Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64523
az

Mismarından taxtasına qədər bahalaşan bazar – ARAŞDIRMA

19:4830 Yanvar, 2022
292
İQTİSADİYYAT
  • A

Mütəxəssislər deyir ki, tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz üçün həmin məhsullar bütün dünyada bahalaşdığından, bizim bazarda da artım var.

Hər sahədə olduğu kimi, tikinti materialları bazarında da sürətli qiymət artımı davam edir. Ötən ilin payızından başlanan bahalaşma son 2 ayda daha da kəskinləşib. Son aylarda qiymət artımı, əsasən, taxta və digər ağac materialları, gips, boyalarda, üzləyici materiallarda müşahidə olunur. Xüsusilə, ağacdan hazırlanan tikinti materiallarının qiyməti ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb.

Bəs tikinti materiallarının bahalaşmasının uzun müddət davam etməsinə səbəb nədir? İnşaat malları sektorundakı qiymət artımları daşınmaz əmlak bazarına da təsir edir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin araşdırmasını təqdim edirik:

Dünya bazarlarının təsiri

Millət vəkili Azər Badamov deyir ki, ölkəmizdə tikinti malları bazarındakı bahalaşma dünyadakı qiymətlərlə əlaqədardır: "Bahalaşma təkcə tikinti sektorunda yox, digər sahələrdə də mövcuddur. Bütün istiqamətlərdə müəyyən qədər qiymət artımı müşahidə olunur. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə mal və məhsulların qiymətində bahalaşmalar mövcuddur. Tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz üçün dünyada həmin məhsullar bahalaşdığından, bizim bazarlarda da artımlar öz əksini tapır".

Gələn il bahalaşma olmayacaq?

A.Badamov gələn il üçün bahalaşma olacağını düşünmür: "Çünki əksər ölkələrin iqtisadiyyatında pandemiya ilə bağlı azalmalar olub. Bu ölkələr bazarlarını nizamlamaq üçün müəyyən tədbirlər görürlər. Bu tədbirlər qiymətlərdə artımların olmasına gətirib çıxarıb. Həmçinin, ölkələr öz iqtisadiyyatlarını ilin sonuna qədər nizamlayırlar. Hər il yenidən nizamlanmış iqtisadiyyatları ilə bazarlara mal və məhsullar təqdim edirlər. Beynəlxalq ekspertlərin açıqlamalarında da gələn il dünya iqtisadiyyatında stabilləşmə olacağı qeyd olunur".

Bir-biri ilə bağlı bazar

A.Badamovun sözlərinə görə, tikinti materialları bazarındakı bahalaşma zəncirvari prosesdir: "Hər bir mal-materialın bahalaşması digər məhsulların da qiymətlərinə öz təsirini göstərir. Məsələn, gətirilən taxtanın qiymətinin artması tikinti bazarında da, binaların maya dəyərində də görünür. Ona görə də, tikinti bazarındakı qiymətlərə təsiri təbii hesab edirəm".

Yeni formada alınan vergi

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyir ki, tikinti bazarındakı bahalaşmanın səbəblərindən biri vergiləri ödəmə üsulunun dəyişməsidir: "Tikinti şirkətləri 2020-ci ildən vergiyə yeni forma ilə cəlb olunurlar. Artıq qara bazardan inşaat materiallarını nağd almaq sərf etmir deyə, köçürmə ilə ödəniş edirlər. 18 faiz ƏDV və digər köçürmə xərcləri ilə üzləşirlər. Bu, həm inşaat materialları satışında maya dəyərinə təsir edir, həm də qiymət fərqi yaradır".

"Qiymət artımı qaçılmazdır"

E.Azadov bildirir ki, bahalaşma gələcək illərdə də olacaq: "Qiymət artımı qaçılmazdır. Bunun bir çox səbəbləri var. Onlardan biri işğaldan azad olunmuş ərazilərdə inşaat işlərinin aparılmasıdır. Tikinti materialları istehsal edən şirkətlər görəcək ki, tələbat çoxalıb, məhsul satılır, qiymətləri qaldıracaqlar. Rəqabət olsa da, tələbat var deyə, qiymətləri bahalaşdıracaqlar".

Materiallar da bahalaşır, əmlak da

E.Azadovun sözlərinə görə, tikinti bazarındakı bahalaşma mənzil qiymətlərinə də təsirsiz ötüşməyəcək: "Bahalaşma olan yerdə tikinti şirkətlərinin satdığı mənzillərin də qiymətində artım gözlənilir. Müşahidə etsək, görərik ki, son bir ildə yeni layihələrə başlayan tikinti şirkətləri qiymətləri 15-20 faiz artırıblar. Ona görə ki, materialların maya dəyəri əvvəlkindən 15-20 faiz bahadır. Əvvəldən tikinti sektoruna investisiya yatırıb, köhnə qiymətlərlə inşaat materialları alıb vergisini ödəyən şirkətə əmlak daha ucuz başa gəlir. Ona görə də, tikinti şirkətləri ilə fərdi şəxslərin satdığı mənzillərin qiymətləri arasında 5-10 faiz fərq olur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Artımlar özəl sektoru da əhatə edəcək - Vüqar Bayramov
"Brent" markalı neft ucuzlaşdı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı