Bu gün Türkiyə-Rusiya əməkdaşlığını çoxları "mehriban düşmənlər"in zorən müttəfiqliyi adlandırır.
Bəs Sizcə, Bu əlaqələri gerçək və səmimi müttəfiqlik münasibətlərinə çevirmək üçün nə çatışmır?
Doğrudanmı fitnəkar Ermənistan Rusiya üçün o qədərmi vazkeçilməz ölkə oldu ki, Azərbaycan və Türkiyə kimi ölkələrin maraqlarını təmin etməkdən imtina etsin?
Oxu24.com-un əməkdaşı bu suallarla Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının fikirlərini öyrənib: "Mən Rusiyanı əbədi müttəfiq, ya da uzun müddətli dost kimi qəbul etmirəm. Tarixi örnəklər ortadadır. Osmanlı dövlətini digər xristian ölkələri ilə işbirliyinə girib onu indiki sərhədlərinə çəkilməyə məcbur edən ölkələrdən biri elə Rusiyadır. Türk millətinin başına gələn bəlaların baiskarı da Rusiya olmuşdur. Azərbaycanın Qarabağını da işğal edib ermənilərə verən və bu problemin həllinə əngəl olan da Rusiyadır. Azərbaycan və Türkiyə Rusiya üçün düşdüyü indiki krizisdən və ABŞ-ın sanksiyalarını yumşatmaq üçün istifadə etdiyi və heç vaxt bunların maraqlarını təmin etməyəcəyi bir dövlətdir.
Ermənistanı isə Rusiyanın bu bölgədə bir qalası təsəvvür edin. Bu qalada o həm özünün maraqlarını təmin edir, istənilən anda isə bizim dövlətlər üçün təhlükəli qərarlara imza atacaq. Ermənistan ona görə vazkeçilməzdir ki, həmin dövləti maraqlarını təmin etmək üçün istifadə olunacaq. Özü də hər zaman. Bu təsbit yalnız mənim gəldiyim nəticə deyil, dünyanın ən məşhur siyasət alimləri bu fikirdədirlər. Erməni politoloqların özləri də. Ona görə də arxayındırlar. Paşinyan da ona görə yekə - yekə danışır ki, bilir Rusiya hər necə olsa onları atmayacaq. Belə demək mümkünsə, "hələ onların istifadə müddəti başa çatmayıb." Əgər biz - Türkiyə ilə Azərbaycan bu gerçəkləri dərk edərək siyasətimizi zamana uyğun qura bilsək, Rusiyanı Ermənistanla bağlı bəzi siyasətlərindən geri döndərməyə nail ola bilərik. Ən azından Qarabağla bağlı bəzi situasiyalarda Rusiyanı tərəfsiz mövqe nümayiş etdirməsinə nail olmaq olar. Bu da qarşılıqlı güzəştlər hesabına olmalıdır. Şübhəsiz, Azərbaycanın Rusiyaya təsir etmək imkanları məhduddur. Amma Türkiyənin var. Özü də Amerikan - Rusiya gərginliyinin dırmanışa keçəcəyi indiki günlərdə. Siyasət həm də fürsətlərin dəyərləndirilməsi elmidir". Oxu24.com
ŞƏRHLƏR