Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59646
az

Azərbaycan və Ermənistan arasında böyük sülh sazişi hazırlanır?

22:5813 Oktyabr, 2021
982
REDAKTORUN SEÇİMİ
  • A

“Qarabağdakı ermənilər Azərbaycan pasportu alarlarsa...”
“Qarabağdakı Azərbaycan vətəndaşı olan erməni əhaliyə Azərbaycan pasportu verilə bilər. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamı gözlənir. Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşamasına dair proqram təsdiqlənə bilər”.

Bunu “Azadlıq” Radiosuna deputat Zahid Oruc bildirib.

Qeyd edək ki, bunun ardınca referendumun da keçirilə biləcəyi ehtimalları var. Tərəflər böyük sülhə hazırlaşır. Bəs bu sülhə başqa nələr daxildir? Zəngəzur dəhlizinin açılması, qarşılıqlı səfərlərin başlaması, Azərbaycan parlamentində erməni icmasının nümayəndələrinin təmsil olunması və s. varmı?

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı:

 

“Hesab edirəm ki, Qarabağda yaşayan ermənilərə Azərbaycan pasportunun verilməsi onların təbii hüquqlarıdır. Yəni, onlar əgər Azərbaycan ərazisində yaşayırlarsa və Azərbaycan vətəndaşlığını qəbul edirlərsə, onlar da digər azərbaycanlıların istifadə etdiyi bütün hüquqlardan istifadə edəcəklər. Bəli, birgə yaşayış məsələləri var. Çünki Qarabağda həmişə ermənilər azərbaycanlılarla birlikdə yaşayıb. Məsələn, Xocavənd, Hadrut rayonunda azərbaycanlılar və ermənilər birgə qarışıq şəkildə yaşayıblar. Mən özüm Tərtər rayonundanam. Kəndimizdə erməni yox idi, lakin rayon mərkəzində ermənilər yaşayırdı və onlar müəyyən sənət, peşə ilə məşğul olurdular. Yəni, sovet dövründə millətlərarası normal ünsiyyət və ünsiyyət praktikası formalaşmışdı.

İndi də Qarabağda yaşayan istər azərbaycanlılar, istərsə də ermənilər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Əlbəttə ki, müharibə dövründə separatizm dalğasında bəziləri Ermənistan vətəndaşlığını qəbul etdilər. Məsələn, hamı bilir ki, Koçəryan Azərbaycan vətəndaşı olub. Həmçinin Serj Sarkisyan Qarabağdandır, Azərbaycan vətəndaşı olub. Hətta onun Bakıda güləş yarışlarında iştirak etdiyinin şahidi olmuşam. Beləliklə, sülh sazişi imzaladıqdan sonra onların (təbii ki, cinayət törədənlər istisnadır – red.) Azərbaycanda rahat yaşaması mümkündür. Bu gün Ermənistanın iqtisadi vəziyyəti çöküb. Lakin Azərbaycan iqtisadi baxımdan inkişaf edir və neft-qaz ölkəsidir. Ona görə də əgər onlar Qarabağa, Azərbaycan vətəndaşlığına daxil olacaqlarsa, dövlətimizdən xeyli dotasiyalar alacaq və onların maddi güzəranı xeyli yaxşılacaq və sairə. Bir sözlə, Azərbaycan tərəfi bütün bunlarla bağlı humanist addımlar atmağa hazırdır”.

“Bağlanacaq sülh müqaviləsində qərbi azərbaycanlıların da hüquqları öz əksini tapacaqmı” sualımıza isə politoloq bu cür cavab verdi:

“Əslində bu məsələ də sazişdə öz əksini tapmalıdır. Hətta bildiyiniz kimi, Türkiyədə Qərbi Azərbaycan mühacirət hökuməti yaradılıb. Lakin indiki sülh sazişində bu məsələnin yer tapması fikrimcə çətin məsələdir. Çünki hesab edirəm ki, bağlanacaq böyük sülh sazişində yalnız Qarabağla bağlı məsələləri əhatə edəcək”.

Mövzu ilə bağlı Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova da danışdı:

 

“Əslində bir neçə gün öncə Gürcüstanda Azərbaycandan olan bir neçə siyasi və ictimai fəallar Ermənistanın ictimai-siyasi fəalları, partiya nümayəndələri ilə görüş keçirmişdi. Bu müharibədən sonra başlayan ikitərəfli görüşlərin ilki idi. Bu ilin iyun ayının 26-27-si ərəfəsində ölkə Prezidenti İlham Əliyevin də çıxışında qeyd olunmuşdu ki, Azərbaycan bundan sonra böyük sülhə hazırlaşacaq və müharibədə qalib gəldiyimiz kimi böyük sülhü də zəfərlə başa çatdıracağıq. Bu barədə Prezident oktyabrın əvvəlindəki çıxışlarında da qeyd etmişdi. Oktyabr çıxışına əlavə olunmuşdu ki, yolların çəkilişində Zəngəzur dəhlizindən istifadə olunacaq. Beləliklə Zəngəzur məsələsi prolitet məsələ kimi önə çəkilmişdi. Əlbəttə ki, Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu nümayiş etdirib və hər zaman iddia etdiyi bir məsələ var - sülh məsələsi ərazilərin geri qaytarılması və ərazi bütövlüyümüzün tanınması şəraitində baş verəcək”.

Günel Səfərova böyük sülh sazişinin mətni ilə bağlı da danışdı:

“Doğrusu, həmin mətnlə tanış deyiləm, yəni bildiyimiz kimi hələ ki, ictimaiyyətə açıqlanmayıb. Lakin əminliklə deyə bilərik ki, böyük sülh sazişi və bu danışıqlar ilə bağlı ortada bir sənəd olacaqsa orada mütləq Azərbaycanın da mövqeyi, həmçinin Qərbi Azərbaycandan olan vətəndaşlarımızın da hüquqlarının bərpası məsələsi öz əksini tapacaq”.

Ekspert onu da qeyd etdi ki, Ermənistan üçün hazırki iqtisadi çöküşü və qeyri-müəyyən vəziyyətinin düzəlməsi üçün ona sülh sazişi və Azərbaycanla ilə münasibətlərini yaxşılaşdırmaq vacibdir:

“Çünki Azərbaycan artıq Qafqaz kontekstindən çıxır və çox uğurlu geosiyasi mövqedədir, çox uğurlu diplomatik mövqe əldə edib. Ermənistanda isə bu vəziyyət əksinədir. Qarabağ ərazisində yaşayan ermənilər üçün pasport verilməsi məsələsinə gəldikdə isə, sözsüz ki, onlar bizim vətəndaşlarımız hesab olunacaq və burada bir problem görmürəm. Gələcəkdə təmsilçilik məsələsinə gəldikdə hələ bu haqda danışmaq çox tezdir. Çünki bizim əhali geri qayıtmalıdır.

Məlum olduğu kimi, 30 ildir ən azı 1 milyon insan Qarabağda yerli seçki hüququndan istifadə etmir və bu seçki prosesi daha sonrakı mərhələdir. Əgər Ermənistan imzalanacaq sülh sazişini pozmayacaqsa və həqiqətən bu fikirdə səmimi olacaqsa əlbəttə ki, bizim vətəndaşımız olaraq Qarabağda məskunlaşan ermənilərlə eyni hüquqa malik olacaq və Azərbaycan dövləti qarısında öhdəlikləri olacaq. Lakin məlum olduğu kimi indidən bu haqda danışmaq bir qədər tezdir. Çünki uzunmüddətli barış bir günün işi deyil, bu zaman alacaq. Bunun üçün kifayət qədər çoxlu qruplar arasında görüşlər olmalıdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ