Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70464
az

Qəssabla restoran müdirinin şok alveri: “Salyanda evinə baxanda gördüm ki...”

17:0505 İyun, 2022
236
CƏMİYYƏT
  • A

Bakıda 1958-ci il təvəllüdlü İlyas biznes qurmaq adı ilə Həşimə qarşı dələduzluq edib.

OXU24.COM Teleqraf.com-a istinadən bildirir ki, İlyas Həşimə birgə iş qurmağı təklif edib. Mal-qara qidasını təşkil edən sıxışdırılmış quru yonca bağlamalarının, həmçinin iri və xırda buynuzlu heyvanların alqı-satqısını təşkil edərək əldə olunmuş gəlirdən Həşimə də verəcəyini vəd edib. Ondan ümumilikdə 71 min manat alıb.

İstintaq orqanı tərəfindən İlyasın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İlyas özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər ət dükanı işlədib: "Həşimlə təxminən 7-8 il əvvəl tanış olmuşam. O, daimi olaraq məndən ailəsi, eyni zamanda işlətdiyi Səbail rayon ərazisindəki "Sultan" restoranı üçün ət alırdı. Münasibətlərimiz normal idi".

"Cəmi 6 dəfə pul aldım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin avqust ayında işlədiyi ət dükanı bağlandığı üçün Həşimin yanına gedib: "Mənə bir az pul verməyi xahiş etdim. Özümün həyətyanı sahəmdə heyvan alıb baxa biləcəyimi, əldə olunan qazancla özümü dolandıracağımı, heyvanları satdıqdan sonra isə aldığım pulu qaytaracağımı bildirdim. Həşim təklifimi qəbul etdi.

2017-ci ilin avqust ayında heyvan almaq üçün Həşim mənə 10.000 manat verdi. Həmin pula kökəltmə üçün təxminən 80 baş xırdabuynuzlu heyvan aldım.

Sonra Həşimdən həmin heyvanların yemi üçün 1.500 manat götürdüm. 2017-ci ilin oktyabrında qoyunları satdıqdan sonra Həşimə qazancla birlikdə 13.500 manat verdim. Bu minvalla Həşimdən cəmi 6 dəfə pul aldım, qoyunları satdıqdan sonra Həşimin pulunu qaytardım. Həşimə əlavə olaraq ümumilikdə 15.000 manat qazanc vermişəm".

"Aldığım pulları batırdım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin mayında Həşimdən ot alıb-satmaq, yəni ot alveri etmək üçün 18.500 manat alıb: "Həmin pulu 2018-ci ilin fevralında otu satıb qazancla birlikdə Həşimə qaytarmağı nəzərdə tuturdum. Eyni zamanda 2019-cu ilin yanvarında 50 baş yanı balalı qoyun almaq üçün Həşimdən 15.500 manat aldım. Həmin heyvanları da 2019-cu ilin martında sataraq qazancla birlikdə Həşimin pulunu qaytarmağı planlaşdırdım.

Əlavə olaraq Həşimdən 10 baş iri buynuzlu heyvan almaq üçün 13.100 manat aldım. Hətta aldığım xırda və iri buynuzlu heyvanların fotoşəkillərini mobil telefonla çəkərək Həşimə göndərdim. Artıq heyvanları aldığımı ona isbatlamaq istədim.

Fotoşəkillərdə görünən iribuynuzlu və xırdabuynuzlu heyvanları sonradan satmışam. Lakin sonuncu üç dəfə aldığım 47.100 manatı öz ehtiyaclarıma xərclədiyimdən pulları batırdım. 2019-cu ilin martında Həşim Salyan rayonu, Şorsulu kəndinə bizə gəldi. Aldığım heyvanları göstərməyimi istədi. Mən də ziyanlıq olduğu üçün heyvanları satdığımı dedim. Heç bir heyvan göstərə bilmədim. Həşim pullarını tələb etməyə başladı".

"Aramızda müqavilə bağladıq"

İlyasın bildirdiyinə görə, 2019-cu ilin martından sonra Həşimə ümumilikdə hissə-hissə 11.000 manat qaytarıb: "Mənim Həşimə 36.100 manat borcum qalıb. Həmin pulları alqı-satqı zamanı uduzmuşam, yəni heyvanları baha alıb, ucuz satmışam.

Həşimlə oğlu Fərid yaşadığım Şorsulu kəndində evimə gələn zaman həyətimdə heyvan olmadığı aşkarlandı. Həşimlə müqavilə bağladıq, müqavilədə Həşimə olan borcum 70.000 manat göstərildi. Lakin mənim Həşimə olan borcum 70.000 manat deyil, cəmi 47.100 manat olub. Həmin pulun da 11.000 manatını Həşimə qaytarmışam. Ona 36.100 manat borcum qalıb. Müqaviləni Həşim özü yazdı, mən də imzaladım".

"Adlarını bilmədiyim şəxslər məni təhqir etdilər"

Təqsirləndirilən şəxs qeyd edib ki, ona Həşim və adamları tərəfindən edilən təzyiq nəticəsində kağızın aşağı hissəsində öz xətti ilə Həşimdən 71.000 manat aldığını qeyd edib: "1.000 manat pulu həmin tarixdə Həşimə verdim və bu barədə kağıza yazdım. Etiraf izahatımı da mənə göstərilən təzyiq nəticəsində öz xəttimlə yazdım.

Həşimin işlətdiyi "Sultan" kafesində adlarını bilmədiyim şəxslər məni təhqir edərək, müqavilə və akta imza atmalı olduğumu bildirdilər. Həşimin adını bilmədiyim kiçik oğlu isə mənə "sən ölməlisən, sənin qanın içilməlidir" dedi. Tanımadığım bir şəxs isə mənə "sənin başına güllə vurulmalıdır" söylədi.

Təzyiq edən şəxslərdən qorxduğum üçün qeyd olunan müqavilə və akta imza atmışam. Hazırda tapşırığımla ailə üzvlərim bəzi əmlakları satıb, Həşimin iddia etdiyi bütün məbləği ödəmişik. Mənim Həşimə heç bir borcum qalmayıb".

"Mənim etibarımı qazandı"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Həşimin sözlərinə görə, 2006-cı ildən "Sultan" restoranını işlədir: "İlyası təxminən 7-8 il əvvəl tanımışam. Əvvəllər qəssablıqla məşğul olurdu, ət dükanı vardı. Daimi həm ailəm, həm də restoran üçün ondan ət almışam. Aramızda isti münasibətlər bununla yarandı.

Həmin vaxtlar İlyas mənə Salyan rayonunun Şorsulu kəndində özünə məxsus həyətyanı sahədə xırdabuynuzlu heyvanlara baxdığını dedi. Həyətində çoxlu heyvan saxlayaraq satacağını, mənə də qazanc verə və üç ay ərzində pullarımı qaytara biləcəyini bildirdi. Söhbətə əsasən ona 10.000 manat verdiyim halda, həmin pulun gətirəcəyi xeyirdən mənə əlavə 2.000 manat verməli idi.

İlyasla razılaşdım və əvvəllər bir neçə dəfə 10.000-12.000 manat arası ona pul verdim. İlyas vəd etdiyi tarixlərdə pulu və qalan xeyirdən mənə 2000 manata yaxın pul qaytardı. Bu minvalla mənim etibarımı qazandı".

"2 manata alıb, 4 manata satacağını bildirdi"
Ətraflı

Həşim qeyd edib ki, 2018-ci ildə İlyas ona ot alverində yaxşı pul olduğunu deyib: "Yay aylarında biçin vaxtı otun bir presini 2 manata alıb, qış aylarında 4 manata satacağımızı bildirdi. Məndən birinin qiyməti 2 manat olmaqla 13500 ədəd yonca presi almaq üçün 27.000 manat istədi. Aldığı otu dekabr ayında gələrək həyətlərindən aparacaqlarını söylədi. İlyasla razılaşdım.

İlkin olaraq 2018-ci ilin mayın sonunda "Sultan" restoranının qarşısında özümə məxsus avtomobilin içərisində İlyasa əlbəəl 12.000 manat verdim".

"İlyas "bu qış bir az yaxşı keçməyib" dedi"

Həşim deyib ki, 2018-ci il iyunun əvvəlində yenə də "Sultan" restoranının qarşısında avtomobilinin içərisində İlyasa əlbəəl 15.000 manat verib:

"Bununla da yonca presi almaq məqsədilə İlyasa cəmi 27.000 manat verdim. 2018-ci ilin dekabrında İlyas yanıma gəldi. Ondan pulumu istəyəndə "bu qış bir az yaxşı keçməyib, gözlə, yanvar ayında ot bahalaşsın, satıb pulunu verəcəm" dedi.

2019-cu ilin yanvarında isə İlyas işlərin müsbətə doğru dəyişdiyini, fevralın 15-nə qədər pulumun hamısını qaytaracağını bildirdi. Həmçinin qonşuluğunda adını demədiyi bir nəfərin 10 baş yanı balalı iribuynuzlu heyvanının olduğunu, satmaq istədiyini, ümumilikdə 23.000 manat məbləğində pulla həmin heyvanları almağı mənə təklif etdi.

İlyasın deməsinə görə 10 baş ana inəyin birinin dəyəri 1.800 manat, 10 baş buzovun isə birinin qiyməti 500 manat idi. İlyasın verdiyi vədə görə 2019-cu ilin iyun ayında heyvanları satmalı, verdiyim puldan əlavə mənə təxminən 15.000 manat qaytarmalı idi. Bu iş üçün İlyas məndən 23.000 manat istədi.

2018-ci il dekabrın sonunda bu məbləği "Sultan" restoranının qarşısında avtomobilin içərisində İlyasa verdim. Tanışım Qurban Şaxtaxtinski də yanımda idi, İlyas isə tək idi".

"Narahat olmamağı məsləhət bildi"

Həşimin ifadəsinə görə, İlyas 2019-cu ildə də onunla görüşüb: "Mənə qonşuluğunda adını çəkmədiyi bir nəfərdə ümumilikdə 21.000 manat dəyərində satılıq 100 baş qoyun və 90 baş quzu olduğunu dedi. İlyasın deməsinə görə, ana qoyunun hər biri 138 manat, 90 baş quzunun hər birinin qiyməti isə 80 manat idi.

İlyasın məqsədi məndən 21.000 manat pul götürüb, həmin heyvanları alaraq kökəltdikdən sonra satmaq və qazancla birlikdə pulumu qaytarmaq idi.

2019-cu ildə İlyasa işlədiyim "Sultan" restoranının qarşısında avtomobilimin içərisində həmin iş üçün 21.000 manat verdim.

Daha sonra İlyasa zəng vurdum, heyvanları alıb-almadığını soruşdum. O, heyvanları aldığını bildirdi. "Heyvanları almısansa, fotoşəkillərini çəkib, mənə yolla" dedim. İlyas da xeyli sayda iri və xırda buynuzlu heyvanlarınn fotoşəkillərini mənə yolladı. Həmin heyvanların ona məxsus olduğunu bildirdi.

2019-cu ilin fevralında İlyas mənə otla bağlı pulu verməli olduğu halda, vermədiyindən onu Bakıya çağırdım, pulu nə üçün vermədiyini soruşdum. İlyas otun bir az ağır satıldığını, qonşusunun otu Cəlilabada apardığını dedi, narahat olmamağı məsləhət bildi.

İlyasdan heyvanlarla maraqlandım, 190 baş xırdabuynuzlu, 20 baş isə iribuynuzlu heyvan alaraq həyətyanı sahəsində saxladığını dedi".

"Müxtəlif bəhanələr gətirdi"

Həşimin sözlərinə görə, 2019-cu ilin fevralında, xatırlamadığı günlərin birində oğlu ilə birlikdə İlyasın yaşadığı Salyan rayonunun Şorsulu kəndinə gedib: "İlyasa zəng vuraraq kəndin içində onunla görüşdüm. Ona heyvanlara baxmaq üçün gəldiyimi dedim.

İlyas əvvəlcə heyvanların otlaqda olduğunu bildirsə də, sonra heyvanları satdığını bildirdi. İlyasdan pullarımı istədim, oğlumla birlikdə onun yaşadığı evə getdim. İlyasın ailə üzvləri həyətdə çox sayda heyvan olmadığını bildirdilər. Həmçinin heyvan və ot tayalarının olmadığını da gözümüzlə gördük.

İlyasın məni aldatdığı, pulları heyvan almaq adı ilə alsa da, heç bir heyvan almadığı məlum oldu. O, yaşadığı evdə, ailə üzvlərinin yanında pullarımı qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələr gətirdi. Məcbur olaraq yuxarı instansiyalara bu barədə ərizə ilə müraciət etdim".

"İlyası heç kim hədələməyib, qorxutmayıb"

Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, cinayət işi başlananadək İlyasa vermiş olduğu 71.000 manat puldan cəmi 1000 manat alıb: "Mənə 70.000 manat borcu qalmışdı. Cinayət işinin materiallarına əlavə edilmiş, "razılaşma aktı" adlı əlyazmanın aşağı hissəsində, qarşısında imza çəkilmiş "24.02.19, bir min manat qaytardım, bir min manat aldım" sözlərini onun özü yazıb və qarşısındakı imza ona aididir.

Salyandan Bakı şəhərinə qayıtdıqdan sonra İlyası işlədiyim "Sultan" restoranına çağırdım və orada mənim tərtib etdiyim aktla, müqavilə ilə tanış olduqdan sonra öz xətti ilə izahat yazdı. Məndən heyavanların və ot tayasından ötrü aldığı 70.000 manatdan aramızda olan razılaşmaya görə ilkin olaraq 40.0600 manatını 2019-cu ilin göstərdiyi aylarda, qalanını isə ondan sonra qaytaracağını öz imzası və əl barmaq izi ilə təsdiq etdi. "Sultan" kafesində İlyası heç kim təhqir etməyib, sənədə imza atması üçün məcbur edilməyib. Onu heç kəs qorxutmayıb, hədələməyib və təzyiq göstərməyib".

Həşim ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilib, barışıq əldə ediblər. O, İlyasdan şikayətçi olmadığını deyib.

İlyasın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 4 il 10 ay 10 gün müddətinə şərti cəza təyin olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? -YENİLƏNDİ
“Bizə Azərbaycanla müharibə qətiyyən lazım deyil" - Paşinyan
Noyabrda ən çox yağıntı hansı ərazilərə düşüb?

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib