Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51095
az

Rusiya nüvə zərbəsinə məruz qala bilər: ABŞ və NATO bunu sınaqdan keçirir, dünya təhlükədədir

10:0024 Mart, 2021
1686
ÖZƏL BÖLÜM
  • A

NATO Ukrayna və Gürcüstan ilə bağlı illər öncə yarımçıq buraxdığı işi sona çatdırmaq niyyətinə düşüb; Rusiyanın "təcavüzkar dövlət", prezident Vladimir Putinin isə "diktator" imici yaradılır, Kremlin beynəlxalq təzyiq dalğasına müqaviməti zəiflədilir...

Rusiya olduqca ağır və çıxılması çətin vəziyyətə düşüb. Hazırda Kremlin üzərində kifayət qədər sərt beynəlxalq təzyiq dalğası mövcuddur. Və hələlik Rusiya bu təzyiq dalğasından yayınmağın mümkün yollarını tapmış deyil.

ABŞ prezidenti Co Bayden Rusiya ilə köhnə və yeni hesabları qapatmaq niyyətində ciddi görünür. Belə anlaşılır ki, o, Kreml ilə müzakirə mühitinin bərpasına qətiyyən həvəsli deyil. Əksinə, verdiyi bütün qərarlarda Rusiyanın daha kəskin qarşıdurmaya çəkməyə çalışdığı müşahidə olunur.

Amma Ağ Ev sahibinin Rusiya siyasətində narahatlıq doğuran daha iki önəmli məqam var. Belə ki, prezident Co Bayden Rusiyanın sıxışdırılması məqsədilə hətta ən təhlükəli vasitələri də dövriyyəyə çıxarmaqdan çəkinmir. Ola bilsin ki, irəliləmiş yaşı ABŞ prezidentinin cəsarət ehtiyatını ən yüksək səviyyəyə çəkib. Və ona görə də, qarşı tərəfin verə biləcəyi cavabın nəticələri deyəsən, o qədər də nəzərə alınmır.

Məsələ ondadır ki, ABŞ hərbi hava qüvvələri nüvə savaşını sınaqdan çıxarıb. Rusiyaya qarşı olduğu qətiyyən gizlədilməyən "nüvə hücumu" təlimlərində rəqabət darmadağın edilib. Və Qərb siyasi dairələrində ABŞ-ın bu "nüvə əyləncəsi" olduqca təhlükəli seçim kimi dəyərləndirilir.

Məsələ ondadır ki, ABŞ-ın öz beynəlxalq rəqiblərinə qarşı nüvə silahını hədələyici faktor kimi istifadə etməyə çalışması yolverilməz davranışdır. Hər halda, nüvə silahı istifadə ediləcəyi təqdirdə, dünya üçün hansı nəticələri doğura biləcəyi hələlik tam təsəvvür olunmayan hərbi-strateji vasitədir. Bu baxımdan, heç bir dövlət nüvə savaşından mütləq qələbə ilə çıxacağına əmin ola bilməz.

Hər halda, müasir nüvə silahı ABŞ-ın II dünya müharibəsindən sonra Yaponiyaya atdığı atom bombasından ciddi şəkildə fərqlənir. Mütəxəssislər hesab edirlər ki, müasir nüvə silahı yalnız hədəf dövlət deyil, həm də bütün dünya üçün nəticələri aradan qaldırılmayacaq bir təhlükə mənbəyidir.

Digər tərəfdən, nüvə hücumu cavabsız buraxılacaq savaş modeli deyil. Yəni bunun istənilən halda, bir cavabı olacaq. Xüsusilə də, Rusiya özünə qarşı nüvə hücumunu həm dəf etmək, həm də əks zərbə endirmək imkanlarına sahib olan nadir ölkələrdən biri sayılır. Rusiyanın hərbi kosmik qüvvələri dünyanın istənilən nöqtəsinə dəqiq nüvə zərbəsi endirə biləcək gücdədir. Və hətta Kreml Rusiyanın bu nüvə arsenalını III dünya savaşını əngəlləyən əsas faktor kimi dəyərləndirir.

Bütün bunlar onu göstərir ki, prezident Co Bayden ABŞ-Rusiya qarşıdurmasına nüvə silahını daxil etməklə, yalnız öz ölkəsini deyil, ümumiyyətlə, bütün dünyanın gələcək taleyini riskə atmış olur. Hər halda, Kremldə də nüvə silahının strateji əhəmiyyətini və dünyanın siyasət məkanında təsir gücünü heç də Ağ Ev sahibindən az bilmirlər. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "Putin hara getsə, nüvə çemodanını da özü ilə götürür" deməklə, əslində, Rusiyanı hədələyənlərə Kremlin "o silahdan bizdə də var" mesajını çatdırmış oldu.

Ancaq prezident Co Baydenin Rusiya siyasətində təhlükəli vasitələrdən istifadə həvəsi yalnız nüvə silahı ilə məhdud deyil. Ağ Ev sahibi NATO-nu da Rusiyanın üzərinə istiqamətləndirməyə çalışır. Və son vaxtlar NATO-nun baş katibi Yens Stoltenberq Kremli çox tez-tez hədələməsi ilə diqqəti çəkir.

Bir müddət öncə o, bildirmişdi ki,  NATO Rusiya ilə istənilən qarşıdurmaya sərt reaksiya verməyə hazırdır. Bu, əslində, NATO-nun Rusiya ilə hərbi toqquşmalara hazır olması anlamına gəlir. Ona görə də, prezident Co Baydenin Rusiya ilə qarşıdurmasında NATO-nun da iştirak etdiyi artıq qətiyyən şübhə doğurmur.

NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlaması isə Şimali Atlantika Alyansının Kremlə gərginliyi artırmağa həvəsli olduğunu göstərir: "Son illərdə Rusiya həm ölkə daxilində, həm də xaricdə təcavüzkar mövqeyə sadiq qalır".

Belə anlaşılır ki, NATO ən azından Rusiyanın beynəlxalq siyasi məkanda təcavüzkar davranışlarını əngəlləmək niyyətindədir. Hər halda, NATO baş katibi konkret hədəf göstərir və Kremlin hansı ölkələrdən əlini çəkməsini istədiyini biruzə verir: "Rusiya Gürcüstan və Ukrayna kimi qonşu ölkələrə qarşı təcavüzkar davranır, NATO müttəfiqlərinin daxili siyasi proseslərinə müdaxilə edir və ölkəsindəki müxalifətə təzyiq göstərir".

Belə görünür ki, NATO illər öncə yarımçıq buraxdığı işi sona çatdırmaq niyyətinə düşüb. Vaxtilə bu hərbi-siyasi alyans Gürcüstan və Ukraynanı öz sıralarına qəbul etmək qərarı vermişdi. Ancaq Kremlin sərt reaksiyası NATO-nu geri çəkilmək məcburiyyətində qoydu. Ola bilsin ki, NATO Kreml ilə beynəlxalq rəqabətdə Gürcüstan və Ukraynanın himayə altına alınması modelinə yenidən geri dönmək qərarı verib. Hər halda, bu iki dövlət Rusiya ilə beynəlxalq gərginliyin artırılması niyyətləri baxımından, olduqca əlverişli məkandır.

Həm Ukrayna, həm də Gürcüstan üzləşdikləri milli-etnik münaqişələrdə Rusiya ilə ciddi ziddiyyətlər yaşayır. Ona görə də, həmin münaqişələrin yenidən bərpa edilməsi, Rusiyanın isə toqquşmalara cəlb edilməsi ABŞ və NATO üçün ideal variantdır. Çünki Kremlin hər iki ölkədəki milli-etnik münaqişələrə yönəlik mövqeyi ədalətsiz və beynəlxalq hüquq normalarına ziddir. Bu baxımdan, həmin münaqişələr üzərindən Rusiyanın beynəlxalq qınağa tuş gətirmək qətiyyən çətin olmaz. Sonrasındasa, Kremlin çeşidli beynəlxalq sanksiya və embarqolara tuş gətirilməsi sadəcə, texniki məsələyə çevrilə bilər.

Onu da qeyd etmək lazımdır ki, həm ABŞ-ın, həm də NATO-nun əsas hədəfi sadəcə, Rusiya deyil. Hazırda prezident Vladimir Putinin beynəlxalq hədəfə çevrilməsi üçün bütün imkanlar səfərbər olunmuş kimi görünür. Kreml sahibinin korlanmış beynəlxalq imici Rusiyanın sıxışdırılmasında əsas hücum vasitələrindən biri kimi istifadə olunur.

put-nato-672895.jpg (37 KB) 

Elə NATO-nun baş katibi bu vasitədən yararlanmaq imkanını əldən buraxmayıb: "Prezident Vladimir Putin, əlbəttə ki, Rusiya dövlətinin hərəkətlərinə görə cavabdehdir. Təcavüzkar münasibət nümunəsi görürük. Bunlar qəbuledilməz davranışlardır".

Göründüyü kimi, Rusiyaya qarşı ittihamların sırasında "təcavüzkar dövlət" imicinin yaradılması da var. Əslində, Rusiya bu imicin yaradılması üçün rəqiblərinə kifayət qədər səbəblər də verib. Son vaxtlara qədər ABŞ və Qərb həmin səbəblərdən istifadə edərkən, mümkün qədər ehtiyatlı davranırdı. Və bu, Kremli daha aqressiv olmağa həvəsləndirdi.

Ancaq indi bu siyasi kurs artıq dəyişməyə başlayıb. İndi həm Rusiya, həm də onun siyasi rəhbərliyi, xüsusilə də, prezident V.Putin açıq şəkildə təcavüzkarlıqda suçlanır. Bu isə o deməkdir ki, Rusiya bundan sonra öz qonşularına qarşı əvvəlki kimi sərbəst davranmaqda çətinlik çəkəcək.

Bütün bunlarla yanaşı, Rusiyanın sıxışdırılması prosesində nüvə silahı və NATO kimi iki önəmli hərbi-strateji faktorun istifadə edilməsi dünya üçün də təhlükəli ola bilər. Hər halda, birbaşa toqquşmalar baş verərsə, bu iki faktor geriyə dönüş şansını məhdudlaşdırır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO