Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56426
az

“Azərbaycanda xadimə, fəhlə həkimdən çox qazanır” - Nazir olmaq istəyən həkimlə MÜSAHİBƏ

10:1213 İyul, 2021
7501
MÜSAHİBƏ
  • A

Əgər vəziyyət tezliklə düzəlməsə, yaxın gələcəkdə tibbi kadr yetməzliyi yaşaya bilərik.

KT-də ionlaşmış şüalardan istifadə edildiyinə görə, müayinənin göstərişsiz tətbiqi yolverilməzdir. Çünki bu şüaların hüceyrələrə bioloiji təsiri var.

Azərbaycanda pandemiya dönəmində aktual məsələlərə fərqli və tənqidi çıxışları ilə seçilən həkimlərdən biri də Aydın Əliyev idi. O, səhyyənin maraqlı personalarındandır. İctimiyyət həm də onu Səhiyyə naziri postuna öz namizədliyini çəkinmədən irəli sürən ilk həkim kimi də tanıdı.

Azərbaycan Həkimləri İctimai Birlyinin təsisçilərindən biri, radioloq həkim Aydın Əliyev medicina.az -ın səhiyyənin bu günkü problemləri barədə suallarını cavablandırıb:


- Doktor, səhiyyə naziri olmaq arzusu nə vaxt yarandı və kolleqalarınız bunu necə qarşıladı? Ümumiyyətlə, nazir olmağa ümid varmı?

- Bilirsiz ki, Sovet hökuməti dağılandan sonra bizim səhiyyəmiz böyük durğunluq dövrünə daxil oldu, ciddi böhranlar yaşadıq. Bir ara peyvənd qıtlığı yarandı, difteriya, polimielit yayıldı. Biz indiyənə kimi dünya inkişaf etmiş ölkələrin səhiyyə sistemini mənimsəyib, normal tətbiq edə bilməmişik. Və sovet sistemi də hələ də ölkəmizdə sonlanmayıb. Sanki ikisinin arasında qalmışıq. Ona görə də səhiyyənin problemləri bitmir. Bu problemlərin obyektiv səbəbləri də var. Məsələn, Tyrkiyədə səhiyyə sistemi güclüdür. Onilliklər ərzində tədricən doğru yöndə formalaşan sistem qurulub. Bizdə isə əvvəl yaxşı-pis bir sistem var idi, amma bu sistem sıfırlandı, yendən bir sistem qurmağa başladıq. Yeni bir sistemin sıfırdan qurulması da çətindir. Onminlərlə həkimin təkmiləşdirilməsi çətin məsələdir.
Bu gün səhiyyədə vəzifə tutub və bu vəzifəni icra edib, səhiyyəni yenidən qurub, problemləri həll etməyi bacarmaq çox çətindir. Ürəyimizdən keçə bilər, amma işin içinə daxil olduqda çox çətin olur. Düzdür, mən namizədliyimi irəli sürdüm, amma burda məqsəd nazir olmaq, səlahiyyət əldə etmək olmayıb. Mən səmimi deyim, məqsəd ayrıdır. Xüsusən pandemiya dövründə səhiyyə yükləndi. Bu zaman problemlər daha qabarıq özünü göstərdi.

 

Məni də bir səhiyyə işçisi kimi bunlar narahat etdi. Səhiyyənn inkişafına xidmət etmək üçün özümdə bu potensialı gördüm, bu sistemə yararlı olmağım üçün çalşdım. Digər tərəfdən mən başa düşürəm ki, bu çox çətin məsələdir.
Bacarmayacağımı düşünsəydim, onu yazmazdım. Mən 15 yaşında Tibb Universitetinə qəbul olmuşam, artıq 30 ilə yaxındır tibb sahəsindəyəm. Azərbaycan səhiyyə sistemindən yetəri qədər məlumatlıyam, çatışmazlıqları da bilirəm. Düşünürəm ki, kömək edə bilərik. Amma səhiyyə naziri seçkili yox, təyinatla olur. Məsləhət olarsa, düşünürəm ki, önəmli bir töhfə verə bilərəm. Olmazsa yenə də yardım etməyə hazıram.

- Bizim ikinci qurumumuz da var - TƏBİB. Siz orda da faydalı ola bilərsiz?

- Əslində, 3 qurumdur. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB. TƏBİB İcbari Tibbi sığortanın tabeçiyindədir. Biz Azərbaycan Həkimlər Birliyimizin adından da bu məsələyə toxunmuşduq. İdarəçilikdə bir neçə qurumun olması müəyyən problemlər yaradır.

Səhiyyə nazirliyi bir qərar verir, digər qurum isə bununla razılaşmır. Napoleonun bir yaxşı sözü var: “Bir pis komandan 2 yaxşı komandandan üstün olur”. Və yaxud təmsildəki kimi, balıq dənizə, quş havaya çəkir. Hərə ipi bir tərəfə çəkəndə, iş görmək də çətinləşir. Bir el misalı da var: “Mamaça çox olanda, döl tərsinə gələr”.

Mən də, eləcə də çox həmkarlarım vahid idarəçilyin olmasının tərəfdarıyıq. Alternativ qurumlar fərlqi təkliflər isəli sürəndə, onun müzakirəsi və qəbulu da uzun çəkir, ortada görülən işlər də az olur. Səhiyyənin vahid qurum tərəfindən idarə olunması məqsədəuyğundur.


Biz həkimə 300-500 maaş verib, ondan Avropa standartlarında iş tələb edə bilmərik.
Bu absurdur.


- Necə bilirsiz, yaxın 5 ilə bütün bunlar bir qurumda birləşəcəkmi və Səhiyyə Nazirliyi ləğv oluna bilərmi?

- Proqnoz vermək çətindir. Dəqiq onu bilirəm ki, hazırda nə bir qurum, nə də yeni yaranan qurum səhiyyə məsələlərinin öhdəsindən yetəri qədər gəlmir. Bunu mən dedim-demədim, hamı bunu görür. Qalileo demişkən, desəm də, deməsəm də Yer fırlanır axı. Ortada əziyyəti xalq çəkir, bir də tibb ordusu. Bildiyim qədəri ilə son aylar icbari tibbi sığorta ilə işləyən həkim və tibb işçilərinin sığorta əlavələri aylardır ki, verilmir.

Təsəvvür edin ki, bir abutiriyent Tibb Universitetinə qəbul olur, 6 il oxuyur. Sonra ixtisas almaq üçün 2-3 il də rezidentura keçir. Daha yüksək səviyyəli mütəxəssis olmaq üçün ortalama 10 il ömründən vaxt sərf edir. Ondan sorna Azərbaycanda işə düzəlir. Və bugünkü reallıqla icbari tibbi sığorta ilə işləyən həkimlərə fiks olaraq aylıq 370 manat maaş təyin edilib. Müalicə və müayinə üçün bir də sığorta əlavəsi olacaq.

Təbii ki, bütün dünyada belədir, amma orda maaş qat-qat yüksəkdir. Bu maaşın üzərinə sığorta əlavəsi gəlməlidir. Və mənim dostlarım, tələbə yoldaşlarım var ki, bölgələrdə həkim kimi çalışırlar, aylardır o əlavəni ala bilmirlər. Qalıblar 370 manatın ümidinə.

Burda əsas məqsəd pulun, maaşın müzakirəsi deyil. Hər hansı sənətdə işçidən keyfiyyətli iş tələb etmək üçün, işçinin bu işdə yararlı olması üçün onun bir maddi təminatı olmalıdır. Biz həkimə 300-500 maaş verib, ondan Avropa standartlarında iş tələb edə bilmərik. Bu absurdur. Öncə bir təminat olmalıdır, sonra tələblər gəlməlidir.

- İnsanlar düşünür ki, həkim onsuz da qazanır. Elə həkimlər var ki, əməliyyatlardan, özəl klinikalarda kifayət qədər yaxşı qazanır və hətta zəngin həkimlər də var.

- Birincisi, həkim qazanmalı, yaxşı yaşamalıdır. Bayaq dediyim kimi, 17 yaşından 10 ilini və eləcə də maddi vəsaitini xərcləyib həkim olmaq asan iş deyil . Kim ömründən 10 il xərcləyib təhsil alır. Həkimlik cəmiyyətin ən ali peşələrindən biridir. Bütün dünyada həkimlər yaxşı qazanır. Həkimin fikri maaşda, maddi problemlərində, borcda-xərcdə qalmamalıdır. Həkimin evində sıxıntı olmamaldır. O zaman onun diqqəti xəstəsində olacaq.

Bizim keçmiş tələbəmiz var, Qobustan qəsəbəsində poliklnikaya təyinat veriblər. LOR həkimidir. Hər gün 70 km yol gedir-gəlir, həftədə 3 dəfə. Xəstə də azdır. Bu gənc həkim 7 ilini LOR olmaq üçün sərf edib. Hələ ondan əvvəl Tibb Universitetinə hazırlıqlar, kurslar. Bilirsiz ki, tibbə daxil olmaq üçün yüksək bal tələb olunur. 30 yaşı var, gəncliyinin ən gözəl dövrü. İndi işləməyə başlayıb və heç bir ümidi doğrulmayıb.

Çarəsizlik içindədir. Maaş 370 manat, xəstə yox, icbari tibbi sığorta ilə gəlir yox. Mənə dedi ki, Almaniyaya gedib orda işləmək istəyirəm. Bu gənc daha bir neçə ilini qurban verib yenidən oxumağa, dil öyrənməyə hazırdır ki, normal həyat sürə bilsin. Çünki ölkədə həkimə verlən maaşla heç nə əldə edə bilməyəcək.

Doğulandan ölənə kimi insanın sağlamlıq anamnezi sistemdə qeyd olunmalı,
onun kodu olmalıdır


- Bəlkə burda da şans məsələsi var. Niyə LOR peşəsini seçdi, niyə poliklinikaya dövlət təyinatını gözlədi. Axı özəl klinikalarda estetik plastik cərrahlar, mama ginekoloqlar, burun cərrahları var ki, yaxşı qazanır. Bəlkə, həkimliyə də bir biznes kimi baxıb, tələbatlı sahəni seçmək lazımdı?.

- Xeyr, sizin yanaşma fərqldir. Burda ümumi yanaşmaq lazımdır. Tibdə lazımsız ixtisas yoxdur. Şöhrət, pul üçün dəbdə olan ixtisasları seçmək də düzgün deyil. Bəs LOR kim olacaq, anestezioloq, travmatoloq, terapevt kim olmalıdır? İcbari tibb sığorta tətbiq olunur, xəstələrə kim baxacaq? Elə hamı estetik əməliyyat etdirmir ki. O gənc heç də səhv seçim etməyib. Səhv sistemdədir.

Bir azdan xəstələrin həkimə pul verməsi də yığışdırılır. Biz pasiyentləri, bu xalqı da nəzərə almalıyıq. İndi hamının imkanı varmı ki, özəl xəstəxanada nağd şəkildə pulunu ödəyib o bahalı həkimlərin xismətindən istifadə etsin? İcbari tibbi sığorta aktivləşəndən sonra o özəllərə gedənlərin çoxu da pulsuz tibbi xidmətə üz tutacaq . Çünki insanların imkanı yoxdur. Əksinə, o dediyiniz peşələrin xəstəsi az olacaq.

Çox az insanın imkanı çatar. Yerdə qalanlar nə etsin? Nə qədər insan var ki, əməliyyat olmalıdır, pulu yoxdur olmur. Xəstə pulu düşünməməlidir.

Sığortada isə xəstə evdə gözləməyəcək, gedib müalicəsini də alacaq, əməliyyat da olacaq. Çox bahalı əməliyyatları ödənişsiz, sığorta ilə etdiriblər. Bu gözəl bir işdir. Amma dediyim kimi, burda 2 əsas tərəf var: pasiyent və tibb işçisinin məmnunluğu. Hər ikisi təmin olunmalıdır. Həkimlərin problemləri nəzərə alınmalıdır.

- İdeal səhiyyə sistemini necə təsəvvür edirsiz? Siz məsələn, nazir olsaydız, nədən başlayardız?

- Bu belə olmalıdır. Gənclər ailə qurur, qadın hamilə olduğu, qadın məsləhətxanasına müraciət etdiyi gündən bətnindəki uşaq sistemdə qeydiyyata alınır. Proses izlənilir, doğuşdan sonra uşaq üçün həmin andan bir kod açılıb ümumi portala daxil edilir. Doğulan andan vəziyyəti, göstəriciləri, vurulan peyvəndləri, doğulandan nə müalicələr keçib, hansı problemləri olub hamısı bura qeyd edilir.

Doğuşdan ölənə kimi sağlamlıq həyatı sistemdə qeyd olunur. Allergiyası varmı, hansı dərmanlar olmaz, hansı dərmanları alıb. Uşaq böyüyür, yeniyetməlik, gənclik dövründə gələcəkdə fərqi yoxdur, özəl və ya dövlət xəstəxanasına müraciət etdikdə, həkim həmin sağlıq kodu ilə sistemdə o pasiyent barədə bütün məlumatları görür və belə deyək, qarşısındakı insan barədə bütün lazımi informasiyanı alır.

Uşağa yazılan resetplər, müalicənin nəticələri bunlar vacibdur. Bizdə belə deyil. Uşaq 4-5 həkimə gedir, uşağa baxan həkim uşaq barədə məlumatsızdır. Bu uşağın 1 il əvvəl sağlıq durumu necə olub, əvvəlki xəstəlikləri, öncəki həkim nə yazıb onu bilmir. Götürüb özü də bir resept yazır.

Həyat anamnezi çox vacibdir, bu ideal səhiyyə sistemində olmalıdır. Belə bir sistemi Almaniyada görmüşdüm. Bunları Səhiyyə Nazirliyinə təklif etmişdik. Çox güman ki, bu sistem yaradılacaq.

- Bu sistem indi kovid peyvəndində də işə yarayardı. Çünki insanların nəyə allergiyası olması, virusa yoluxub yoluxmaması, peyvəndə yararlıdır, ya yox, bu suallara ailə həkimi bu portalda cavab tapa bilərdi.

- Bəli, çox düz deyirsiz. Bununla bağlı problemlər var, mənə də çox zəng edirlər ki, allergiyam var, zobum var, ürəyimdən əməliyyat olmuşam, peyvənd etdirim, ya yox. Bir vahid portal olsaydı, nə pasiyent kimisə aldada bilməzdi, nə də həkimin işi çətinə düşməzdi.

- Doktor, radioloq olmaq da əziyyətli ixtisasdır. Hər gənc də bu ixtisası seçmir. İcbari tibbi sığortada radioloqların vəziyyəti necədir? Rentgen, MRT, KT qiymətlərinə uyğun əlavə ödənişlər qane edicidirmi?

- Mən özüm tibbi sığorta ilə çalışmıram. Dəqiq qiymətləri, hesablamaları bilmirəm, amma təxmini bilirəm - məbləğlər kiçikdir, azdır. Bu qədər xəstəni radioloji müayinə et, amma sonda aylıq maaşın heç 1000 manata çatmasın. Bu çox azdır.

Mən artıq müşahidə edirəm ki, son illər abituriyentlər arasında tibbi seçənlər azalır. Əvvəl əksinə idi. Orta məktəbdən uşaqların 2 əsas istədiyi məşhur ixtisas var idi: həkimlik və hüquqşünaslıq. Prestijli sahə idi.

Abituriyent də perspektivə baxır, indiki həkimlərin günü güzəranına baxır, düşünür ki, həkimliyə bu qədər ilini, özəldə oxuyacaqsa pulunu sərf edib, nəticədə nə əldə edəcək, yaşayışı, gəliri necə olacaq? 10-12 ildən sonra o məbləğ üçün işləməyə dəyərmi? Çoxunun cavabı yox olacaq. Əgər vəziyyət tezliklə düzəlməsə, yaxın gələcəkdə tibbi kadr yetməzliyi yaşaya bilərik.

 

Təsəvvür edin, ATU_da ödənişlidə tələbə 6-7 ilə azı 40-50 min vəsait xərcləyir. Bunu nə vaxta kompensasiya edəcək, necə geri qaytaracaq?


Oxumayan, təhsilə vaxt, vəsait ayırmayan bir peşə ilə
10 il oxumuş həkimin maaşının eyni olması sosial ədalətsizlikdir.


- Bəs sizcə orta dərəcəli həkimin icbari tibbi sığorta ilə çalışan həkimin aylıq əmək haqqı minimum mə qədər olmalıdır. Ən azı 1000 manat düşünmək olarmı?

- Bəli, ən azı. Mən bir dəfə müqayisə apardım. Bizdə bir fəhlə və xadimə günlük 20-30 manata iş görür. Bu da ayda 500-600 manat edir. Oxumayan, təhsilə vaxt, vəsait ayırmayan bir peşə ilə 10 il oxumuş həkimin maaşının eyni olması sosial ədalətsizlikdir.

Son vaxtlar gənclər arasında narkomaniyaya meyillik artıb. Digər tərəfdən oxumağa, elmə meyil azalıb. Gənclərə sual verəndə ki, niyə oxumursan. Deyir oxuyanlar nə edib ki?

Uşaq baxmalıdır ki, həqiqi alim, həkim yaxşı yaşayır, hər bir şəraiti, hörməti, yeri, gələcəyi var. Əlbəttə elmi seçəcək ki, mən də elə olum. Bizdə hansı alim hansı kəşfgi edib? Ya kəşf edənin hansı dəyəri alıb?

Bu gün perspektivli gənclərimiz var. Bu, 1 %-dir. Qalanı ümidsizlik içindədir. Biz hamımız istəyirik ki, övladımız küçəyə çıxanda azad, sərbəst, başı uca hərəkət etsin. Oxuyan, elmli uşaq zərərli vərdişlərdən uzaq olur, yerini bilir, mədəni olur. Oxumuş insanların yaxşı yaşaması gələcək nəslə stimul verir. Uşaq görəndə ki, həkim əziyyət çəkir, amma 370 manat maaş alır, oxuyarmı? Yox!

Bəli, bizdə də seçilən, uzman, yaxşı qazanan, tələbatlı cərrahlar, həkimlər var. Biz xaricdə böyük məktəb keçib gələnlərin qiymətini elə verməliyik ki, o bir də ölkədən getməsin. Səhiyyədə barmaqla sayılacaq qədər mütəxəssisrlər var, onlar qat- qat üstün yaşamalıdır. Zəngin olmalıdır. Onların gördüyü işi hər həkim görə bilmir. O da onu öyrənənə kimi ömrünü, pulunu xərcləyib.

Amma 10 milyon insana 5-10 həkim tibbi xidmət göstərmir ki. Poliklinika, dövlət xəstəxanaları, klinkialarında işləyən minlərlə tibb işçisi var. Bütün Azərbaycanın səhiyyə yükü məhz onların çiynində dayanıb. 5-10 nəfərin yaxşı yaşaması ilə iş bitmir. Axını yaxşı istiqamətə, inkişafa yönəltmək lazımdır.


KT-də ionlaşmış şüalardan istifadə edildiyinə görə, müayinənin göstərişsiz tətbiqi yolverilməzdir.
Çünki bu şüaların hüceyrələrə bioloiji təsiri var.

- Gələk sizin sahəyə: radiologiya. Pandemiya dövründə iş elə gətirdi ki, minlərlə insan KT şüalanmasından keçdi. Yəqin, sizin işinizdə rast gəlinir, xəstə qapını açır ki, ödənişi etmişəm, məni KT et baxaq görək nə var. Xəstənin öz –özünə KT, MRT təyin etməsi nə dərəcədə doğrudur və xəstənin sözü ilə bu müayinənin həkim tərəfindən icrası nə dərəcədə düzgündür?

- Fikir verirsizmi, suallar və cavablarımızın əksəriyyəti sistem qüsurlarının üzərində gəlib dayanır. Əlbəttə ki, düzgün səhiyyə sistemində xəstə gəlib birbaşa öz istəyi ilə KT müayinəsindən keçmir. Bunu müalicə həkimi təyin etməlidir ki, bu şəxsə hansı əsasla, hansı protokol əsasında KT və Ya MRT lazımdır. Rentgendən tutmuş UZİ-yə kimi bu aiddir.
Bir xəstə müraciət edir həkimə, həkim analizər, müayinələr təyin edir. KT və ya MRT. Sonra o xəstə başqa həkimə müraciət edir, o deyir yox, lazım deyil və başqa müayinələr təyin edir. Xəstə qalır çaş -baş ki, 2 həkim fərqli yanaşma. Hansı düz etdi? Bu onun nəticəsidir ki, həkimlər üçün vahid protokollar yoxdur. Hər kəs vahid standart protkolla işləməlidir, ondan kənara çıxmaq olmaz.

Həm özəl sektorun mükəmməl formalaşmaması və maddi maraqların olması, həm də dövlət sektorunda çatışmamazlıq radioloji xaos yaradır.

Pandemiya dövründə təbii ki, panikadan səhvlər oldu. Bİr tərəfdən də yoluxma sayı çox olanda həkim çatışmazlığı oldu, təcili yardımlar çatdırmadıı, xəstə belə deyək özü - özünə çarə axtardı.

KT-də ionlaşmış şüalardan istifadə edildiyinə görə, müayinənin göstərişsiz tətbiqi yolverilməzdir. Çünki bu şüaların hüceyrələrə bioloiji təsiri var. Əgər o müayinəyə ehtiyac yoxdursa, insan üçün risklidir. Amma ehtiyac varsa, xəstəyə zərəri və faydası hesablanır.

Kovid və digər infeksion xəstəlikdə saturasiya 95-dən yuxarıdırsa, KT ehtiyac yoxdur. Bunu yadda saxlayın. 95-dən aşağıdırsa ola bilər.

Rentgeni, KT-ni çəkən həkim yox, texniklər olur, daha sonra çəkilənə həkim baxıb, rəy yazır. Bizdə tibb texnikiumda, kollecində rentgen texnik və radioloji texnik ixtisası yoxdur. Ona görə axsamalar var. Bizə belə bir ixtisas lazımdır. Radioloji texnik işləyən şəxs oxumalı, bunun elmini öyrənməlidir. Yaxşı olar ki, kollecdə bu ixtisası yaratsınlar, çünki ehtiyac böyükdür.

- KT cihazı həkim və xəstə üçün nə dərəcədə təhlükəlidir?

- Qaydaları, cihazla necə davranmağı düzgün biləndən sonra qorxusu yoxdur. Beynəlxalq Atom enerjisi təşkilatı var: ALARA. Onun tövsiyə etdiyi qayda budur: Ən aşağı şüa dozası ilə ən yaxşı effekt əldə etmək. Bütün dünya radioloqları bunun üçün çalışır. Mən də maksimum az şüalanma ilə işləyirəm. Xəstənin çox şüalanıb-şüalanmaması bu baxımdan radioloqdan asılıdır. Hər kəs çalışmalıdır ki, az şüa verib, yaxşı nəticə əldə etsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi