Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.
Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən bir ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR