“Sülh modeli yalnız 5 rayonu qaytarmaqdan ibarət olmaya bilər” - iddia; erməni politoloq: “Ermənistanda legitimlik uğrunda mübarizə gedir....”
İşğalçı Ermənistanda mürəkkəb, bir az da dramatik olaylar başlayıb. Bu da qonşu ölkədə 8 may inqilabından sonra hakimiyyət dəyişikliyinin, bütövlükdə inqilabın başa çatmaması ilə birbaşa əlaqəlidir. Azərbaycan üçün orada gedən proseslər, əlbəttə ki, müstəsna olaraq, həlli uzanan Dağlıq Qarabağ konflikti kontekstində, torpaqlarımızın işğaldan azad edilməsi kontekstində önəm və maraq kəsb edir.
Bəs düşmən ölkədəki proseslər nə vəd edir? İnqilabçı baş nazir Nikol Paşinyan əsas rəqibləri ilə mübarizədən qalib kimi ayrılıb, hakimiyyətini möhkəmlədə biləcəkmi? Bəs Qarabağ danışıqları nə gözləyir?
*****
“Ermənistanda mahiyyət etibarilə köhnə və yeni hakimiyyət arasında legitimlik uğrunda mübarizə gedir”. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu Avropa yaşayan erməni ekspert Riçard Kirokosyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti üçün legitimlik “xalq mandatından” qaynaqlanır.
“Bu "mandat" da onun populyarlığını və təşkil elədiyi küçə etirazlarının gücünü müəyyən edir. Korrupsiya və saxta seçkilərə görə özünü gözdən salmış və ictimai dəstəyini itirmiş keçmiş elitanın legitimliyi isə parlament üzərində nəzarətə əsaslanan demokratiya imitasiyası üzərində qurulub - bu, getdikcə seçicilərin ovqatına daha çox uyğun gəlməsə də", - deyə erməni təhlilçi qeyd edib.
Erməni analitikin sözlərinə görə, bununla belə, hazırkı mürəkkəb situasiyaya baxmayaraq, Ermənistandakı yeni siyasi reallıq geri dönməz xarakter daşıyır. “Əvvəlki hökumət və ona yaxın partiyalar getdikcə daha çox "keçmiş" termininə uyğun gəlir. Onlar hər bir addımları ilə o cizgiyə yaxınlaşırlar ki, ondan sonra onlar haqqında ölkənin siyasi tarixində yalnız xatirələr qalacaq" - Kirokosyan əlavə edib.
*****
Bir sıra analitiklərə görə, Ermənistandakı son proseslərin Düşənbə anlaşmasından sonra baş verməsi də təsadüfə oxşamır. Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, əslində Düşənbədə Azərbaycan tərəfi Niklol Paşinyan hökumətini tanıdığını ortaya qoyub və onu siyasi dayanıqlı tərəf kimi qəbul etdiyini göstərib.
“Bu, o anlama gəlir ki, müəyyən mənada xalqın apardığı üsyan nəticəsində formalaşan elita ilə Qarabağ məsələsi ətrafındakı aparılan vasitəçilik missiyası davam edəcək. Məsələnin başqa bir önəmli tərəfi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu formatında proses əslində Sərkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı. Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil”, - deyə deputat axar.az-a bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan Minsk Qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçsə, o müstəvidə də ordumuzun imkanları düşməndən qat-qat böyükdür: “Bu mənada son aylar gedən proses Azərbaycanın dominantlığı şəraitində keçir. Yəni Paşinyan onu hesablamağa qadirdir ki, erməni ana-atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır. O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi. Axı indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq? Ona görə də Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır. Bu da ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır. Yəni uzun on illər ərzində Rusiya ilə münasibətləri Azərbaycanın əleyhinə çevirmək xəttini neytrallaşdıranda şübhəsiz ki, onlar öz təxribatçı addımlarının effektini görmürlər”.
Deputata görə, məsələnin ən önəmli tərəfi ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir: “Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu belədir. Tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir. Hesab edirəm ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək. O cümlədən erməni xalqı bəlkə də bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə sərkisyanlaşacaq və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək”.
*****
Bu arada Aleksandr Duqin, Sergey Markov kimi rusiyalı tanınmış politoloqlar yenidən “5 rayon” məsələsindən danışmağa başlayıblar. Ermənistandakı son hadisələr fonunda bu kimi ehtimallar nə dərəcədə əsaslı görünür?
Z.Orucun bununla bağlı mövqeyi belədir ki, Azərbaycan və Rusiya prezidentləri arasında formalaşan çox yüksək səviyyəli münasibətlər gələcəkdə bir çox məsələnin həllində önəmli rol oynayacaq: “Yəni Əliyev və Putin Qafqazda sülh arxitekturasının quruculuğunda mühüm rol oynaya və formalaşacaq o arxitektura hamının xeyrinə işləyə bilər. 5 və ya 7 rayon mövzusunda detallara çox varmaq və Qarabağ məsələsinin həlli yolunu yalnız bu şəkildə görmək prosesi məhdudlaşdıra bilər. Bundan da fərqli modellər var və liderlərin gücü onların çoxları üçün ağılasığmaz görünən variantları seçmiş olmalarındadır. Zənnimcə, bu variantlar mövcuddur, sadəcə ictimai-siyasi fikir məkanında çox dövr etmir. Yəni Ermənistan-Azərbaycan arasında sülhün modeli yalnız 5 rayonu qaytarmaqdan ibarət olmaya bilər”.
Azərbaycana təbii ki, 5 rayon yox, işğal altındakı bütün qanuni əraziləri lazımdır. Dəfələrlə yazıldığı kimi, əgər 5 rayonun qarşılığında ölkəmizin ərazi bütövlüyü enində-sonunda müzakirə mövzusu olacaqsa, bu variantdan da imtina ediləcək. Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt razılıq verilməyəcək... Oxu24.com
ŞƏRHLƏR