Arvadını onunla yatağa girmədiyinə görə öldürən ər Ali Məhkəməyə kassasiya şikayəti edib.
OXU24.COM ölkə.az-a istinadən xəbər verir ki, arvadını öldürdüyünə görə, məhkum olunan Xaçmaz rayon sakini, 1974-cü il təvəllüdlü Eynulla Musayev şikayətində cəzasının azaldılmasını istəyib.Xatırladaq ki, 2013-cü il mayın 27-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində olan evində həyat yoldaşı Şərqiyyə ilə cinsi əlaqədə olmaq istəyib.
Lakin Şərqiyyə ona kobud cavab verib. Eynulla arvadının xəyanət etdiyini düşünüb və onu bıçaqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə müttəhim özünü təqsirli bilib və deyib ki, Şərqiyyədən iki övladı var:
"Arvadım məni adam yerinə saymırdı, mənə xəyanət edirdi. Şərqiyyə onunla yaxınlıq etməyimə imkan vermirdi. Eyni evdə yaşayırdıq, amma birgə yatmırdıq. Buna görə də aramızda söz-söhbətlər olurdu. Ona bir söz deyən kimi anasıgilə qaçırdı. Anasıgilə qaçmaqda məqsədi mənimlə yatağa girmək istəməməsi olub. Onun başqaları ilə görüşməsindən şübhələnirdim. O, başqa kişi ilə əlaqə saxlayırdı, görüşürdü. Buna görə də öldürmüşəm".
Peşman olduğunu deyən Eynulla Musayev arvadını dəfələrlə döyməyindən danışıb. Onun sözlərinə görə, Şərqiyyənin başqa kişi ilə görüşdüyünü dəqiq bilib:
"Onun görüşdüyü kişi evimə də gəlib. Amma kim olduğunu bilməmişəm. Buna görə də Şərqiyyəni əvvəlcədən öldürməyi planlaşdırmışam. Şərqiyyəni həyətimizdə olan yarımçıq tikilidə bıçaqla vurdum. Onun ölməsinə əmin olandan sonra polis şöbəsinə getdim. Orada arvadımı namus üstündə öldürdüyümü etiraf etdim".
Eynulla Musayev gecələr rahat yata bilmir: "Gecələr yata bilmirəm, gözlərimə yuxu getmir. Gözümü yuman kimi arvadım yuxuma girir. Onun öldürdüyümə görə peşmanam".
Daha sonra mərhumun anası Raziyyə Əmirova qızının ailəsində son illər problemlərin olmağından danışıb. Onun sözlərinə görə, əri tərəfindən döyülən qızı tez-tez onun evinə gəlirmiş:
"Eynulla içib sərxoş olurdu, qızımı döyürdü. Buna görə də tez-tez bizə gəlirdi. Ona deyirdim ki, Eynulladan sənə ər olmaz, məhkəmə yolu ilə boşan. Qızımın azyaşlı uşaqlarına yazığı gəlirdi. Buna görə də ərindən boşanmağa razı olmurdu. Mənim qızım heç vaxt Eynullaya xəyanət etməyib. Ərə gedəndən balaca bir damda qalıb. Zülm çəkə-çəkə ev tikmişdi. Həmin tikdiyi evdə rahat yaşaya bilmədi. Eynulla qızımın qatilidir, ona ən ağır cəzanın verilməyini xahiş edirəm".
Raziyyə Əmirova Eynulla Musayevin qızına verdiyi işgəncələrdən danışıb: "Qızım deyirdi ki, Eynullanın hərəkətlərindən qorxur. O, həmişə qorxu içində olurdu".
Eynulla Musayev isə qayınanasının yalan danışdığını deyib:
"Raziyyə bizim problemlərimizi həll etmək üçün qızına bir söz demədi. Mənə ağzına gələni dedi, məni söyüb, təhqir etdi. Arvadımı gətirmək üçün qayınanamgilə gedirdim. Qayınanam iti açıb üstümə buraxırdı. Amma qızına deməzdi ki, nəyə görə ər evini tərk edibsən. Bu qadın da bizim ailənin bu vəziyyətə gəlməsində günahkardır".
Eynulla Musayev məhkəmə zalında olan arvadının qohumlarını hədələyib: "Mən də işimi bilirəm. Heç kim həbsdə qalan deyil. Buradan mən də çıxacağam. Onda sizinlə görüşəcəyəm".
Ailənin 16 yaşlı oğlu Həsən Musayev hadisə vaxtı evdə olmadığını deyib. Onun sözlərinə görə, işdə olan zaman ona zəng gəlib:
"Evə gəldim. Dedilər ki, Eynulla anamla dalaşıb, xəstəxanaya aparıblar. Mən də xəstəxanaya getdim. Orada anam artıq ölmüşdü. Kəndə qayıdanda bildim ki, Eynulla anamı öldürüb. O, əvvəllər anamla tez-tez mübahisə edirdi, anama tərbiyəsiz sözlər deyirdi. Hamısını yalan danışır. Anam əxlaqlı qadın idi. Heç bir səbəb olmadan dava edirdi. Anamı torpağa tapşıran günü Eynullanı atalıqdan silmişəm. O, artıq mənim atam deyil. Həmişə anamı da, bizi də daim qorxu içində saxlayıb".
Eynulla Musayevin 14 yaşlı qızı Aytac Musayeva deyib ki, atası anası ilə tez-tez dalaşırmış:
"Üç gün əvvəl atam anamla dalaşmışdı. Atam dalaşanda anamı söyürdü. Anam gilas bağlarında, çiyələk sahələrində işləyib, pul qazanırdı, bizi də dolandırırdı. Anam zəhmətkeş olub".
Mərhumun qardaşı Elşən Əmirov deyib ki, Eynulla bacısına böhtan atır. Bacısı namuslu qadın olub. Oxu24.com
ŞƏRHLƏR