Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmə prosesində F.Laçının vəkili Türkel Süleymanlı da çıxış edib.
Yenicag.az-a açıqlama verən vəkil Fədayə və “Qoca” ilə bağlı maraqlı fakt da açıqlayıb:
“Cinayət işinin içində heç bir maddi sübut yoxdur. Hər bir şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Prokuror hesab edir ki, Fədayə xanım cinayət törədib. Lap törədibsə də, ola bilsin ki, psixoloji təsir altında törədib. Çünki Etibar Məmmədov (Qoca) çox təhlükəli adam olub. Xüsusi təhlükəli cinayətkardır. Bunu prokuror özü də deyib. Elə bir adamın xahişini yerə salmaq nəinki qadın üçün, elə kişi üçün də çətindir. Lap mehriban şəkildə bunu ondan istəsə də, bu xahişi yerinə yetirməmək mümkünsüzdür. Hər adamın gücü çatmazdı ki, bu xahişdən imtina etsin. Fədayə özü cinayət qurbanıdır. Fədayənin “Qoca”ya açar verməsi barədə ifadəsi var. Belə bir açar istifadə olunub, ya olunmayıb, ortada sübut yoxdur. Açar tapılmayıb axı. Bəlkə “Qoca” başqa açarla pəncərəni açıb”.
T.Süleymanlı “Qoca”nın qaçmazdan öncə Fədayə Laçına mesajlar yazdığını deyib:
“Bir ay ərzində “Qoca” dəfələrlə Fədayəyə zəng edib, mesajlar yazıb. “Nə oldu, dost deyilik? Bir xahiş etdim, sözümü yerə saldın”- bu tip mesajlar var. O, Fədayəni qorxutmayıb, söyüş söyməyib, amma psixi təsir edir. İstənilən insan belə adamla ünsiyyətdə olsa, qorxar, o da ola qadın”. Oxu24.com
ŞƏRHLƏR