsa onları təmizləyim. Çünki mən cənnətə düşmək istəyirəm. Əminəm ki, valideynlərim orada olacaq. Onlar hər zaman düzgün insan olublar. Ona görə də Allaha yalvarıram ki, şərait yarat günahlarımı yuyub və onların yanına düşüm. Onları görəndə hönkür-hönkür ağlayıb qucaqlayım ki, mən sizi peşman etmədim və buradayam. Çalışıram ki, yaxşı əməllər edim. Mən valideynlərimlə görüşmək istəyirəm. Onlar üçün çox darıxmışam.

- 50 illik yubileyinizi təntənəli şəkildə qeyd etmək istəyirsiniz?

- Hər dəfə yubileyin təntənəli şəkildə qeyd etməyin tərəfdarı idim. Koronavirusa yoluxandan sonra başa düşdüm ki, yalnız çox yaxın olub həqiqətən də bağrına basıb qucaqlamaq istədiklərini dəvət etməlisən. Bu insanların da sayı çox azdır. Kimləri ki, özümə yaxın bilirdim, dost hesab edirdim, onlar xəstəlik müddətində ailəmin yanında olmadılar. Onları yubileyə görə dəvət etməyə dəyərmi?! Xəyanəti bağışlamaq olar, amma qucaqlamaq alınmır. Az sayda, amma səmimi olduğum şəxslər yubileyimdə iştirak edəcəklər.

Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman ailəmizə diqqət və qayğı göstərib. Xəstə olduğum müddətdə üç dəfə həyat yoldaşımla telefonla danışıb səhhətimi soruşub. Hətta mənə də komadan ayılandan sonra zəng etmişdi. Prezident İlham Əliyev və Mehriban Əliyevaya mənə və ailəmə göstərdiyi diqqətə görə hər zaman minnətdar olacağam. Komada olduğum müddətdə kim mənə dua etmişdisə hamısının əlindən öpürəm.

- Bəhram Bağırzadə son olaraq onu sevənlərə nə demək istəyir?

- Allahla sağlam düşüncəli və azad olun. Hər bir insan yaşadığı həyatdan həzz alsın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu