Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.
DTX-nin İctimai əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, and içənlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev də olub.
DTX-nin N saylı hərbi hissəsində gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunan növbəti təntənəli tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.
Sonra döyüş bayrağı sıra meydanına gətirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib.
Daha sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içiblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Ali Baş Komandan İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edib, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışan general-polkovnik Mədət Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində regionun lider dövləti olan Azərbaycan uğurla inkişaf edir, sarsılmaz xalq-iqtidar birliyi sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, təhlükəsizlik təmin olunur. Qarşıda Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən Mədət Quliyev vurğulayıb ki, bu məsələdə hər bir Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan əsgəri üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borcludur.
Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər respublikanın müdafiə qabiliyyətini durmadan möhkəmləndirir, Silahlı Qüvvələrin hərbi-texniki potensialını gücləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bütün bunlar dövlət səviyyəsində ordu quruculuğunda aparılan məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizdə gənclər arasında hərbi-vətənpərvərlik ruhu da çox yüksəkdir. Müasir Azərbaycan Ordusunda xidmətləri ilə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.
Andiçmədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçiblər. Oxu24.com
ŞƏRHLƏR