Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61218
az

“... Bir neçə ay içində İsrail-İran müharibəsi başlaya bilər” - politoloqdan ilginc proqnoz

10:1016 Noyabr, 2021
195
DÜNYA
  • A

İsrailin Baş Qərargah rəisi İrana qarşı hərbi əməliyyatları istisna etmir, ABŞ isə Tehrana təzyiqləri gücləndirib; Qabil Hüseynli: “Təhlükəli vəziyyət yaranıb, İran özünü xilas etmək üçün ciddi güzəştlərə getməlidir”

İran hər zaman müharibə ilə hədələnən ölkədir. Lakin ona qarşı hərbi həmlələr başladılmır. Mütəxəssislər İsrailin İranla bağlı tez-tez verdiyi bəyanatların sözdən əmələ keçməməsini ABŞ-ın mövqeyi ilə əlaqələndirirlər. Vaşinqton Tehrana qarşı savaş açılması üçün tələsmir. Amerikalı siyasətçilər hesablayırlar ki, bu müharibənin miqyası idarəolunmaz vəziyyət yarada, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. O baxımdan ABŞ İsraili müharibədən çəkindirməyə, İranı sanksiyalarla əzməyə çalışır. Lakin son aylar Tel-Əviv rəsmilərinin müharibə mesajları artıb.

“Yeni Müsavat” bildirir ki, ötən həftə İsrailin Baş Qərargah rəisi Aviv Koxavi İrana qarşı mümkün hərbi əməliyyatlar barədə açıqlama verib. O, İranın nüvə təhdidinə diqqət çəkərək bu ölkəyə qarşı planlaşdırılan hərbi əməliyyatlar və hazırlıq işlərindən danışıb: “Ordu hərbi nüvə təhdidi olan İrana qarşı mübarizə üçün əməliyyat planlama və hazırlıq işlərini sürətləndirir”. İran hərbi hava qüvvələrinin komandanı general Əmir Əli Hacızadə isə İsrailin baş qərargah rəisi Aviv Koçavi və müdafiə naziri Benni Qantzın bəyanatlarına cavabında həmin açıqlamaların daxili ictimaiyyətə yönəldiyini iddia edib. Hacızadə bildirib ki, əgər İsrail tərəfi bizə bəhanə gətirib bir addım atsa, bunu bitirən tərəf biz olacağıq: “Bunun sonu sionist rejimin məhv olması deməkdir”.

Göründüyü kimi, tərəflər bir-birini ittiham və təhdid etməklə məşğuldur. Əgər müharibə başlasa, o zaman regionu böyük bir alov bürüyə, bölgə qan çanağına dönə bilər. Bundan hansısa ölkələrin fayda götürəcəyini də söyləmək çətindir. İsrail bilir ki, ona qarşı Livanda “Hizbullah”, İraqda müəyyən qüvvələr, Yəməndə husilər belə döyüşəcək, yəni İran regiondakı tərəfdaşlarını dəstəkləyəcək, onlar da İranı...

İran elə bir dövlətdir ki, ona toxunulsa, bölgədə və dünyada terrorun ardı-arası kəsilməyə bilər. Bunu İsrail və ABŞ strateqləri yaxşı bildikləri üçün İranla necə rəftar edəcəklərini tam dəqiqliyi ilə hesablayırlar. Bəs 2022-ci il bölgə üçün müharibə təqvimi ola bilərmi? Azərbaycan belə şəraitdə hansı mövqedə dayanmalı olacaq?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran odla oynayır: “İsrail başda Amerika olmaqla, Qərb dünyasının fikrini ifadə edir. Çünki İsrail tək deyil, onun ciddi tərəfdaşları var. Düzdür, xeyli vaxtdır qarşılıqlı təhdidlər yağdırırlar. Lakin bu hədyanlar indi daha ciddi xarakter almağa başlayıb. Məsələn, ABŞ İrana qarşı sanksiyaları bir qədər də sərtləşdirib, Tehranın xaricə neft satmasını tamamilə dayandırmaq istəyir. Amerika bu məqsədlə Hörmüzə donanma armadasını göndərib. Onlar da tankerləri ya tuturlar, ya geri dönməyə vadar edirlər. Nəticə etibarı ilə iqtisadi sanksiyalar İranın zəiflədilməsinə yönəldilib”.

Q.Hüseynlinin sözlərinə görə, bununla belə, İran büdcəsinin bərbad vəziyyətə düşməsi onu uranın saflaşdırılması, nüvə silahına can atması istəklərindən yayındırmır: “Qənaətimə görə, İrana qarşı addımlar daha çox konkretləşməyə, aydın istiqamət almağa başlayıb. Əgər İran MAQATE təftişçilərini öz nüvə obyektlərinə buraxmasa, müharibənin bir neçə ay içində baş tutacağını gözləmək olar. Ona görə, zənnimcə, təhlükəli vəziyyət yaranıb. İran özünü xilas etmək üçün ciddi güzəştlərə getməyə məcburdur”. Politoloqun fikrincə, qonşuda yanğın həmişə ətraf üçün təhlükəlidir: “Biz İrana qarşı hərbi əməliyyatların əleyhinəyik. Çünki bölgə növbəti humanitar fəlakət yaşaya bilər. Azərbaycan dövləti və xalqı problemlərin danışıqlar yolu ilə həllini arzulayır. Bizim İsraillə yüksək səviyyədə münasibətlərimiz var, İranla qonşuluq siyasətini davam etdiririk, bu mənada regionda yeni müharibənin olmasının tərəfdarı deyilik. Qarabağ müharibəsindən çıxmış və bölgədə sülhün yaradılması üçün səylər göstərən Azərbaycan heç zaman qonşusunda müharibə istəməz”.

Siyasi ekspert Azad Məsiyevin qəzetimizə söylədiyinə görə, ABŞ və İsrail İranı düşmən elan edib: “Onlar Tehranın nüvə doktrinasına malik olmasını istəmirlər. İran isə İsraili yer üzündən siləcəyi haqda bəyanatlar verib. Təbii ki, bu açıqlamalar düşmənçiliyi dərinləşdirib. Ancaq hər bir təhdidin sonu olmalıdır: ya masa arxasında əyləşib danışmalı, razılaşmalıdırlar, ya da müharibəyə gedilməlidir”.

A.Məsiyev yada saldı ki, bu günə kimi danışıqlar nəticəsiz olub: “Güman etmirəm ki, yaxın zamanda müharibə reallaşacaq, amma İrana qarşı sanksiyalar daha da şiddətlənəcək. Əslində bu müharibənin olması Azərbaycanın maraqlarına uyğun deyil. Çünki bölgədə yeni humanitar fəlakət, qaçqın axını yaşanacaq, bizim üçün sosial problemlər meydana çıxacaq. Ona görə hər bir münaqişənin sonunda sülh olmalıdır”. Ekspert hesab etmir ki, İsrail təkbaşına müharibə qərarı verə bilər. Onun fikrincə, Tel-Əviv Moskva-Tehran əlaqələrinin yaxşı olduğunu bilir və addım atarkən tərəflərin münasibətini nəzərə almalı olacaq.

 

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, İsrail-İran müharibəsi kəşfiyyat xarakterli davam edir: “Biz bunun vaxtaşırı təzahürlərini görürük. İran tankerlərinin saxlanması, Tehranın nüvə aliminin qətli, habelə, İsrailə qarşı müəyyən həmlələr olur. Bu prosesdə ABŞ səhnə arxasında iş aparır. Yəni hələlik müharibə döyüş meydanında deyil, kəşfiyyat işində gedir. Eyni zamanda İran iqtisadi sanksiyaların pəncəsi altındadır və ölkəyə bu illər ərzində milyardlarla zərbə dəyib. ABŞ bu zərərləri hesablayaraq silahlı müharibədən daha effektiv olduğunu düşünür”.

Siyasi şərhçi bölgədə yeni müharibəni istisna etmir, amma tərəflərin tərəddüd içində olduğunu zənn edir: “İsrail generalının açqlaması İranda xof yaratmaqdadır. Amerika müharibənin necə bitəcəyini hesablaya bilmir. Bölgədə İrana dəstək verən silahlı qruplaşmalar var və xaosun ətrafa yayılmasından qorxurlar. Biz ”Hizbullah", “Həmas” kimi gücləri nəzərdən qaçırmamalıyıq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayətində PUA məhv edilib
İsrail hərbçilərinə arı hücumu: 10 nəfər yaralandı
Türkiyə ilə ABŞ Ukrayna və Qəzzanı müzakirə etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO