Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57799
az

Üç ölkənin gizli razılaşması: “Azərbaycandan istəyirlər ki...” - Müsahibə

22:4824 Avqust, 2021
943
SİYASƏT
  • A

“ABŞ və Rusiya publika qarşısında Gürcüstan və Ukrayna ilə bağlı bir-birinə ziddi açıqlamalar verirlər. ABŞ və Rusiya arasında Moldova ilə bağlı qismən, Azərbaycanla bağlı isə bütövlükdə razılaşmanın olduğunu görə bilirik. Eləcə də Fransa və Rusiya arasında Qarabağla bağlı birgə “yol xəritəsi”nin olduğunu düşünürəm”.

Oxu24.com “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun müsahibəsini təqdim edir.

- Azərbaycan Krım Platformasının toplantısına qatılan 44 ölkə arasında yer almadı. Bakının bu addımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sizcə, bu, doğru addım idimi?

- Əlbəttə, bu və digər məsələlər ətrafında təniqidi fikirlərin səsləndirilməsi önəmlidir. Çünki Rusiya, İran və digər xarici aktorlar Azərbaycan cəmiyyətinin ayıq və onlara qarşı fikir müxtəlifliyinin olduğunu görməlidirlər. Bu, bizim dövlət maraqlarımızın xeyrinədir. Həmin aktorlar, xüsusən də İran və Rusiya görməlidir ki, Azərbaycan cəmiyyəti onların davranışları ilə razı deyil.

Bu diskussiyalar fonunda daxili məsələlərə gəldikdə, bir məqamı diqqətdə saxlamalıyıq ki, xarici siyasətlə bağlı ən doğrusunu ölkə rəhbərliyi bilir. Vaxtilə xarici siyasətlə bağlı tənqidi fikir səsləndirənlər 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevi “uzaqgörən” siyasətçi adlandırdılar. Unutmayaq ki, dövlət başçısı region ətrafında gedən siyasəti hamıdan yaxşı bilir. Buna görə də, hansısa addımlara tənqidi fikir bildirənlər yaxşı olardı ki, dövlətimizin xarici siyasət fələsəfəsinə şübhə ilə yanaşmasınlar.

Azərbaycan coğrafi cəhətdən kiçik dövlət olmasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda inqilabi dəyişikliyə müvəffəq oldu. Hazırda bölgədə çox ciddi proseslər gedir. Şübhəsiz ki, Azərbaycan bu proseslərdən qalib çıxdı.

- Rusiya işğalından əziyyət çəkən Moldova və Gürcüstanın Krım Platformasında iştirakı da müzakirə mövzusudur. Bunu Rusiyaya “əzələ nümayişi” adlandıranlar da var, bununla onların işğalla barışdıqlarını deyənlər də. Siz nə düşünürsünüz?

- Müxtəlif bölgələrdə Rusiya və Qərb arasında geosiyasi münaqişələrin baş verdiyini görürük. Həmin münaqişələrdə udan və ya uduzan nə Qərbdir, nə də Rusiyadır. Olan bu münaqişələrin baş verdiyi ölkələrə olur. Biz bura Ukrayna, Gürcüstan və Moldovanı aid edə bilərik. Həmin münaqişələrin əsası SSRİ dövründə bilərəkdən qoyulmuşdu.

Rusiya Qarabağda olduğu kimi, digər regional münaqişələrdən istifadə edərək, bu ölkələrə təsir və təzyiq rıçaqlarını saxlamaq istəyir. Təəssüf ki, Qərb də məsələlərə münasibətdə prinsipiallıq nümayiş etdirmir. Qərb 2008-ci ildə Gürcüstanda olduğu kimi, 2014-cü ildə də Ukraynanı tək qoydu. Əgər Qərb və Rusiya arasında həqiqətən münaqişə varsa, o zaman niyə Avropa Parlamentində rusiyalı nümayəndələrin iştirakına icazə verildi? O zaman niyə Almaniya Rusiyaya “Şimal Axını 2” qaz kəmərinin çəkilşinə “yaşıl işıq” yandırdı? Niyə Ümumdünya Bankı Rusiyaya külli miqdarda kredit ayırdı? Əlbəttə, bu sualların cavabı bəllidir. Rusiya ikili oynayır.

Vaxtilə Azərbaycan dövlətinin xarici siyasətdə birmənalı olaraq Qərb vektorunu seçməsinin tərəfdarı olanlar və buna görə ölkə rəhbərliyini tənqid edənlər yanıldıqlarını görürlər. Buna baxmayaraq, yenə də öz istəklərindən əl çəkmirlər. Hadisələr göstərdi ki, Azərbaycan rəhbərliyi Minsk qrupunda daxil olan hər üç dövləti yaxşı tanıyır və gedişatı peşəkarca hesablaya bilir. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin dünən “Qarabağın statusu” ilə bağlı verdiyi açıqlama, Fransanın ermənipərəst bəyanatları, Rusiyanın 30 il apardığı siyasət hər kəsə məlumdur.

ABŞ və Rusiya publika qarşısında Gürcüstan və Ukrayna ilə bağlı bir-birinə ziddi açıqlamalar verirlər. ABŞ və Rusiya arasında Moldova ilə bağlı qismən, Azərbaycanla bağlı isə bütövlükdə razılaşmanın olduğunu görə bilirik. Eləcə də Fransa və Rusiya arasında Qarabağla bağlı birgə “yol xəritəsi”nin olduğunu düşünürəm.

Qarabağla əlaqədar üç dövlətin - ABŞ, Rusiya və Fransanın da eyni mövqedən çıxış etdiyini görürük. Nə qədər paradoksal olsa da, Qərb Qarabağdakı hadisələrin Rusiyanın dirijorluğu ilə davam etməsinə razıdır. Maraqlıdır ki, Ukrayna və Gürcüstan kimi məsələlərdə fərqli qütblərdə yer alan ABŞ və Rusiya Qarabağ məsələsinə gəldikdə, Azərbaycana qarşı eyni mövqedə yer ala bilirlər, bu da onların razılaşdığını göstərən amildir.

Üç dövlət arasındakı razılaşma ondan ibarətdir ki, Qarabağdakı ermənilər qorunmalıdır, Ermənistanın zəifləməsinə imkan verilməməlidir, eləcə də Türkiyə və Azərbaycanın Cənubi Qafqazda hegemonluğu qəbuledilməzdir. Bütün bunlar çox ciddi çağırışlardan xəbər verir.

- Toplantıda Türkiyənin iştirakı da diqqət çəkdi. Sizcə, Qərb və ya ABŞ-dan istədiyi dəstəyi ala bilməyən Ukraynanın Türkiyəyə olan ümidləri özünü doğruldacaqmı?

- Son hadisələr göstərdi ki, Qərbin Rusiya və İranla bağlı proseslərdə istifadə edə biləcəyi ən güclü “kart” Türkiyə ola bilər. Çünki Türkiyənin gücü və prinsipiallığı, eləcə də manevr imkanları deməyə əsas verir ki, Ankara istədiyi məqsədlərə çatmaqda çətinlik çəkmir. Bu baxımdan, Krım məsələsində Ukrayna və Türkiyə arasındakı iqtisadi və hərbi əməkdaşlıq yetərlidir. Burada Qərbin prinsipiallığı da ortada olmalıdır.

Amma Ankara və Moskva, Rusiya və Türkiyə liderləri arasındakı sıx təmaslar onu da göstərir ki, hər iki ölkənin mövqeyi bir sıra məsələlərə yanaşmada üst-üstə düşməsə də, ortaq bir xətt tapa bilirlər.

Hesab edirəm ki, Türkiyə ilə əməkdaşlığı Ukraynanın hərbi sahədə ciddi şəkildə güclənməsinə gətirib çıxaracaq. Eyni zamanda, Ukraynanın özünəinamını daha da gücləndirəcək. Etiraf etmək lazımdır ki, bu gün sözdə yox, əməldə Ukraynanın yanında olan yeganə dövlət Türkiyədir.

- Ermənistan Baş naziri Nikol Paşinyan bir-birinə zidd açıqlamalar verdi. Həll olunmuş münaqişəni yenidən diriltməyə çalışan Paşinyan həm Minsk qrupu çərçivəsində danışıqların yenidən başlamalı olduğunu deyir, həm də Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının vacibliyini diqqətə çatdırır. Onun bu ziddiyyəti nədən qaynaqlanır?

- Başa düşməliyik ki, Qarabağla yanaşı, sərhəd istiqamətində də Azərbaycanın mövqelərinin atəşə tutulması Ermənistan rəhbərliyinin istəyindən asılı olmayan və onun maşa olduğunu sübut edən hadisələrdir. Xüsusən Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki separatçılar onların icazəsi olmadan bizə qarşı bir güllə belə ata bilməzlər. Buna onların nə hünəri, nə də cəsarəti var, eyni zamanda, onların bunun üçün iqtisadi və hərbi gücü yoxdur. Hesab edirəm ki, hər gün atəşkəsin pozulması Rusiyanın öz məqsədlərinə çatmaq üçün yenə də “erməni kartı”ndan istifadə etməsi kimi qiymətləndirilməlidir.

Rusiyanın Azərbaycandan bir neçə yöndə istəyi olsa da, Bakı bunları yerinə yetirməyə razı deyil. Azərbaycan əldə edilmiş üçtərəfli anlaşmaların yerinə yetirilməsinin tərəfdarıdır. 10 noyabr anlaşmasının imzalanmasından az qala bir il baxt keçir, amma biz hələ də Ermənistanın burada yer alan müddəaları yerinə yetirmədiyini görürük.

Əgər bu gün Qarabağda Rusiya sülhməramlılarının arxasında gizlənən erməni diversantlar Azərbaycan ordusuna atəş açırsa, birbaşa məsuliyyət daşıyan tərəf Moskvadır. Rusiya Müdafiə Nazirliyi isə Azərbaycanı atəşkəsi pozmaqda günahlandırdı, heç bir açıqlamasında erməni qanunsuz birləşmələrinin günahkar olduğunu demədi. Eyni zamanda, Rusiya tərəfi Qarabağla bağlı lazım olmayan ifadələrdən istifadə edir. Qarabağın dağlıq hissəsindəki rayon və kənd adlarını çəkərkən, onları ermənicə səsləndirir. Əlbəttə, bunlar Azərbaycanın xoşuna gələ bilməz. Deməli, məsələlərin həllinin qarşısındakı əsas maneə Ermənistan yox, Rusiyadır.

Paşinyana gəldikdə, özünü qərbpərəst siyasətçi kimi göstərən Ermənistan baş naziri dünənə qədər ölkəsində Rusiyaya qarşı addımlar atmaqdan çəkinmirdi. Amma 44 günlük müharibədən sonra tamamilə Rusiyanın çətiri altında əyləşdi. Onun bu çətirin altına çəkilməsi qeyri-mümkün görünürdü. Əks təqdirdə, baş verənlər ona baha başa gələcəkdi. Putinin şərtlərini qəbul edən Paşinyan öz həyatını və hakimiyyətini sığortalamaq üçün xarici siyasətində ciddi dəyişiklik etdi.

Kommunikasiyalarla bağlı açıqlamaya gəldikdə, Ermənistan bu xətlərin açılmasında maraqlıdır. Çünki kommunikasiyaların açılması Ermənistanın əl-qolunu bağlayan blokadanın aradan qaldırılmasına şərait yarada bilər. Ermənistan istəyir ki, Naxçıvan istiqamətindən İrana, Qazaxdan da Rusiyaya nəqliyyat xətlərini bərpa etsin. Paşinyan Zəngəzur məsələsində “dəhliz” terminindən istifadə etməyin tərəfdarı deyil. Ümumiyyətlə, bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin bu və ya digər adlar altında istifadəyə verilməsindən gedir.

Amma hadisələr göstərir ki, hələlik bu haqda danışmaq tezdir. Çünki bu xətlərin açılması siyasi məsələlərin həlli olmadan mümkün deyil. Ermənistan bunun üçün ilk növbədə üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirməlidir. İkincisi, sərhədlər müəyyənləşdirilməlidir. Bu, bizim üçün əsas prioritetlərdən biridir. Sərhədlərin delimitasiya və demarkasiyası o deməkdir ki, Ermənistanın Qarabağla bağlı spekulyasiyaları zəifləyəcək. Üçüncüsü, Qarabağdakı qanunsuz silahlı birləşmələr çıxarılmalıdır. Amma bu məsələ Ermənistanla yox, Rusiya ilə həll edilməlidir.

Məhv olmaq üzrə olan Ermənistan dövləti öz gələcəyini seçməlidir. Bu baxımdan, Ermənistanın birbaşa Azərbaycanla dialoq qurması onun üçün üçtərəfli və ya çoxtərəfli müzakirələrdən daha məqbul sayıla bilər. Amma məlum məsələdir ki, üçüncü ölkələr buna imkan verməyəcəklər.

- Bəs Paşinyanın Minsk qrupu ilə bağlı açıqlamasının izahı nə ola bilər?

- Paşinyan bununla Fransa və ABŞ-a mesaj göndərir ki, Ermənistan bu gün Rusiyanın bölgədə tək güc olmasında maraqlı deyil. Görünən budur ki, Paris və Vaşinqtonun bölgədə post-münaqişə dönəmindəki proseslərdə iştirakını təmin etmək üçün əlindən gələni edəcək. Əslində, Paşinyan ikili oynayır. Azərbaycan tərəfi isə qətiyyətlə bildirib ki, Qarabağın dağlıq hissəsinə statusun verilməsindən söhbət gedə bilməz.

Əgər Minsk qrupu Azərbaycan və Ermənistan arasında danışıqları bərpa etmək istəyirsə, bu, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və sülh müqaviləsi ilə bağlı ola bilər. Bu cəhdlər heç bir halda “Qarabağın statusu” ilə bağlı olmamalıdır. Ermənistan və Minsk qrupunun cəhdləri isə bu yöndə danışıqların aparılmasına hesablanıb. Amma Minsk qrupu ötən 30 il ərzində Ermənistanı vadar etmədi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin. İndi də onlar illərlə oturub gözləsinlər ki, Bakı öz razılığını verəcək

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı