Bakı şəhərində yerləşən 302 nömrəli tam orta məktəbin III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.
Oxu24.com xəbər verir ki, bu barədə məktəbdən Qaynarinfo-ya məlumat verilib. Məlumatda bildirilir ki, hadisə dünən, tənəffüs zamanı, təxminən saat 08.48 radələrində baş verib:
"Ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.
Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.
Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəbin psixoloqu və müəllimləri də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər".
Qeyd edək ki, son dövrlərdə müxtəlif dini təriqətlərin sayı və əhatə dairəsi genişlənməkdədir. Bu təriqətlərə üzv olan valideynlər bəzən öz inancları uğruna övladlarının da tədrisdən uzaqlaşmasına səbəb olurlar. Bütün dinlərdə elm öyrənmək təbliğ olunur, gözəl əməl sayılır. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbər də hədislərinin birində "Bir saat elm öyrənmək, 60 il ibadətdən üstündür" deyir. Elmin dəyərini, elmin qiymətini dərk edin və övladlarınızı təhsildən, tədrisdən uzaqlaşdıraraq, onların gələcək bədbəxtliyinə səbəb olmayın. Oxu24.com
ŞƏRHLƏR