Dünya Bankı (DB) Xəzər dənizinin Azərbaycan sektorunda külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsini hazırlayıb.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bunu Dünya Bankının (DB) bərpa olunan enerji üzrə baş mütəxəssisi Şon Uittaker Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
"Bu xəritədə, həmçinin, küləyin sürəti və elektrik enerjisi istehsalının proqnozu, daşınma imkanları və bir sıra digər meyarlar haqqında məlumatlar əks olunub", - deyə o bildirib.
Mütəxəssis vurğulayıb ki, bundan sonra infrastrukturun modernləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində işlər görülməlidir.
Ş.Uittaker qeyd edib ki, Azərbaycanın külək enerjisi istehsal gücü 157 giqavatt səviyyəsində qiymətləndirilir.
Onun sözlərinə görə, külək stansiyalarının layihələndirilməsi, quraşdırılması və istismarı prosesi çox mürəkkəbdir, lakin yol xəritəsində dənizdə külək enerjisinin potensialını reallaşdırmaq üçün görülməli olan tədbirlər öz əksini tapıb.
Oxu24.com
ŞƏRHLƏR