Biri var idi, məscidə Füzulinin kitabı ilə gedirdi. Başı uzun gecələrdə həmyaşıdları kimi yumşaq yastıqlarda deyil, Seyid Əzimin, Füzulinin sərt kitablarının üstünə düşüb yuxulayırdı. Biri var idi, 33 yaşında zülmət üfüqlərdə qeyb olan Vüqar Biləcəri...
Paşayev Vüqar Zakir oğlu 1988-ci il avqustun 24-də Biləcəri qəsəbəsində doğulub. Vüqarın təvəllüdü və mənsub olduğu rayonla bağlı çoxuna bəlli olmayan faktlar ondan ibarətdir ki, əslində o, 1988-ci ildə deyil, 1987-ci ildə doğulub. Az sonra toxunacağımız uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü 1 yaş kiçildib. Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir. Atası yük maşını sürücüsüdür.
Vüqarın bir qardaşı və və bir bacısı var. Özü isə ailənin böyük övladıdır.
1993-cü ildə Biləcəri qəsəbəsi, 4 nömrəli – indiki 199 nömrəli məktəbin birinci sinfinə gedib. 12-13 yaşından etibarən Füzulini oxumağa başlayıb. Vüqarı ibadətə gətirən də qəlbindəki sevgi ilə yanaşı, Füzuli yaradıcılığı olub. Hamı məscidə Quranla getdiyi halda, Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş.
Köhnə meyxanaçılardan olan Rauf Binəli deyir ki, Vüqarın böyüdüyü küçədə xalamgilin evi var idi. Bir gün ora gedəndə gördüm ki, uzaqdan bir uşaq gəlir. Köksünə də qalın bir kitabı sıxıb. Soruşdum, ay uşaq, adın nədir, hardan gəlirsən? Dedi, adım Vüqardı, məsciddən gəlirəm. Qucağına sıxdığı kitaba baxanda gördüm ki, Füzulinin kitabıdır. Əylib alnından öpdüm və Vüqarla ilk tanışlığım belə başladı.
Vüqar bir müddət güləşlə məşğul olub. O, bu sahəyə beynəlxalq nailiyyətlərə yüksələcək qədər davam etməsə də, əslində yaxşı güləşçi olub.
Amma ədəbiyyat Vüqar Biləcərinin idmandan və gözünü oxşayan digər bərbəzəkli sahələrdən çəkib, öz sehrinə salıb.
Vüqar məktəbdə bir qıza aşiq olub. Füzulinin məcnun aşiqliq istedadı ilə sevən Vüqarrda həmin xanım ciddi iz qoyub. Qovuşa bilmədiyi həmin qız onun həyatda ilk böyük travması olur.
Elə məktəbdə oxuduğu illərdən əruzə olan marağı onu meyxanaya çəkib.
Ardınca Mədəniyyət və İncəsənət universitetini bitirib. Universitetdə oxuduğu zamanlarda da meyxana onun həyatında əsas rol oynayırdı. Biləcəridə onun və dostlarının meyxana dediyi məşhur bir qaraj var idi. Vüqar Pünhan Əzimli və digər yoldaşları ilə orada uzun müddət meyxana deyib. Vüqarın həmin illərdə universitet, məscid və həmin qarajdan başqa demək olar ki, heç yerə getməyib. Evdə onu dəfələrlə başını Seyid Əzim Şirvaninin, Füzulinin kitablarının üstünə qoyub yatmış halda görüblər.
İlk dəfə “De gəlsin” yarışmasına çıxdıqda hələ yarışmada sms mübarizəsi yox idi. Qalibi münsiflər seçirdi. Vüqar 16 yaşında qatıldığı yarışda finala qədər gəlib çıxır. Yarışmanın münsifləri olan Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu, Mehan Əhmədli Vüqar Biləcərilinin istedadının bənzərsiz olduğunu etiraf etsə də, Vüqar texniki səhvdən, təkrardan, həyəcandan adaşı Vüqar Şiriyevə uduzur.
Vüqar ikinci dəfə də “De gəlsin” layihəsinə çıxır yenə də, özünəməxsus iz qoyur. Onun ikinci layihədə xüsusən də ev tapşırıqları bu gün də meyxanasevərlərin dilindədir.
Həmin illərdə meyxanada daim sanballı sözlərə, fikirlərə üstünlük verdiyindən Vüqarın dediklərini kütlə həzm edə bilmirdi. Kütləviliyə hesablanmış bayağı meyxana demədiyi üçün onu demək olar ki, ətrafından başqa kimsə tanımırdı. Həmkarları deyirdi, Biləcəri də bir oğlan var, Vüqar, adam dahidi! Meyxanaçılar onun haqqında çox yüksək fikirdə olsalar da, məşhur olmadığından toylara dəvət almır və məsələnin madiyyat tərəfi onu sıxırdı. Başqa işlərdə çalışaraq özünü təmin etmək istəyirdi.
Düzdür, həmin ərəfələrdə artıq bütün meyxanaçıların yeni bir rəqibin meydana çıxdığını aydın başa düşürdü. Məsələn, indi təqdim edcəyimiz görüntülərdə 17 yaşlı Vüqar illərin meyxanaçılarına demək olar ki, qan uddurur:
Bir müddət sonra istədiyi uğuru qazana bilmədiyi üçün artıq bu sahədən uzaqlaşmağa qərar verir. Ətrafındakılara da bu barədə danışır. Ona təklif edirlər ki, son dəfə də dostunun toyunda desin və bundan sonra istəməsə, bu sahədən uzaqlaşsın.
Beləliklə, Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə - 22 yaşında isə onun taleyi dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir, bir anda məşhurluğu hər yana yayılır. Xüsusən də həmin toyda Elşən Xəzərlə deyişməsi Vüqar Biləcərini bir anda kütlənin pəncəsinə verir...
Vüqar ömrünün sonuna qədər spirtli içki qəbul etməyib. 25 yaşına qədər isə ümumiyyətlə siqaret belə çəkməyib. Həmin yaşa qədər o hətta meydanlarda, toylarda meyxanaçı yoldaşları çox siqaret çəkib tüstü yaradanda onlara belə etiraz edirmiş.
Oxu24.com
ŞƏRHLƏR