Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5201
az

Xəzər dənizi sürətlə quruyur - ALİMLƏRDƏN ŞOK AÇIQLAMA

11:5013 Sentyabr, 2018
1089
CƏMİYYƏT
  • A
 AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin bir qrup əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktorları Elxan Məmmədbəyov, Müseyib Yunusov, Səidə Zeynalova şöbə müdiri, c.ü.f.d. Mirnuh İsmayılovun rəhbərliyi ilə bu ilin iyulunda Xəzər sahillərindən Qarabağ düzünə qədər geniş bir ərazidə çöl ekspedisiyasında olublar.

Coğrafiya İnstitutundan oxu24.com-a verilən xəbərə görə, alimlər Kür dağarası çökəkliyində landşaftların dinamikası və antropogen transformasiyası istiqamətlərini müəyyən etmək məqsədi ilə ərazinin yarımsəhra, quru-çöl və meşə-çöl landşaftlarının müxtəlif səviyyələrdə differensiyasını tədqiq ediblər. Əsas məqsəd qlobal iqlim dəyişmələri şəraitində Kür dağarası çökəkliyinin əsasən məskunlaşmış ərazilərində təbii-antropogen landşaftların inkişaf dinamikasını, antropogen transformasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, təbii landşaftlarda baş verə biləcək müxtəlif ssenarili dəyişmələrə antropogen fəaliyyətin adaptasiyası tədbirlərinin hazırlanması olub.

Bu məqsədlə müxtəlif landşaft növlərində 40-a yaxın nümunə meydançası ayrılıb, onlarda kompleks müşahidələr aparılıb, kimyəvi analiz məqsədi ilə torpaq-bitki və süxur nümunələri götürülmüş, antropogen transformasiyalar qeydə alınmış və iri miqyaslı (1:25000, 1:100000) xəritələşmə aparılıb.

Salyan düzündə Xəzər sahili ərazilərin landşaftlarının dinamikası tədqiq edilib. İlkin olaraq məlum olub ki, son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. Qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilmiş və nəticədə geniş ərazi kontinental rejimə keçib. Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilmiş və 1:25000 miqyaslı xəritə tərtib edilib.

Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaqdır.

Coğrafiya İnstitutundan bildirilib ki, Kür-Araz ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib: "Məsələn, Bolqarcay üzərində yaradılmış su anbarında son 6-7 il ərzində su yığmaq mümkün olmamış və hazırda su anbarı öz funksiyasını itirib".

Qeyd olunub ki, Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir: "Bu yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır. Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin artmasına və son nəticədə, səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaq".

Bildirilib ki, son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi elementlərin miqdarı artıb. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır. Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO
Sağ qalan bələdçidən videolarının mahnı ilə paylaşılmasına etiraz: "Aktrisa deyiləm..."
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi