Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynanı tərk etməsi ilə bağlı keçirilən rəsmi yoxlama nəticəsində ölkənin dövlət sərhəd xidmətinin bir neçə əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Bu barədə idarənin mətbuat katibi Andriy Demçenko bildirib.
O qeyd edib ki, Saakaşvili oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi Ukraynadan gizli şəkildə Gürcüstana gedib.
Gürcüstan prokurorluğunun məlumatına görə, eks-prezident Ukraynanın Çernomorsk şəhərindən Gürcüstanın Poti limanına gələn bərədə yük konteynerində gizlənərək, Ukraynanın dövlət sərhədini qanunsuz keçib.
Oktyabr ayında sərhəd xidməti Saakaşvilinin ölkədən getməsi faktı ilə bağlı rəsmi yoxlamaya başlayıb, bir neçə məmur istintaq müddətində vəzifəsindən kənarlaşdırılıb.
“Mən istintaqın bütün təfərrüatını açıqlaya bilmərəm, çünki materiallarda məhdud çıxışı olan məlumatlar var, lakin qeyd edirəm ki, onlar müvafiq ibtidai istintaq orqanına göndərilib və bu faktla bağlı cinayət işi açılıb. İntizam məsuliyyətinə cəlb edilib”, - Demçenko "Ukrayna həqiqəti" nəşrinə bildirib.
O, intizam cəzasının nə olduğunu və neçə nəfəri əhatə etdiyini açıqlamayıb.
Qəzetin yazdığına görə, adətən, belə hallarda söhbət töhmətdən, rütbə və ya vəzifənin aşağı salınmasından gedir.
Həmçinin, sərhədçilər işin araşdırılmasına istinad edərək, Saakaşvilinin sərhədi qanunsuz keçmə faktının müəyyən edilib-edilməməsinə cavab verməyiblər.
Qeyd edək ki, Gürcüstanda bir neçə cinayət işi üzrə axtarılan Saakaşvili sentyabrın 29-da qanunsuz olaraq vətəninə qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Giorgi Narimanidze, Elquja Tsomaya, Zurab və Şalva Tsotsoria eks-prezidentə ölkəyə qanunsuz daxil olmaqda kömək etməkdə ittiham olunurlar. Onlar istintaq müddətində həbsdədirlər.
Oxu24.com
ŞƏRHLƏR