Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” nəşrində Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə dair məqaləsi dərc olunub.
Oxu24.com -un xəbərinə görə, məqalədə Hikmət Hacıyev xatırladıb ki, 2020-ci ilin noyabrında hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisində tutulmuş 15 erməni hərbçisi Ermənistana təhvil verilib, Ermənistan isə bunun əvəzində Azərbaycan torpaqlarında mina yerləşdirdiyi ərazilərin xəritəsini Azərbaycana verib. O qeyd edib ki, Azərbaycan etimadın yaradılması üçün növbəti addımları atmağa hazırdır.
“Bu diplomatik irəliləyişə əsaslanaraq qarşıdurmanı əməkdaşlığa çevirməliyik. Çünki bizi qarşıda çox iş gözləyir”, - Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycana təhvil verilmiş xəritələrdə yalnız bir azad olunmuş rayondakı minaların yeri göstərilir: “Daha çox xəritə verilməyincə digər rayonlarda minalardan təmizlənmə prosesi sanki kor-koranə davam edəcək. Baş nazir Paşinyan özü də etiraf edib ki, verilmiş xəritələr Ermənistanın əlində olan xəritələrin yalnız kiçik bir hissəsidir”.
Hikmət Hacıyev Azərbaycan ərazilərində hələ nə qədər minanın qaldığının bilinmədiyini qeyd edib: “Qarabağ dünyanın ən intensiv şəkildə minalanmış ərazisi hesab olunur: 1990-cı illərin Birinci Qarabağ müharibəsindən bəri bu yaxınlaradək mövcud olmuş təmas xətti boyunca 1,5 milyard kvadrat metrdən çox ərazidə partlayıcı quraşdırılıb – bu ərazi Şimali və Cənubi Koreya arasında Demilitarizasiya Zonası ilə müqayisədə daha çox partlayıcılarla çirklənib”.
“Azərbaycanlılar bu torpaqlara artıq qədəm basa bildiklərinə görə, yerli mətbuatda insan faciələri barədə xəbərlər mütəmadi olaraq dərc olunur. Atəşkəs elan olunandan bəri 140 mülki vətəndaş – 30 illik sürgündən sonra evlərinin qalıqlarını görmək istəyən məcburi köçkünlər – bu ərazilərdə həlak olub. Bu yaxınlarda, iki jurnalist onları daşıyan avtomobilin geri çəkilən erməni qüvvələri tərəfindən yerləşdirilmiş tank əleyhinə minaya düşməsi nəticəsində həyatını itirib”, - Prezidentin köməkçisi bildirib.
Hikmət Hacıyev məqaləsində qeyd edib ki, bu kimi hadisələr barışığa böyük əngəl yaradır: “Noyabrda Moskvada hərbi əməliyyatların sona çatmasına dair atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, azərbaycanlı mülki əhali hələ də həlak olur”.
O həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistan hökumətinə əllərində olan mina xəritələrinin sayını açıqlamaq üçün müraciət edib.
Hikmət Hacıyev məqalədə Zəngəzur Dəhlizinə də toxunub:
“Azərbaycanı Ermənistanla birləşdirən dəmir yolu və avtomobil yolunun - Zəngəzur Dəhlizinin yenidən açılması həm ölkələrimiz, həm də bütün bölgə üçün iqtisadi fürsətlər yaradacaq”.
Onun sözlərinə görə, Zəngəzur Dəhlizi Naxçıvanın təcridinə son qoyacaq, Ermənistanın paytaxtı Yerevanı quru yolu ilə Moskva və digər paytaxtlarla Azərbaycan ərazisi vasitəsilə birləşdirə biləcək.
Hikmət Hacıyev Minsk Qrupunun fəaliyyətinə də toxunub: “Bölgədə baş verən bu transformasiya prosesində ümid edirik ki, 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi altında yaradılan və vasitəçi orqan olan Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi olacaq”.
O qeyd edib ki, Minsk Qrupu Ermənistan və Azərbaycan arasında qarşıdakı illərdə etimadın artırılmasında mühüm rol oynaya bilər.
“Bu gün bizə sabitlik və bunun nəticəsində birgə rifah şansı təklif olunur. Bir-birimizi tanımaq, birlikdə daha təhlükəsiz böyümək və inkişaf etmək fürsətimiz var. Sonda bütün bu etimadın yaradılması tədbirləri bizi Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinə gətirib çıxara bilər. Ancaq sülh və əməkdaşlıq əvəzinə revanşizmə can atmaq başqa bir fəlakət və faciə gətirə bilər”, - Hikmət Hacıyev vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR