ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-ın Marşal İrsi İnstitutunun (Mİİ) 2018-ci il üzrə ilin heyəti seçilib.
Oxu24.com xəbər verir ki, institutun münsiflər heyəti ANAMA-nın namizədi Vahid Məmmədovu və onun Esgimo adlı mina axtaran itini Azərbaycanda minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə bu mükafata layiq görüb.
Mİİ-nin 21-ci illik qala tədbiri çərçivəsində bu qrup üçün xüsusi təltif etmə mərasimi keçirilib. Qala tədbirində ABŞ-ın dövlət rəsmiləri, konqresmenlər, diplomatik korpusun üzvləri, eləcə də ANAMA-nın direktoru Qəzənfər Əhmədov da daxil olmaqla, bəzi ölkələrdən xüsusi qonaqlar iştirak edib.
Təqdimat zamanı ANAMA-nın Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən regional bazasında xidmət edən Vahid Məmmədov öz həyatı və apardığı şərəfli və insan həyatını xilas edən xidməti barədə danışıb.
Səfirliyin müşaviri Vüqar Qurbanov nitq söyləyərək Azərbaycanın beynəlxalq mina fəaliyyətinə göstərdiyi töhfələrdən, ANAMA-ya dövlətin dəstəyindən danışıb, həmçinin bu quruma göstərilən dəstəyə görə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a təşəkkür edib. Tədbirdə həmçinin ABŞ müdafiə katibinin sabitləşdirmə və humanitar məsələlər üzrə köməkçisinin müavini Mark Suayn, "respublikaçı" senator Mayk Enzi və digər nüfuzlu xadimlər tərəfindən çıxışlar səsləndirilib.
Vaşinqtona səfəri çərçivəsində ANAMA qrupu Merilənd ştatında yerləşən Qleneq məktəbinə səfər edib, məktəbin müəllim və şagird heyətinə Azərbaycan və ANAMA-nın fəaliyyəti barədə məlumat verib.
Bundan əlavə, 23 oktyabrda ANAMA-nın mükafat alan heyətinin şərəfinə Azərbaycanın ABŞ-da səfirliyində ziyafət təşkil edilib.
Qeyd edək ki, ANAMA qərargahı ABŞ-ın Virciniya ştatında yerləşən və dünyanın bir çox münaqişə bölgələrində humanitar mina fəaliyyətinə dəstək göstərən Mİİ ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir. Bu vaxta kimi bu təşkilat tərəfindən ANAMA-ya 30-dan artıq mina axtaran itlər hədiyyə verilib və bu itlər tərəfindən ölkəmizin müxtəlif regionlarında 7,5 kv. km ərazi minalardan təmizlənmiş, həmçinin 26 ədəd tank əleyhinə, 18 ədəd piyadalar əleyhinə minalar və yüzdən artıq partlamamış hərbi sursat aşkarlanıb.
Oxu24.com
ŞƏRHLƏR