Ermənistan prezidenti Armen Sarkisyan ötən həftə gizli şəkildə Moskva səfərindən sonra oktyabrın 14-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəldi. Sarkisyanın Qarabağa gələnə qədərki səfər trafiki diqqət çəkir. Erməni prezident əvvəlcə Nyu-Yorka (ABŞ), sonra Parisə (Fransa), daha sonra Moskvaya (Rusiya) səfər etdi, ardında işğal altındakı Qarabağ bölgəsinə gəldi. Onun getdiyi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu nəzərə alsaq, Ermənistanın münaqişə ilə bağlı nələrsə hazırladığı ehtimalı önə çıxır.
Publika.az xəbər verir ki, ekspertlər Ermənistan prezidentinin Minsk qrupunun həmsədr ölkələrinin paytaxtlarında Qarabağ münaqişə ətrafında gizli “qayıq diplomatiyası” apardığını hesab edirlər.
Rusiyalı politoloq Aleksey Martınov hesab edir ki, erməni prezident münaqişənin həlli ilə bağlı aktivləşir.
“Nikol Paşinyan baş nazir olandan sonra Dağlıq Qarabağı danışıqlar masasına tərəf kimi gətirmək tələbi ilə çıxış etdi. Bu, Ermənistan üçün daha bir ticarət predmenti oldu. Əlbəttə, Azərbaycan bununla razılaşmadı və təmas xəttində gərginlik artdı. Düşənbədə Rusiya prezidenti Vladimir Putinin birbaşa iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa danışıq oldu. Bu sürətli danışıqlarda təmas xəttində vəziyyətin deskalasiyası razılaşdılırdı. Lakin Paşinyan Düşənbədən qayıdandan sonra yenə də danışıqlarda Qarabağın iştirakı məsələsini gündəmə gətirdi. Bu, danışıqlar prosesini pozmaqla yanaşı, Putinin səylərinə zərbə vurmaqdır. Burada Ermənistanın yeni hakimiyyətinin etibardan düşməsi amili də var. Görünür, Armen Sarkisyanı Moskvaya gətirən səbəb də məhz budur. Ermənistan prezidenti Rusiyaya bildirmək istəyir ki, Ermənistan Dağlıq Qarabağı nizama salınması prosesində iştirak edəcək və qəbul edilməyən ritorikadan istifadə etməyəcək. Onun Moskva səfərindən sonra Xankəndiyə yollanması da danışıqlar formatının dəyişdirilmədiyini demək məqsədi daşıyırdı”, - deyə rusiyalı politoloq vurğulayıb. Oxu24.com
ŞƏRHLƏR