Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68911
az

Savaş Rusiya ərazilərinə keçirilir: Ukraynaya Kremli vuracaq silahlar verilir

23:4728 Aprel, 2022
965
DÜNYA
  • A

Rusiyanın Ukrayna üzərində qələbə münasibətilə gələn ay Moskvada hərbi parad keçirtmək planları artıq reallıqdan uzaqlaşır; Əksinə, iyun ayının sonlarına doğru Rusiya hücum edən dövlətdən müdafiə olunan ölkəyə çevrilə, Krıma və Donbasa nəzarəti tamamilə itirə bilər…
 

Ukrayna savaşı ətrafında hərbi-siyasi situasiya böyük sürətlə dəyişməkdə davam edir. Artıq savaşın birbaşa iştirakçılarının – Ukrayna və Rusiyanın mövqelərində də ciddi dəyişikliklər müşahidə olunur. Və bu, Ukrayna savaşında dönüş nöqtəsinin yaxınlaşmaqda olmasından xəbər verir.

Məsələ ondadır ki, savaşın ilk həftələrində Ukrayna prezidenti Volodimir Zelenski israrla atəşkəsdən, sülh danışıqlarından və Kreml sahibi Vladimir Putinlə ikitərəfli görüşün vacibliyindən danışırdı. Ancaq indi rəsmi Kiyev öz mövqeyini ciddi şəkildə dəyişib. Prezident V.Zelenski artıq əvvəlki kimi sülh danışıqlarına can atmır. Əksinə, indi Krım yarımadası və Donbas da daxil olmaqla, Ukrayna ərazisinin Rusiya işğalından tamamilə azad edilməsi əsas hədəf kimi gündəmə gətirilib.

Maraqlıdır ki, hazırda Rusiya və Ukrayna prezidentləri arasında rolların dəyişməkdə olduğu da qətiyyən diqqətdən yayınmır. Belə ki, indi sülh danışıqları rəsmi Kiyevin deyil, məhz Rusiya prezidenti V.Putinin gündəm mövzudur. Kreml sahibi savaşın dayandırılmasının mümkün yollarını indi daha israrla axtarmağa başlayıb. Üstəlik, rəsmi Kiyevi və Ukraynanı dəstəkləyən Rusiya əleyhinə beynəlxalq koalisiyanı sülh danışıqları prosesini pozmaqda suçlayır.

Belə anlaşılır ki, Ukrayna savaşı uzandıqca zəifləyən Rusiyanın bu müharibədən Krım yarımadası və Donbasa nəzarəti də itirərək, çıxa biləcəyini artıq Kremldə də anlamağa başlayıblar. Ona görə də, Kreml indi artıq tələsir, rəsmi Kiyevi Rusiyanın maraqlarına uyğun məzmunda sülh sazişinə məcbur etməyə can atır. Halbuki, Rusiyanın zəiflədiyini hiss edən və Ukraynanın qalib gələ biləcəyinə inanmağa başlayan rəsmi Kiyev Kreml sülh danışıqları ilə bağlı çağırışlarına etinasız yanaşır.

5937898f-81b6-40ba-aca3-555654803559.jpg (265 KB)

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının başladığı ilk günlərdə vəziyyətin belə köklü şəkildə dəyişə biləcəyinə heç kim inanmazdı. Hətta indi məlum olur ki, Rusiyanın hərbi təcavüzünün ilk saatlarında ABŞ və Qərb rəsmi Kiyevdən “heç olmasa, üç gün müqavimət göstərin” xahişini edib. Artıq ABŞ və Qərbin də Ukrayna savaşına yanaşma tərzi də ciddi şəkildə dəyişib. Rusiyanın hərbi aqressiyasına tab gətirən Ukraynaya təşəkkür etməklə yanaşı, ABŞ və Qərb Ukraynanın silahlandırılması prosesində də növbəti mərhələyə start verib. Belə ki, son vaxtlara qədər Ukraynaya özünümüdafiə edə biləcəyi silahlar göndərilirdi. İndi isə Ukraynaya Rusiya üzərində hərbi qələbəni təmin edə biləcək hücum silahları göndərilir.

ABŞ və Qərb hazırda Rusiyanın savaşda məğlubiyyətini təmin edə biləcək hərbi taktika və strategiya üzərində işləməyə başlayıb. Bu taktikanın əsas hədəfi Ukrayna savaşının aylarla, hətta mümkün olarsa, illərlə uzadılmasından ibarətdir. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss isə Ukrayna savaşının beş il, hətta on il davam edə biləcəyini bəyan edib. Onun fikrincə, kollektiv Qərb Rusiya qoşunlarının Ukraynadan, o cümlədən, Krım və Donbassdan tamamilə çıxarılmasına şərait yaratmalıdır. Bu məqsədlə də Ukraynaya hərbi və humanitar yardımları ikiqat artırmalıdır. Britaniyalı diplomat əmindir ki, Ukraynanın hərbi qələbəsi hər kəsdən çox Avropaya lazımdır. Çünki, əgər Rusiya savaşı qazanarsa, bu, Avropa üçün misilsiz iztirablara və bütün dünya üçün dəhşətli nəticələrə səbəb ola bilər.

Maraqlıdır ki, Pentaqonun şefi Lloyd Ostin britaniyalı diplomatın mövqeyini birmənalı şəkildə dəstəkləyir. O, bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstək üçün hər şeyə - hətta “yeri-göyü tərpətməyə” belə, hazırdır. Onun fikrincə, həm rəsmi Kiyev, həm də Rusiyanın imperialist aqressiyasına qarşı mübarizə aparan kollektiv Qərb Ukraynanın hərbi qələbəsinə inanır. ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays isə Ukraynanın qələbə qazanmasına çalışdıqlarını qətiyyən gizlətməyib.

Təbii ki, ABŞ və müttəfiqləri Ukraynanın yalnız müdafiə olunmaqla, qalib gələ bilməyəcəyini də anlamamış deyillər. Ona görə də, kollektiv Qərb indi daha çox Ukrayna ordusunu əks hücum əməliyyatlarına hazırlamağa çalışır. Əsas hədəf isə Ukrayna ordusunu müdafiədən hücum mərhəsləsinə keçirtməklə, savaşın Rusiya ərazisinə sıçradılması ilə bağlıdır. Hətta ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsi barədə Ukrayna özü qərar verməlidir: “Rusiya Ukrayna ərazilərini işğal edib. Bunun qarşılığında Ukraynanın da Rusiya ərazilərindəki hərbi obyektlərə zərbə endirmək hüququ var”.

ffc02c4dcc701ccd2492e7e2cc7c4a5c.jpg (295 KB)

Böyük Britaniyanın baş naziri Boris Consonun mövqeyi isə daha açıq və birbaşa xarakter daşıyır. Onun fikrincə, Ukrayna Böyük Britaniyanın ona verdiyi hücum silahları ilə Rusiya ərazisindəki hədəfləri vura bilər. Daha əvvəl isə Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi də bildirmişdi ki, Ukraynanın Rusiyaya hücum etməsi beynəlxalq hüquqa görə, tamamilə legitimdir. 

Əslində, rəsmi Kiyev artıq ABŞ və Böyük Britaniyanın savaşı Rusiya ərazilərinə keçirtməklə bağlı dolayısı, bəzən isə açıq məzmun daşıyan çağırışlarını ciddiyə almağa başlayıb. Hər halda, Rusiyanın savaş bölgəsinə yaxın Bryansk şəhərində yanacaq anbarlarına zərbə endirilmişdi. Bunun ardınca isə Belqorod və Voronej vilayətlərindəki silah anbarları da hədəfə alındı.

Onu da qeyd edək ki, yaxın vaxtlarda Ukrayna ordusunun Rusiya ərazilərinə zərbələrinin intensivləşəcəyi ehtimal olunur. Çünki, Ukrayna ordusu belə hərbi zərbələr üçün nəzərdə tutulan silah sistemlərini almağa başlayıb. Və bu, Ukraynanın hücum silahları ilə bağlı Rusiya qarşısında üstünlüyünü təmin edə bilər. Çünki NATO-ya aid hücum silahları dəqiqliyinə və dağıdıcı gücünə görə Rusiyadakı analoqlarından daha üstündür. Hətta Ukrayna ordusunun hücum əməliyyatlarını qarşısıalınmaz etmək məqsədilə ona Moskvaya ucub, zərbə endirdikdən sonra geri qayıtmaq imkanında olan PUA-ların verildiyi barədə də məlumatlar mövcuddur.

cdb8440d-c1cd-45fa-9dc8-d4cc791a8a8f.jpg (233 KB)

Ona görə də, Qərb hərbi ekspertləri prezident V.Putinin 9 may tarixində Ukrayna üzərində qələbə münasibətilə hərbi paradı keçirtmək niyyətinin baş tutmayacağına əmindirlər. Onların fikrincə, may ayının ikinci yarısından etibarən Ukrayna savaşında ciddi dönüş baş verməyə başlayacaq. Savaş Rusiya ərazisinə keçirilmiş olacaq. Rusiya hücum edən ölkədən müdafiə olunan tərəfə çevriləcək.

Rəsmi Kiyev də son açıqlamaları ilə belə bir savaş ssenarisinin mümkün ola biləcəyini təsdiqləyib. Əsas səbəbsə, ondan ibarətdir ki, may ayının sonlarına doğru Ukrayna savaş meydanında qüvvələr nisbətinə dəyişə biləcəyi sayda hücum silahları ilə təchiz ediləcək. Ancaq rəsmi Kiyev Ukrayna ordusunun hücum əməliyyatlarının iyunun sonu, iyulun əvvəllərinə təsadüf edəcəyinə də eyham vurub.

Göründüyü kimi, Rusiya üçün savaş heç də ümidverici nəticələr vəd etmir. Əksinə, Ukrayna artıq öz hərbi qələbəsinə inanmış durumdadır, müdafiədən hüçuma keçməyə hazırlaşır. Bu isə o deməkdir ki, Ukrayna savaşının tezliklə Rusiya ərazilərinə keçirilə biləcəyi artıq tamamilə realdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əraqçi Tehranın mesajını Bəşər Əsədə çatdırdı
Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Qərbin Tbilisi planı: "rəngli inqilab", manipulyasiya, yalan

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin