Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
535
az

Özünü ölümə atıb əsgərlərini xilas edən komandir: Elnur Əliyevin həyat yolu

12:0412 Aprel, 2018
5412
QARABAĞ
  • A
1991-ci il idi. Elnur Əliyev Cəmşid Naxçivanski adına hərbi məktəbə qəbul olunması haqqında xəbəri ailələrinə çatdırmaq üçün Füzulinin Dədəli kəndindəki evlərinə tələsirdi. Kəndı çatanda qarşısına ilk çıxan məktəb müəlliməsi Qənirə Hüseynova olmuşdu. Xəbəri ona deyəndə, sevindiyindən özü də ağlamış, müəlliməsini də ağlatmışdı.

Adil Əliyevlə Svetlananın ilk övladı idi Elnur. Elnurdan sonra ailənin daha iki oğlu və bir qızı doğulmuşdu. Amma nədənsə kənddə, qohum-əqraba arasında hamı Elnuru daha çox sevirdi. Elnur evə az-az gəlirdi. Başı dərslərinə qarışmışdı.
1994-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu.

Femida.az “Aprel şəhidləri” haqqında növbəti yazını təqdim edir...

O hərbi peşəni özünə həyat amalı seçəndə, hələ doğma kəndləri işğal olunmamışdı. 1992-ci ildə Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunmağa başlayanda, kəndin cavanları kimi o da gedib könüllü dəstəyə yazılmışdı. Lakin 19 yaşlı bu gənci atası bir tərəhər yola gətirib, yenidən təhsilinə qaytarmışdı. Adil kişi bu dəliqanlı oğluna məsləhət verərək demişdi ki, Vətəni hərbi biliklərə yiyələnəndən sonra müdafiə etmək daha məqsədəuyğundur. Çünki Azərbaycana Milli Ordu gərəkdir. Oxu ki, bu Ordunun yaradılmasında xidmətin olsun. Bu sözlər də bir həyat devizi kimi o vaxtdan Elnur Əliyevin beyninə həkk oldu.

1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) bitirən kimi onu N saylı hərbi hissəyə motoatıcı taqım komandiri təyin etdilər. 2001-ci ilin iyun ayından 2008-ci ilin may ayına qədər N saylı hərbi hissədə motoatıcı bölük komandiri oldu. Artıq təcrübəli hərbçi özü də hərbçilər yetişdirir, özünün cəsurluğunu, cəsarətini yanındakı əsgərlərinə də öyrədirdi.

Uzun illər Elnur Əliyevlə dost olmuş, onunla birlikdə Vətənin müdafiəsində iştirak etmiş silahdaşı, mayor Əbil Əbilovun dediklərindən:

- Elnurla gəncliyimizdən bir yerdə böyüdük. Bir yerdə oxuduq. Elnur bir başqa aləm idi. Saf, mərd, igid… Ona “Dəli Elnur” deyirdik. Çünki harada irəli getmək lazım olurdusa, özünü qabağa verirdi. İstəyirdi ki, ən çətin işləri özü görsün.
2001-ci ildə Füzulidə düşməndən bir postun geri alınmasına nail oldu. O postun adı indi də “Təzə post”dur. 2005-ci ildə isə Tovuzda yenə ermənilərdən bir postun geri alınmasına özü rəhbərlik etdi. İrəlidə getdi. Həmin post alınanda Dilqəm adlı bir əsgərimiz şəhid oldu. Postun adını da “Dilqəm” adlandırdıq.

Elnur həm təcrübəli, həm də cəsur döyüşçü idi. Tovuzun Qaralar kəndi erməni ilə sərhəddə ən yaxın və ən təhlükəli yerdir. Nədirsə belə təhlükələrin üstünə hər zaman Elnur Əliyev gedirdi. Elnur 6 il mənim zabitim oldu. Bir dəfə də olsun ondan intizamsızlıq, namərdlik görmədim. Bizim səngərdə yaranan dostluğumuz qardaşlığa çevrildi. Sonralar da rəhbərlik hər zaman ən ağır və təhlükəli yerlərə onu göndərdi. Bir dəfə də olsun təkəbbür, özündən razılıq göstərmədi. O əsgərlərinə balası, qardaşı kimi baxırdı…


Elnurun xanımı Nuranə Məmmədova onunla 2005-ci ildə ailə həyatı qurub:


- Elnur anamın dayısı oğlu idi. Gözümü açıb Elnuru həmişə yanımizda görmüşdük. Elnur evimizə gələndə sevinərək qabağına qaçar, qucağına atılar, boynunu qucaqlayardıq. Tale elə gətirdi ki, böyüklərin məsləhəti ilə ailə həyatı qurduq. Sumqayıt Dövət Universitetini bitirmişdim. Toyumuz olandan sonra da Elnur məni götürüb hərbi xidmətdə olduğu Tovuzun Qaralar kəndinə apardı.
Kirayə qaldığımız ev düz dağın başında idi. Odunla ocaq qalamağı, xəmir yoğurub ocaqda çörək bişirməyi öyrəndim. Dağların qışına, soyuğuna dözdüm. Ancaq xoşbəxt idim. Bir də görürdün ki, günlərlə evə gəlmir. Elə həvəslə yolunu gözləyirdim ki, evə gələndə sevinirdim. Küsürdüm, deyirdim ki, qorxuram. Könlümü alıb deyirdi: “Nuru, mən o əsgərlərin yanında olmasam, onları qorumasam, onlar da bu Vətəni qoruya bilməzlər. Onlar həm də səni qoruyurlar. Nə qədər ki, onlar bizi qoruyurlar, qorxma”.

Tovuzun Qaralar kəndinin qışı o qədər sərt keçir ki, kəndə olan beş-on evin sakinləri qış gəlməzdən əvvəl 5 aylıq ərzaq toplayıb hazırlıq görür... Dağın başına ancaq “Vilis” və “Niva” maşınları çıxa bilir.

Əsgərlərin işıqları da olmurdu. Heç işıq olanda da gecələr yandırmırdılar. Lampa, şam işığında postları qoruyurdular ki, qarşıdan ermənilər atmasınlar. Bir dəfə səsə evdən çölə çıxdım. Gördüm ki, Elnur bir əsgəri alıb qollarının üstündə maşına tərəf qaçır. Onu “Niva” maşınına qoyub yola saldı. Sonra isə özü yerə çöküb, başını əllərinin arasına alıb xeyli oturdu. Mən də kənardan müşahidə edirdim. Yaxınlaşmağa ürək eləmirdim. Bir qədər keçəndən sonra əsgərləri gətirib su verdilər. Əl-üzün yuyub, getdi. Axşam evə gələndə dedi ki, “namərd ermənilər snayperlə ən yaxşı əsgərimi vurdular”.

Sərhəd bölgəsi idi. Bu bölgədə sağ qalmaq şans idi. Hər gün ermənilər tərəfindən atışma, təxribat olurdu. Qarşısını isə Elnurgil alırdılar. İşdə olan söhbətləri evə gətirmirdi. Nə baş verdiyini heç vaxt bilmirdim.

Elə həmin o ağır şəraitdə ilk hamiləliyim yarımçıq oldu. Birinci oğlum Elvinin doğulmasına 4 ay qalmış, fevral ayında mənim əhvalım yenə pisləşdi. Elnur çox narahat idi. Səhəri mənimlə diri açdı. Neçə dəfə demişdi ki, ya get rayon mərkəzinə, ya da Sumqayıta anangilə, getməmişdim. Deyirdim ki, mən səni bu təhlükəli yerlərdə tək qoya bilmərəm. Elə bilirdim ki, mənim nəfəsim, varlığım onu qoruyur. Gecə ilə Tovuzun başqa kəndində yaşayan qohumumuz Mahir əmiyə zəng vurdu. Mahir əmi də dedi ki, səhər o başdan gəlib məni götürəcək.

Səhər tezdən ağrılarımın çoxaldığını görən Elnur, dedi ki, dur dağın ətəyinə qədər gedək. Özü əyilib çəkmələrimi geyindirdi. Qonşu qızı dedi ki, çəkmələrin üstündən corab geyinim ki, dağ aşağı sürüşməyim. Elə də etdik. Əllərini arxasında çarpazlamış, iri addımlarla qabaqda gedirdi Elnur. Mən də onun enli kürəyinin arxasınca, qonşu qadının əlindən tuta-tuta addımlayırdım. Dağın ətəyinə çatanda gördük ki, Mahir əmi dağ yuxarı çıxmaq istəyir. Hələ bizdən incidi ki, niyə onu gözləməmişik. Məni Mahir əminin maşınına mindirib, özü xidmətdə qaldı. Dedi ki, hərbi hissəni qoyub gələ bilməz. Mən 1 ay Mahir əmigildə kənd həkiminin nəzarəti altında qalası oldum. O bir ayda Elnur bir dəfə yanıma gəlməyə macal tapmadı. Məni Sumqayıta da qaynım Nurlan apardı.

Elvin doğulandan iki ay sonra Elnur bizi görməyə gəldi. Bax beləcə bir ömür sürdük. O harda oldusa, mən də onun əsgəri oldum. Sonradan Azərbaycanın bütün sərhəd bölgələrini gəzdik. Harada qulluq elədisə, onu gecələr əsgərlərin keşiyini çəkdi. Hətta məzuniyyətə çıxanda belə, axıra qədər qalmırdı. Yarımçıq qayıdırdı işinə. Lakin bilirdim ki, harada olsa, qayıdıb evə gləcək. Onun nə zamansa evə qayıtmayacağını heç düşünməmişdim...


Nuranə Əliyeva 2016-cı il aprel ayının 2-də Lələtəpə yüksəkliyinin alınması zamanı şəhid olan həyat yoldaşı Elnur haqqında danışdıqca, hərdən anası Şairə Bayramova da söhbətimizə müdaxilə edirdi:

- Elnurgillə yaxın qohumuq. Gözümüzün qabağında böyümüşdü. Böyüdükcə də ağıllı, fərasətli bir oğlan oldu.

1993-cü ildə ermənilər Füzulinin Dədəli kəndini işğal etdilər. Biz hamılıqla Sabirabada köçdük. Bir müddətdən sonra, Sabirabadda məskunlaşan kəndçilərimizi Füzulinin işğal olunmayan Bala Bəhmənli kəndinə köçürdülər. Camaatın əksəriyyəti yenə öz el-obamızdır deyib, o tərəflərə qayıtdı. Elnurgil də Bala Bəhmənli ilə Əhmədbəylinin arasında ev tikdilər. Ev deyəndə ki, sığınacaq kimi bir yer idi. Mənim həyat yoldaşım Üzeyir Bayramov da Füzuli rayonunda Rabitə şöbəsinin mühəndisi idi. Elə oldu ki, onu Sumqayıtda 4 aylı ATS-sə mühəndis göndərdilər. Biz də ailəliklə köçüb Sumqayıtda yaşayası olduq. Allah erməniyə lənət eləsin, bizi yurd yuvamızdan didərgin saldı.

2003-cü ildə Elnurun anası xəstələndi. Mənə dedi ki, Nuranəni Elnura istəyir. Anam da bu tərəfdən düşdü üstümə ki, sözü yerə salma. Elnur anamın həm də qardaşı oğlu olduğundan, belə fikirləşirdi ki, qohumluq bağları, mehribanılığımız itməsin. 2003-cü ildə Elnurun anası vəfat elədi. 2005-ci ildə Elnur və qızıma toy çaldırdım. Biz birlikdə rəqs eləyəndə Elnurun dostları elə bildi ki, mən onun anasıyam. Birdən musiqiçilər anaya aid mahnı çaldılar. Elnurun əlləri boşalıb yanına düşdü. Üzündən öpdüm. Gözləri doldu. Qızım 10 il Elnurla ən ağır bölgələrdə yaşadı, bir dəfə onların olduqları yerlərə getmədim, narahat olmadım. Çünki bilirdim ki, qızımın yanında Elnur kimi oğul var. Evə gələndə yanımda oturar, başını da qoyardı dizlərimin üstünə, anasının iyini məndən alırdı.
Heç cürə ağlıma gətirə bilmirəm ki, mən Elnurun yoxluğundan danışıram!

Şairə xanım ailə albomlarını gətirib divanın üstünə qoydu. Elnurun 9 yaşlı oğlu Elvin və 8 yaşlı oğlu Elxan həvəslə atalarının şəkillərini götürüb mənə göstərdilər.
Şəhidin xanımı Nuranə deyir ki, elə ki, evə qonaq gəlir balaca Elxan tez gedib hərbi paltarını geyinir. Elvin də atası haqqında gündəlik yazır.


Elvini dilə tutub, xahiş etdim ki, gündəliyini mənə də göstərsin. Gətirdi, baxdım. Yazmışdı:

“Əlizadə Elvin. Ən böyük arzum Atamın istəyini yerinə yetirməkdir. Yaşım 9.

MƏNİM GÜNDƏLİYİM

Mənim atam hərbçi idi. Ona görə də tez-tez köçürdük. Mən Daşkəsəndə, Göygöldə, Mingəçevirdə, Füzulidə , Sumqayıtda olmuşam. 1-ci sinfimi Mingəçevirdə Firəngiz müəllimənin, 2-ci sinfi Rəhilə müəllimənin, 3-cü sinfi Xəyalə müəllimənin sinfində oxumuşam. Atam heç vaxt xətrimə dəyməzdi, dəysə də, sonra yumruğunun içərisində pul tutub deyərdi: “ Gəl bura sənə pul verim”. Mən gəlməyəndə qardaşıma deyərdi “gəl sənə verim”. Ancaq qardaşim gələndə yenə “yox əəəə... Elvinə verəcəm” deyərdi. Mən gəlirdim, əlimdən tutub sonra isə barışardıq. Anamın əlində işi olanda mənə deyərdi ki, “Elvin, mənə çay süz”. Ya da ki, mənə deyərdi ki, “Elvin, yeməyə nə var?”. Anam da ona yemək verirdi. Sonra mən böyüdüm. 9 yaşım var idi. Bir gün xəbər gəldi ki, 02.04.2016-ci ildə Əliyev Elnur şəhid olub. Bu, bizə çox pis təsir etdi.

Mən istəyirəm ki, atama layiq övlad olum. Atamin arzularını yerinə yetirim. Atamın 1-ci arzusu mənim də onun kimi komandir olmağımdır. Mən böyüyəndə şəhid olsam, ana ağlama! Əksinə başını uca tut. Çünki şəhidlər ölməz ,vətən bölünməz! Atam da sağdır, o göylərdədir, biz onu görməsək də, o bizi görür.
Artıq mən 4-cü sinifdə oxuyuram. Atam bizə çox şey qoyub gedib. Şəhid olsa da, o bizə ev qoyub, gedib. Bu ev çox qəşəngdir. Əlbəttə ki, atamın əli dəyən hər şey gözəl olur. Atamın aldığı çörək də çox dadlı olurdu. Mən kursa gedəndə atamla “Aprel döyüşü”ndə şəhid olan, Sumqayıtda yaşayan Vüqar Yusifovun qızıyla tanış oldum. Onun da taleyi mənimki kimi gətirib. Allah bizə bu taleyi yazıb.

3 fevral 2017-ci il.

Artiq atamın ölümündən 10 ay keçib. Ondan geriyə şəkillər və xatirələr qalıb. Mən bir xatirə daha danışacam: Atam vaxt tapdıqca bizi gəzməyə aparırdı. Bir dəfə o bizi Mingəçevirdə Kürün qırağına gəzməyə aparmışdı. Bizi gəmi ilə gəzdirib və əyləndirmişdi, istədiyimiz hər şeyi alırdı. Mənə görə dünyanın ən yaxşı atası mənim atam idi. Çünki mənim atam uşağını və ailəsini çox sevirdi. Ən əsası isə Vətənini daha çox sevirdi”.



...Evin kiçik oğlu Elxanın başı əlindəki avtomata qarışıb. Avtomatı söküb-yığır. Hərdən də durub atasının şəkilləri olan alboma fikirli-fikirli baxmaqda davam edir. Birdən bu iki qardaşın söhbətinə qulaq kəsilirəm:

Elxan: - Qaqa, yadındadır, Mingəçevirə getmişdik atayla?
Elvin: - Hə.
Elxan: - Orda ata bizə qarpız almışdı.
Elvin: - Hə, yadımdadır... Nə olsun ki, sən də qarpızı əlindən salıb sındırdın...
Elxan: - Nə olsun ki... ata mənə heç nə demədi, dedi ki, yenə təzəsini alacaq.
Elvin: -Atam bizə həmişə pul verirdi. Gecə yatanda deyirdi ki, kim tez yatsa, o səhər durub balıncının altından pul götürəcək.
Elxan: - Hə, hə... Özü də ki, 1 manat qoyurdu. Bax, bu Elvin də tez durub mənim 1 manatımı götürmüşdü. Hələ də mənə 1 manatı borcludur.
Elvin: - Yadına gəlir bir dəfə də atanın iş yerinə getmişdik...
Elxan: - Ən çox mən getmişəm.
Elvin: - Nə olsun ki, mən də gedirdim də...


İki qardaşın söhbətinə müdaxilə edirəm:

-Elxan, atanın iş yerinə nə vaxt getmişdiniz ki?

Elxan: - Bura köçməmişdən qabaq atanın iş kabinetinə getmişdim... Onun kompüteri də yox idi... Atamın yerində başqa adam oturmuşdu... Atamın orda olan şəkillərini də cırmışdılar. Paqonlarını da götürmüşdülər... Atamın heç nəyini saxlamamışdılar... Niyə elə ediblər bilmirəm? Heç olmasa atanın şəklini qoysunlar otağına.

-Oğlum olmaz axı, indi onun iş yerində başqası işləyir. Bu həyatdır, həyat belədir.


- Öyrəşməlisən balam. Bundan sonra bütün ağırlıqlara, çətinliklərə öyrəşməliyik – deyən şəhid xanımı Nuranə mənimlə söhbətə davam edir. O, Elnur haqqında ən kiçik xatirəni, ən şirin hekayəti bir bədii əsər kimi təsvir edir. Əslində Nuranənin danışdıqları elə yarımçıq bir sevgi romanı, nakam bir məhəbbətin özüdür:
- Bütün bunlara baxmayaraq, yaşamağa məhkumam. Biz Füzulidəki evimizdə , hospitalın yaxınlığında yaşayırdıq. 1 otaqlı evdə həm yeyib-içirdik, həm yatırdıq. Balaca həyətin bir başında baldızım Turanə nənəmlə yaşayır, o birin başında da biz.
Mart ayının 31- i evə gec gəldi. Baxdım ki, heç kefi yoxdur. Belə olanda çalışırdım ki, ondan söz soruşmayım. Çörəyini yeyib, yatdı. Səhər o başdan geyinib elə getmişdi ki, heç xəbərim olmamışdı. Yuxudan oyanandan sonra, hazırlıqlara başladım. Aprelin 1-i qaynım Nurlanın oğlunun doğum günü idi. Belə qərara gəlmişdik ki, ad gününü bizdə yığışacağıq.
Axşam qaynım ailəsi ilə bizə gəldi. Gecə saat 11 olardı. Elvin əmisini uşaqların yanında görəndə elə bil ki, atası üçün darıxdı. Ağlayıb dedi ki, “atamı istəyirəm. Zəng vur onunla danışım, evə tez gəlsin”. Adətən vəziyyət gərgin olanda ona zəng vurmazdım. Uşağa dedim ki, atan deyir ki, yatsın sabah gələcək.
Eltimlə səhərə qədər yatmadıq. Atışma səsləri intensivləşmişdi. Lap evin içində eşidilirdi. Artıq hamımızda narahatlıq var idi. Səhər uşaqları məktəbə apardım. Baxdım ki başımızın üstündən bir neçə vertolyot uçur. Uşaqlar qorxan kimi oldular. Onları qucaqlayıb dedim ki, qorxmayın. Müharibədir. Atagilə köməyə gedirlər. Məktəbdən qayıdıb gələndə kənddəki adamlar dedilər ki, ara qarışıb, komandir bir söz deməyib, qorxmursan uşaqları dərsə aparırsan?. Gülə-gülə dedim ki, bir şey olsa, mən hamıdan əvvəl bilərəm. Əgər mən məktəbə getmişəmsə, deməli sakitlikdir. Amma baxdım ki, kəndin camaatı mənə bir qəribə baxır. Mənim də dünyadan xəbərim yox.
Aprelin 1-dən 2-nə keçən gecəni lap çox narahatlıq keçirməyə başladım. Mesaj yazdım ki, necəsən? Cavab verdi ki, çox yorulub. Sonra yazdı ki, məndən inciyib. Mən də ona yazdım ki “bəs mən sənsiz neyləyim. Onda de ki, get özünü at Araza da... Sənsiz bu dünya mənim nəyimə gərəkdir?”. Ona dünyanın ən xoş sözlərini yazdım, könlünü aldım. Heç vaxt demədiyim sevgi sözlərini yazdım.
Səhər üzü saat 05:24-də yazdım ki, necəsən? Saat 05:27-də cavab gəldi: “Yazmayın”. Cavabı elə bil ki, üçüncü şəxs yazmışdı. Heç nə anlamadım... Ürəyimə şübhə doldu.



Şəhidin bacısı Turanə Əliyeva:

- Biz anamızı tez itirmişik. Hər şeyimiz o idi. Böyüyümüz idi. Qardaşım ömrünü hərbiyə həsr etdi. Evin kiçiyi idim. Onu çox istəyirdim. Uşaqlıqda qorxurdum ondan. Gözümə böyük görünürdü. Ancaq heç vaxt sevgimi büruzə verməmişdim. Lakin o atışma intensivləşəndə, evimizin yanından təcili yardım maşınları gəlib keçəndə məni ağlamaq tutdu. Qardaşıma yazdım ki, “Qaqa, özünü qoru. Mən səni çox istəyirəm”. Əvəllər bu haqda heç vaxt ona deməmişdim. Utanırdım sevgimi ona bildirməyə.

Bəli, kimsə bilmirdi ki, Elnur Əliyev evi də, ailəni də, uşaqları da unudub, Vətənin Qalibiyyət davasına gedib. Aprelin 1-i hərbi birləşmədə kömplektləşdirmə rəisi mayor Elnur Əliyev də Füzuli-Xocavənd istiqamətində qızğın döyüşlər getməsi haqqında xəbər almışdı. Əsgəri Ülvin Məmmədovun düşmən snayperinin atəşi nəticəsində həlak olduğunu eşidəndə, yerində qərara tuta bilməmişdi. Çünki “Kürd oğlu” dediyi bu gənci çox istəyirdi. Onun necə vətənpərvər, igid bir oğlan olduğunu bilirdi.

Hamaının “Dəli Elnur” kimi tanıdığı komandir xidmət etdiyi hərbi hissədə döyüşmək istəyən hərbçilərdən ibarət bir qrupla Lələtəpə istiqamətinə yollanır. Onlar Horadiz tərəfdən “Kitay postu” adlı dar çığırı keçib, döyüş meydanına atılırlar. Ön cəbhədəki döyüşçülərə qoşulurlar. Elnur hamıdan qabaqda özü gedir. Qarşısına çıxan ilk ermənini dərhal məhv edir. Yerdə yaralı olan əsgərləri də arxaya daşıyırlar. Ermənilərdən geri aldıqları mövqelərdə “Dəli Elnur”u görən hərbçilərdə ruh yüksəkliyi daha da artır. Sevinirlər ki, mayor öz dəstəsi ilə onlara köməyə gəlib.
Ermənilər dayanmadan atəş açmada davam edirlər. Elnur isə döyüşçüləri “İrəli!” deyə haylayaraq, ruhdan düşməməyə çağırırdı. Qarşı tərəfdəki səngərdən atılan qumbaralardan biri Elnurun əsgələrinin yanında yerə düşəndə komandir cəld özünü onun üstünə verir. Toz-duman çəkiləndən sonra əsgərlər Elnur Əliyevin parçalanmış bədənini yerdə görürlər. Elnur sözün əsl mənasında qəhrəmanlıq edir, öz həyatı bahasına nə qədər əsgəri xilas edir.
Adətən belə qəhrəmanlar haqqında kitablarda oxuyuruq. Lələtəpə döyüşünə rəhbərlik edən komandir Mais Bərxudarov mayor Elnur Əliyevin meyitini öz qolları üstündə döyüş meydanından çıxarır...
Döyüşün qaydası belədir. Korpus komandiri yenə də əsgərlərinin qabağına keçib Lələtəpə döyüşünü davam etdirir. Döyüş Azərbaycan əsgərlərinin qələbəsi ilə başa çatır, Ləltəpə azad edilir...

Nuranə qaynı Nurlana zəng edib, ərindən xəbər bimək istəyir. Nurlan isə ona “Belimiz sınıb” deyə cavab verir. Bu sözü eşidən Nuranə xəbərdən qaçmaq istəyir. İstəyir ki, yalan olsun. Onu gəlib aparırlar. Nuranənin naləsi aləmi başına götürür. Əlini Tanrıya açıb, ondan uşaqlarının atasını istəyir, dizlərini yerə sürtüb, ağlayır. Tanrıya yalvarır ki, onun həyatını yarımçıq etməsin, başının tacını ondan ayırmasın. 35 yaşlı bu gənc xanım heç vaxt Tanrıya bu qədər yalvarmamışdı. Onu heç kim ovundura bilmir. Əllərini göyə qaldırıb deyir ki, “Əgər bu xəbər doğrudursa, mənim də canımı buradaca al...”.
Elə bu vaxt baxır ki, boynuna bir qol dolandı. Oğlu Evin anasını qucaqlayıb deyir: “Ana, bəs sənə bir şey olsa biz neyləyərik...”. Nuranə yuxudan ayılmış kimi olur. Yenə də dönüb qohum-əqrabadan soruşur: “Doğrusunu deyin, Elnura nə olub?”. Qadınlardan kimsə səslənir: “Nuranə , uşaq deyilsən, Elnur şəhid olub...”.


Bir qədər keçmiş, kəndə xəbər yayılır ki, Elnuru tabutda gətirirlər. El-oba mayor Əliyevi qarşılamağa çıxır. Nuranə bir də onda ayılır ki, o da yolun ortasındadır... Həsrətlə hamı kimi əri gələcək yollara baxır... Elə bu vaxt böyük qaynı Amid onun qolundan tutub həyətə aparır və Nuranə Amiddən soruşur:

-Amid, düzünü de, doğrudanmı Elnur yoxdur, tabutda gətirdikləri odur? Amid, sənə qurban olum, de ki, o Elnur deyil... Amid, bəlkə Elnur deyil... de ki, Elnur ola bilməz...

Amid isə gözlərindən yaş axa-axa səssizcə, başını tərpədərk, titrək səslə “Elnurdur...” deyir.

Azərbaycanın üçrəngli bayrağına bürünmüş tabutu həyətin ortasına qoyurlar. Nuranə dəli kimi tabutu qucaqlayıb hönkürür, ağlayır, kimsəni tabuta yaxınlaşmağa qoymur. Tumarlayır tabutu, öpür, oxşayır, sevir... Tələbə vaxtı ünvansız yazdığı bir bənd şeirini xatırlayır. Sən demə 15 il əvvəl öz taleyini yazıbmış:

Sən mənim bəxtimin yanar ulduzu,
Sən mənim sönməyən çırağım oldun.
Sən mənim qəlbimin həsrət yağışı,
Sən mənim dönməyən qonağım oldun...

Həmin o müdhiş gündən, o ayrılıq və həsrət günündən Elnuru yola salmağa gələnlərin yaddaşında 9 yaşında bir oğlan uşağı qalır. O Elnurun böyük oğlu Elvin idi. Atasının tabutunu qucaqlayıb hönkür-hönkür ağlayır, tabutun önündə körpə quşcuğaz kimi tir-tir titrəyirdi... Atasının uğrunda canından keçdiyi bayrağı Elvinə verəndə də hönkürür... Sonra bayrağı ürəyinə sıxır...


Nuranə deyir ki, indi yuxusunda tez-tez görür Elnuru. Həmişə də boynuna dolanıb, ürəyinə sıxır sevgilisini. Tabutunu qucaqladığı kimi. Bir də ki, Elnur şəhid olandan bir müddət sonra Füzulinin Bala Bəhmənli kəndindəki evlərinin böyründəki ağacların birinin üstünə bir göyərşinin qonduğunun fərqinə varır. Sonra baxır ki, nə zaman ağlasa, darıxsa, həmin göyərçin gəlib ağacın üstündə oturur. Bir neçə müddət keçəndən sonra isə həyətə çıxıb Elnurun adını çəkən kimi həmin göyərçin peyda olur... Sonuncu dəfə isə Sumqayıta köçüb gələndə göyərçin gəlib onlar oturan avtobusun pəncərəsinin yanında bir neçə dövrə vurur... uçub gedir.

...Azərbaycanın qəhrəman oğlu Elnur Əliyevin ailəsi 2011-ci ildə kreditlə aldıqları evdə yerləşiblər. Elnur şəhid olandan sonra dövlət onun borclarını da sildi. Bu evdə Elnur 1 gecə yatmasa da, indi evin hər tərəfi Elnurdan danışır. Nuranə onun həyatına sona qədər yoldaşlıq etməyən sevgili yarının şəkillərini böyüdüb, mənzilin divarlarına vurub. Bu evdə hər gün Elnurdan danışılır, onu xatırlayırlar. Elnurdan qalan şəkillərdir, bir də özünü əvəz etməyən əşyaları. Nuranə yaşadıqları evdə özünü xöşbəxt saymır. Deyir ki, insanın xoşbəxt olması üçün çadırın, evin və ya imarətin fərqi yoxdur. Onun hər şeyi Elnur idi.

Söhbətimizin sonunda Elvin yenə də atasından danışdı, onu yuxularında görmək arzusunda olduğunu bildirdi: “İstəyirəm ki, atam yuxularıma gəlsin, ondan soruşmaq istəyirəm ki, hansı həyata keçməyən arzusu var, onu mən həyata keçirim, ürəyində qalmasın arzusu... Ancaq hələ gəlmir...”.

Sonra atasının tabutu olan şəkli əlinə götürüb xeyli fikrə getdi. Nə düşündüyünü soruşdum. Cavabı belə oldu:

- Eh... O hissləri başa salmaq mümkün deyil... Danısşam da, siz başa düşməyəcəksiniz... Onu siz bilməzsiniz...

Nuranənin təskinlik yeri aprel ayında adını qəhrəmanlar sırasına yazan, ön cəbhədəki əsgərlərə öz cəsarəti ilə qəhrəmanlıq öyrədən, Azərbaycana Qalibiyyət gətirən mayor Elnur Əliyevin haqqında yazılanları oxumaqdır. O yazılarda Azərbaycan Ordusunun mayoru Elnur Əliyevi belə xatırlayırlar:


Əbil Əbilov, dostu:

“Elnur kadrlarda işləyirdi. Yeni gəlmiş əsgərlərin bölmələrə bölünməsinə rəhbərlik edirdi. Onunla illərlə birlikdə işlədiyim vaxt görürdüm ki, həmişə haqsızlıqlara məruz qalır. Rütbə vaxtı gələndə, onun işində nəsə bir əmma tapırdılar. Ancaq ən ağır, ən məsuliyyətli bölgələrə, ön cəbhəyə həmişə Elnuru göndərirdilər. O hər zaman ermənilərlə üzbəüz postlarda oldu. Hər zaman ölümün gözünə dik baxdı. Son məqamda da özünü qumbaranın üstünə atdı ki, ətrafındakı cavanlar sağ qalsın. Ona qəhrəman adı verilmədi. Lakin o, Azərbaycan xalqının qəlbində qəhrəman adını çoxdan qazanıb. Qəhrəmanlıq başqa necə olur ki?!”.

Tural Əzizov:

“Bir vaxtlar hərbi xidmətdə tanıdığım ən yaxşı, təcrübəli zabitlərdən biri idi. Bir süfrədə çörək kəsmişdik. O əsgərlərinə öz balası, qardaşı kimi baxırdı. Bu insanın sorağı təkcə Füzuliyə deyil, bütün bölgələrə yayılmışdı. Atasız əsgərlərin atası idi”.

Aqil Aylin:

“2009-2010-cu ildə onun qulluq etdiyi hərbi hissədə xidmət keçirdim. Təzə gəldiyimdən hərbi formamın çiyinlərindəki sapları söküb atmaq ağlıma gəlməmişdi. Özünü “bərkgedən” göstərən bir çavuş (sonra onunla da dostlaşdıq) məni divara sıxıb, nədən sapları sökmədiyimi soruşurdu. Bir də gördüm ki, çavuş dayandığı yerdən uçdu... Arxaya dönəndə kapitan Elnur Əliyevi gördüm. Gülümsədi üzümə və özü yaxınıma gəlib ipləri kəsdi. Mənim yaddaşımda bölük komandirim belə ədəbiləşdi...”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı