Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5940
az

“Zapravka”larda oğurluq - Yanacağı necə və nə qədər kəsirlər?

14:3009 Oktyabr, 2018
826
CƏMİYYƏT
  • A
 ​​​​Yanacaqdoldurma məntəqələrində (YDM) avtomobillərə vurulan yanacağın kəsilməsi ilə bağlı şikayətlərin sayı durmadan artır.
 
Oxu24.com azadinform.az-a istinadən xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə sürücülər tərəfindən qeyd olunur ki, YDM-lərdə benzin və dizel yanacağı vurularkən azı 10% kəsilir. Yəni, misal üçün 30 litr benzin əvəzinə maşının yanacaq deposuna 27 litr yanacaq vurulur. Hətta mətbuatda, sosial şəbəkələrdə tez-tez sürücülərin belə şikayətləri dərc olunur ki, maşına tam depo benzin vurularkən aparatda deponun ümumi tutumundan 10 litr çox benzin vurulduğu göstərilir. Misal üçün, 65 litr tutumu olan depoya 70-75 litr benzin "vurulur”. Halbuki, hələ yanacaq deposunda da 5-10 litr benzin qalmış olur.
 
Sürücülər narazı olsalar da sübut edə bilmirlər?

Sosial şəbəkə istifadəçilərdən Namiq Qarayev yazır: "Yanacaqdoldurma məntəqələrində 10-15 faiz az vururlar. Məsələn, aparat 10 litr yanacaq vurulduğunu, maşının "datçiki” isə yanacağın cəmi 8 litr artdığını göstərir. Operatordan soruşuram ki, niyə belədir? Cavab verir ki, aparat düz işləyir, problem maşındadır. Avtoservisdə isə maşının tamamilə düzgün işlədiyini deyirlər. Belə hallarla dəfələrlə üzləşmişəm, amma bunu onlara sübut etmək olmur”.

Daha bir sürücü Elçin Qəhrəmanov isə deyir ki, yanacağın kəsilməsinə tam əmin olduğu bir hadisə baş verib, lakin bunu sübut etmək çətindir: "Bir gün yanacaq deposunu sökdürüb yudurtdum, içindən çıxan yanacaq 20 litrlik qabla bir oldu. Təmizləndikdən sonra bu yanacağı əlimlə depoya tökdüm. Yəni, 65 litr tutumu olan depoda 20 litr yanacaq oldu, yaxınlıqdakı YDM-nin birində benzin vurdurdum, aparat 55 litr göstərdi. Halbuki, uzağı 45 litr vurula bilərdi. Bunu onlara sübut etmək mümkün olmadı, dedilər, sən yalan deyirsən, depoda yanacaq az olub. Yəni, açıq şəkildə soyğunçuluq edirlər və heç cür sübut etmək olmur”.

Digər bir sürücü – Elmar Əliyev yazır: "Mən Bakının əksər "zapravka”larında benzin vurub yoxlamışam.  Hamısında 10-20 faiz kəsirlər. Üstəlik, elə sürətlə vururlar ki, adam məəttəl qalır. Güclü napor benzini köpük halında verir və çəkidə uduzuruq, həm də çənin içindəki yanacaq datçikini zədələyib sıradan çıxarır, irad tutanda deyirlər bizdə belədir.

"Azpetrol”da qırmızı yanan anda "polnu bak” benzin vurdurdum, bir neçə gün sonra məlum oldu ki, maşın 100-ə 20 litr işlədibmiş. Halbuki, davamlı tıxac hallarında belə mənim maşınım 13,l-dən artıq yanacaq işlətməyib. Hesabladım, məlum oldu ki, 57 litr əvəzinə çənə 45 litr vurubmuşlar.

Bundan başqa, benzin də keyfiyyətsizdir, maşın ideal vəziyyətdə olsa da, motor boğulur. Belə çıxır ki, biz A92 benzini 90 qəpiyə yox, faktiki olaraq 1 manata alırıq”.

Benzin bir neçə gün çəndə qaldıqda azalır

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə deyir ki, son vaxtlar yanacaqdoldurma məntəqələrində yoxlamaların dayandırılması yanacaq oğurluğunun artmasına gətirib çıxarıb: "Yanacaq oğurluğu əvvəlki illərə nisbətən azalmaq əvəzinə daha da genişlənir. Avtomobilin yanacaq deposunda 5-6 litr yanacaq olduğu halda YDM-ə məntəqəsinə daxil olduqda nəzarətçi çənin tutumundan 5-10 litr artıq yanacaq vurduğunu deyir. Avtomobil çəninin tutumu 60 litr olduğu halda, operator 67 litr benzin tutduğunu iddia edir. Sürücülər məcbur olurlar adi qablarla yanacağı alıb, sonradan şlanqla çənə töksünlər. Artıq buna da maneə törədirlər. Belə ki, 10 litrlik qabları aparıb, benzin almaq istədikdə bəzən imtina edirlər”.

Ekspert yanacağın keyfiyyətinin də xeyli aşağı olduğunu deyir: "Heç istifadə etmədən maşını bir həftə həyətdə saxlayın, baxacaqsınız ki, yanacaq xeyli azalıb. Keyfiyyətsiz yanacağın satılması isə avtomobilləri sıradan çıxardaraq, avtomobil sahiblərini ikiqat ziyana salır”.

"Sayğacdan keçən yanacaq şlanqda qalır”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, AİB-ə belə müraciətlər tez-tez daxil olur: "Sürücülər tərəfindən bizə əsasən, yanacağın kəsilməsi, yanacağı qablara vurmaqdan imtina edilməsi  və nağdsız ödənişlərin qəbul edilməməsi ilə bağlı müraciətlər olur”.

AİB sədri bildirib ki, sürücülərin şikayətinə görə, "zapravkalar” yanacağın kəsilməsi üçün uzun şlanqlardan istifadə edirlər: "Bəzi "zapravka”larda uzun şlanqlar tətbiq olunur ki, benzin sayğacdan çıxır amma yekunda baka çatmamış şlanqda azı 1-2 litr qalır”.

Bundan başqa, sürətli vurulma zamanı da, yanacaq köpük halında vurulur ki, bu da nəticədə faktiki həcmdən daha az yanacağın baka daxil olmasına səbəb olur. Məntəqələrdə menzurka olmalıdır ki, sürücülər istədikləri vaxt yanacaq aparatın nə qədər yanacaq vurmasını yoxlaya bilsinlər. Üstəlik, istehlakçı benzini qaba tökdürüb də ala bilər, bundan imtina etməyə YDM-in heç bir əsası yoxdur”.

Birlik rəhbərinin sözlərinə görə, belə halları sübut etmək çox çətindir.

"Aparatlar verilən əmrdən az yanacaq vura bilməz”

YDM rəhbərləri isə deyirlər ki, belə şikayətlər əsassızdır: "Bizə bu barədə şikayət olanda dərhal yoxlama aparılır. Yoxlamalar göstərir ki, şikayətçilər əksər hallarda haqsızdırlar. Çünki bu yanacaqdoldurma aparatları elə qurulub ki, o verilən əmrdən az yanacaq vura bilməz. Bizim məntəqələrdə menzurka var. İstənilən sürücü onun vasitəsilə aparatın nə qədər yanacaq vurduğunu yoxlaya bilər” - yanacaqdoldurma məntəqələrindən birinin rəhbəri bizimlə söhbətində bildirdi.

Müsahib qeyd etdi ki, müştərilər belə problemlə qarşılaşdıqda rəhbərliyə müraciət edə bilərlər: "Bəzən elə ola bilər ki, hansısa operatorun səhvi ucbatından müştəriyə az benzin verilib. O halda bizim rəhbərlik tərəfindən dərhal müvafiq tədbirlər görülür. Fakt təsdiqini tapdıqda, müştərinin haqqı bərpa olunur, bunu edən əməkdaş isə cəzalandırılır”.

Qeyd edək ki, yanacağın az vurulması ilə bağlı sürücülərin çoxu eyni fikirdədir. YDM-lər isə bunu etiraf etmirlər, lakin belə hallarda müştərinin bunu sübut etmə imkanları yoxdur. Bu problem getdikcə kəskinləşir, təcili qarşısı alınmalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur kanal iki seriala görə cərimələndi
İran kütləvi hərbi təlimlərə başlayır
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi