ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana qarşı sanksiyalarla bağlı açıqlama verib.
Oxu24.com Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Pompeo Türkiyənin də içərisində olduğu 8 ölkənin embarqodan azad ediləcəyini açıqlayıb.
O, bildirib ki, İrana qarşı sanksiyalar bu gün sürətləndiriləcək: "Burada diqqət edilməsi lazım olan bir şey var. İrana sanksiyalar davam edəcək və cəzalar da olacaq. İranla iş görmək pis nəticələr doğuracaq. Bəzi ölkələrə sərbəstlik verdik. Bunlar Çin, Hindistan, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır".
"Həqiqətləri ortaya qoymaq lazımdır. ABŞ nüvə müqaviləsinə daxil olduqdan sonra İran regiondakı təzyiqini artırıb. Atdığımız addımlarla İranın üzərindəki təzyiqin istədiyimiz nəticəyə nail olacağını və İranın risk çoxaldıcı bir faktor olmasına mane olacağını düşünürük" - deyə dövlət katibi deyib.
"ABŞ 50 İran bankı və 700-dən çox iranlını sanksiya siyahısına salıb. ABŞ İran Hava Yolları və 65 təyyarəni də sanksiya siyahısına daxil edib" - deyə o əlavə edib.
ABŞ maliyyə naziri Mnuchin deyib ki, 400-dən çox şirkət enerji və gəmiçilik sektorunda hədəfə alınıb. 250 nəfər sanksiya siyahısına salınıb. Bu günə qədər görünməmiş sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini nəzərdə tutan 6 maddəni açıqlayıb.
Cari il may ayında İranla bağlanan sazişdən imtina edən ABŞ prezidenti Donald Tramp İrana qarşı iki mərhələli sanksiyalara başlayacaqları bəyan etmişdi.
90 günü nəzərdə tutan ilkin mərhələnin başa çatmasından sonra bu gün 180 günlük sanksiyalara start verilib. 6 maddəni özündə ehtiva edən sanksiyalar İranın liman operatorları, gəmiçilik, gəmi inşaatı sektorlarını, neft sektorunu əhatə edir.
Neftlə bağlı sanksiyaları nəzərdə tutan ikinci maddə başqa ölkələrin beynəlxalq səviyyədə İrandan neft alınmasının məhdudlaşdırılması haqqındadır. Digər maddə isə beynəlxalq maliyyə şirkətlərinin İranın Mərkəzi Bankı və müəyyən maliyyə şirkətləri ilə əməkdaşlığı barəsindədir. Sanksiyaların 5-ci və 6-cı maddələrində sığorta şirkətləri vasitəsi ilə İranın enerji sektorunda müəyyən məhdudiyyətlərin yaradılması nəzərdə tutulur.
Britaniya mediasının yaydığı məlumata görə, ötən gün yeni sanksiyaların tətbiqi ilə əlaqədar minlərlə iranlı "Amerikaya ölüm" şüarı ilə küçələrə çıxıb. Onlar ABŞ-la danışıqlardan birmənalı olaraq imtina edilməsini tələb ediblər.
Bundan başqa, sanksiyaların ikinci mərhələsinə start verilməsi ilə əlaqədar olaraq ötən gün İran hərbi qüvvələri güc nümayişi məqsədilə hərbi təlimlərə start verib. Oxu24.com
ŞƏRHLƏR