Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
671
az

Sərkisyanın başı dərddə - xalq “yox” deyir, parlament mühasirəyə alınır...

09:4716 Aprel, 2018
1240
SİYASƏT
  • A

 “Qarabağ klanı”nın yeni “srok” üçün hakimiyyət davası; Ermənistanda eks-prezidentin baş nazirliyi əleyhinə etirazlar güclənir; İrəvanda nümayişçilər düşərgə salıblar; baş nazir dəyişikliyi rejim dəyişikliyinə gətirə bilər, əgər...; erməni politoloqlardan qarşıdurma xəbərdarlıqları...

Sabah - aprelin 17-si Ermənistan üçün kritik gün ola bilər. Həmin gün parlamentin fövqəladə iclasında yeni baş nazirin seçkisi üzrə səsvermə nəzərdə tutulub. Seçkidən sonra ölkə parlamentli üsul-idarəyə keçəcək, hökuməti və onun başında duracaq şəxs Ermənistanda əsas səlahiyyət və söz sahibinə çevriləcək. Baş nazirliyə əsas iddiaçı isə prezidentlik müddəti təzəcə bitən Serj Sərkisyan sayılır.
Artıq hakim Respublikaçılar Partiyasının ötən şənbə keçirilən iclasında Sərkisyanın namizədliyi rəsmən irəli sürülüb. Nəzərə alsaq ki, parlamentdə çoxluq iqtidar partiyasının tərəfindədir, o zaman səsvermənin nəticəsini proqnozlaşdırmaq çətin olmaz.
*****
Bir çox şərhçilər sabahkı təyinatı ölkədə Serj Sərkisyanın müddətsiz hakimiyyəti yönündə həlledici addım hesab edirlər. Siyasi opponentlər və ekspert ictimaiyyəti Sərkisyanı üstəlik, bu məqsədlə özü haqda ölkədə əvəzolunmazlıq mifi yaratmaqda və şəxsiyyətə pərəstiş mühitini bərqərar eləməkdə günahlandırılırlar. Erməni diasporu da Qarabağ kökənli S.Sərkisyanın və onun 20 ildir iqtidarda olan klanının daha 5 il hakimiyyətdə qalmasına qarşıdır.

Ermənistanda baş nazir seçkisi öncəsi daxili ictimai-siyasi situasiyanı diktə və müəyyən edən əsas şərtlər hazırda bunlardır. Gözlənilir ki, bu gün - səsverməyə bir gün qalmış siyasi emosiyalar daha da qızışacaq. Artıq ötən həftədən etibarən ölkədə ömürlük hakimiyyət planlarına qarşı etiraz aksiyaları başlayıb və paytaxt İrəvan da daxil, günbəgün böyüyür. Həftəsonu və dünən - bazar günü də İrəvanın mərkəzində, Azadlıq meydanında Sərkisyanın baş nazirliyinə etiraz mitinqləri keçirilib. İctimai Radionun redaksiyası ələ keçirilib (az sonra bina tərk edilib).

Aksiyalar Vətəndaş Müqaviləsi Partiyası (VMP) tərəfindən təşkil olunub. VMP siyasi şurasının üzvü, parlamentdəki “Yelk” (“Çıxış”) blokunun rəhbəri Nikol Paşinyan iki həftə müddətində 214 km-lik yürüşdən sonra tərəfdarları ilə birgə paytaxtdakı mitinqə qatılıb. Etirazçılar Sərkisyanın hakimiyyəti dönəmində ölkədə bütün sahələr üzrə böhranın dərinləşdiyini, miqrasiyanın sürətləndiyini, əhalinin sayının azaldığını, işsizliyin isə artdığını xüsusi qeyd edərək, onun hakimiyyətdə qalmağa haqqı olmadığını bildirirlər. Müxalifətçilər bəyan ediblər ki, aprel 17-də parlamentin binasını mühasirəyə alaraq, deputatlara Serj Sərkisyanın baş nazir postuna səsvermədə iştirak etməyə imkan verməyəcəklər.
*****

Beləcə, işğalçı ölkədə hadisələr kulminasiya nöqtəsinə doğru inkişaf edir. Serj Sərkisyanın əlində hazırda rəsmi səlahiyyət olmasa da, şübhə yox ki, o, iş başında olan köhnə komandasına vəziyyətə nəzarəti saxlamaq üçün pərdə arxasından “müvafiq göstərişlər” verir, vəziyyəti şəxsi nəzarətində saxlamağa çalışır. Hər halda, ilk dəfə deyil ki, “Qarabağ klanı”, Sərkisyan hakimiyyətlə bağlı sınağa çəkilir.
Yada salaq ki, 2008-ci ilin martın 1-də o, 8 nümayişçini güllələməklə, yəni zorakı yolla və saxta seçki nəticəsində prezident kürsüsünü ələ keçirmişdi. 10 il sonra təzədən başı dərddə olan Serj Sərkisyan eyni taktikanımı seçəcək, yoxsa? Bunu sabah görəcəyik...
Bu arada mitinqçilər paytaxt İrəvanda oturaq aksiyaya qərar veriblər və “Fransa meydanı”nda çadırlar qurublar. Müxalifətçi deputat, aksiyaların təşkilatçısı Nikol Paşinyan bildirib ki, əgər aksiya iştirakçılarının sayı “Qapalı bazar”a qədər genişlənərsə, hakimiyyətin dəyişəcəyinə zəmanət verib.
Şübhəsiz ki, prosesləri Ermənistanın şəriksiz yiyəsi Rusiyada diqqətlə izləyirlər. Buna da şübhə yox ki, Moskvanın xeyir-duası olmasa, Sərksiyan baş nazirliyə getməz. Elə indiki baş nazir Karen Karapetyan həmin postu tutar. Bu mənada Kremlin “dobro”su həm də 10 il öncəki kimi sabiq prezidentə xalqa qarşı zorakılıq etmək mandatı vermək anlamına gəlir. Buna lüzum olarsa, yəqin ki, Sərksiyan güc tətbiqində tərəddüd etməyəcək.
*****
“Bu gün ölkədə yeganə problem etimad qıtlığıdır. Bütövlükdə bizim cəmiyyətin xarakteri belədir ki, əsas kritik kütlə yalnız son günlər etirazlara qatılır. Hakimiyyət isə cəmiyyətin tələblərinə qarşı heç bir addım atmaq istəmir, yalnızca qələbə və uğurlardan danışırlar. Ancaq kütləvi köç olan ölkədə hansı uğurlardan danışmaq olar? Hakimiyyət imitasiya ilə məşğul olmalı deyildi, geniş islahatlar proqramı ilə çıxış etməli idi”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri paytaxtdakı etiraz aksiyalarını şərh edən politoloq Levon Şirinyan  1in.am portalına açıqlamasında deyib. Onun sözlərinə görə, ölkədə böyük etiraz dalğası qalxa bilər: “Lakin nəticə nə olacaq, bunu söyləmək çətindir. Yaxşı olar ki, hakimiyyət prosesdən düzgün nəticə çıxarsın. Onlar (iqtidardakılar - red.) özlərini elə aparırlar ki, guya hər şey yaxşıdır. Ancaq insanların güzəranı əsla yaxşı deyil. Belə ölkələrdə ordu da öz sözünü deməlidir. Bütün hallarda xalqı əldən salan böhranı önləmək gərəkdir. Hökumətin dediyi uğurlar onların özlərinə aiddir, xalqa yox”.
Öz növbəsində adı çəkilən erməni nəşrin siyasi yazarı Aram Amatuni diqqəti Sərkisyanın yeni vəzifəyə gəlişinin güclü ictimai etirazla müşayiət olunmasına yönəldərək yazır: “Bu etirazlar kifayət qədər kütləvi olacaqmı? Hələlik aydın deyil. Ancaq bir sıra təşəbbüsçü qüvvələr təkcə mitinq deyil, həm də başqa hərəkətlər - küçələrin bağlanması, parlament binasının mühasirəyə alınması və s. vəd edir. Əlbəttə ki, bütün bunların Serj Sərkisyanın baş nazirliyinin önlənməsi məsələsində effektliliyi etirazçıların sayından asılıdır. Ancaq təkcə bundan da asılı deyil. İstənilən halda, qarşıdurma, fors-major situasiya ehtimalı böyükdür. Bu isə şübhəsiz ki, daha böyük gözlənilməzliklərə gətirə bilər”.
Erməni şərhçiyə görə, geniş planda götürdükdə S.Sərkisyan seçim qarşısındadır.
*****
Bəs bu seçimi Serj Sərkisyan kimin xeyrinə edəcək - təmsil elədiyi “Qarabağ klanı”nın, “müharibə partiyası”nın, yoxsa Qarabağ problemindən və blokada rejimindən bezən, 30 ildir normal, rifahda yaşamaq həsrətində olan erməni xalqının?
1 gün də gözləyək...  
“Yeni Müsavat”ın analitik xidməti Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi