İsraildə raketləri və PUA-ları lazer vasitəsilə zərərsizləşdirən “Dəmir Şüa” (Iron Beam) sisteminin sınaqları uğurla başa çatıb.
Oxu24.com xəbər verir ki, bu sistemi İsrailin dünyaca məşhur “Rafael Advanced Defense Systems” şirkəti yaradıb. Qeyd edək ki, “Dəmir qübbə” (Iron Dome) HHM kompleksi də həmin firmanın məhsuludur.
“Dəmir Şüa” sistemi “Dəmir Qübbə”nin, yaxud İsrailin digər məşhur HHM kompleksi olan “Davud Qalxanı”nın (David's Sling), eləcə də “Spyder” mobil qurğularının alternativi deyil, əksinə, onları tamamlamaq üçün nəzərdə tutulub. O, kiçik hədəfləri, minomyot mərmilərini zərərsizləşdirməyə xidmət edəcək. Daha böyük hədəflər isə raketlərlə atəş açan və işi baha başa gələn HHM sistemlərinin öhdəsində qalmaqda davam edir.
AzVision.az “The Times of Israel”ə istinadla xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin araşdırmalar və ixtiralar şöbəsinin rəhbəri, general Yaniv Rotem (Yaniv Rotem) “Dəmir Şüa” mürəkkəb vəziyyətlərdə uğurla sınaqdan çıxdığını təsdiqləyib. “Bu sahədə lazerin tətbiqi oyun qaydalarını dəyişəcək”,- deyə general bildirib.
İsrail “Iron Beam” sisteminin texniki göstəricilərini (məsələn, lazerin gücünü) tam açıqlamır. Amma çatışmazlığını etiraf edir: buludlu hava və pis görmə şəraitində bu silah effektli olmaya bilər. Ona görə də, qurğunun təyyarərlərin üzərində quraşdırılan versiyası da hazırlanacaq
Yada salaq ki, ötən il baş tutan 11 günlük müharibə zamanı Qəzza sektorundan İsrailə 4000-dən çox raket və mərmi atılmışdı. Bu təhlükələrə qarşı İsrail hava hücumundan çoxsəviyyəli müdafiə sistemi ilə qorunur: yaxın məsafəli “Dəmir Qübbə”, orta məsafəli “David Qalxanı” və uzaq məsafəli “Ox”, “Patriot”. İndi “Dəmir Şüa” bu sistemə xırda hədəflərdən müdafiə qatı da əlavə edəcək.
Tariyel Həsənov
AzVision.az
ŞƏRHLƏR