“Əziz Şuşa, biz qayıtmışıq”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik”.
Ali Baş Komandan İlham Əliyev bu sözləri 2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan azad edilməsini xalqa açıqlayan zaman demişdi. Bu, Azərbaycan tarixinin unudulmaz günlərindən biridir. Şəhərin azad edilməsindən qısa müddət sonra bərpa işlərinə start verildi: şəhərə yeni yol çəkilir, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub və s.
Yanvarın 19-da işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yaradılması ilə bağlı dövlət başçısının Fərmanına əsasən ilk nümayəndənin Şuşaya təyin edilməsi də bu kontekstdə diqqət çəkir. Qarabağın açarı olan Şuşa həm də işğaldan azad edilmiş torpaqların bərpasının simvolu olacaq.
Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib: “Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu mənim təşəbbüsümlə yanvarın 19-da yaradılmışdır. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.
Prezident niyə məhz Şuşadan başladı? Burada bir neçə vacib məqam var:
Birincisi, tarixi məqamdır. Müharibədə məğlubiyyətdən sonra da Ermənistanda Şuşanın erməni şəhəri olması iddiaları irəli sürülür. Şəhərin bərpası və ora həyatın qayıtması ilə Ermənistandakı revanşist qüvvələrə yeni reallığın göstərilməsidir. Şuşa da, Qarabağ da Azərbaycandır.
İkincisi, Prezident Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Bundan sonra Şuşa dünyada mədəniyyətimizin simvolu olacaq. Dövlət başçısının müvafiq tapşırıqları ilə bu il Şuşada xarici qonaqların iştirakı ilə “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək. Füzulidən Şuşaya yol çəkilməsi və Füzuli hava limanının inşası ilə bağlı qərar da buna hesablanıb. Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada mədəni tədbirlərin keçirilməsi və xarici qonaqların dəvət edilməsi “yumşaq güc” (soft power) diplomatiyasına hesablanıb: işğaldan azad edilmiş torpaqların xarici platformalarda təbliği; xarici investisiyanın cəlb edilməsi (xarici investorların əsas şərti təhlükəsizlikdir, mədəni tədbirlərin adətən təhlükəsizlik mühitdə keçirilməsi mümkün olur, Azərbaycan bununla bölgənin təhlükəsiz olduğunu nümayiş etdirəcək və bütün bunlar üçün infrastruktur – hava limanı, nəqliyyat yolu vacibdir); xarici qonaqların Şuşaya gətirilməsi ilə işğaldan azad olunan bölgələrin Azərbaycan ərazisi kimi ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında təqdimatı olacaq;
Bununla yanaşı, Şuşa həm də dini və milli olmaqla iki böyük toplumun mədəni paytaxtı olacaq:
1. 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı olacaq;
2. ICESCO Şuşanın İslam dünyasının mədəni paytaxtı elan edilməsi təklifi ilə çıxış edib;
Üçüncüsü, I və II Qarabağ müharibəsi Şuşanın strateji əhəmiyyətini göstərdi. I Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğal altına düşməsinin əsas nöqtəsi məhz Şuşa oldu.
Prezident İlham Əliyev Anar Kərimovu qəbul edərkən bununla bağlı bildirib ki, Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi:
“Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.
Şuşa faktiki olaraq ermənilərə döyüşsüz təslim edilmişdi və bununla müharibənin taleyi həll olundu.
28 il sonra Şuşanın azad edilməsi də Vətən müharibəsinin taleyini həll etdi: 8 noyabrda Ali Baş Komandan Şuşanın azad olunduğunu açıqladı, bir gün sonra – 9 noyabrdan 10 noyabra keçən gecə Ermənistan kapitulyasiyaya imza atmağa məcbur oldu.
I və II Qarabağ müharibəsinin nəticəsi Şuşanın tarixi və strateji əhəmiyyətini sübut edir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasına Şuşadan başlamaqla mühüm mesaj verir: biz Qarabağa qayıtdıq və bundan sonra əbədi olaraq öz torpaqlarımızda yaşayacağıq.
Prezident İlham Əliyev Şuşanın xüsusi nümayəndəsini qəbul edərkən şəhərdə görüləcək işlərin anonsunu da verdi.
- Şuşanın bərpası şəhərin tarixi siması saxlanılmaqla həyata keçiriləcək.
- Bərpa prosesindən sonra Şuşanın zəngin mədəni həyatı olacaq: festivallar, müsabiqələr, qastrollar keçiriləcək, təkcə Azərbaycanın yox, bölgənin, həm də türk dünyası və İslam dünyasının mədəniyyət paytaxtı olmağa layiq olacaq.
- Şuşa ilə bağlı müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçiriləcək.
- Şəhərin infrastrukturu yenidən qurulacaq, o cümlədən, dini abidlərimizin bərpası ilə bağlı artıq proqram üzərində işlənilir.
Şuşaya həyat tezliklə qayıdacaq. Buna şübhə yoxdur, çünki bunu Prezident İlham Əliyev deyir. Azərbaycan lideri “bayrağımız Şuşada qaldırılacaq” vədinə əməl etdi və indi bəyan edir ki, “biz Şuşanı dirçəldəcəyik”.
Prezidentin dediyi kimi, əziz Şuşa, səni dirçəldirik...
Asif Nərimanlı
Oxu24.com
ŞƏRHLƏR