“Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla “Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir”.
Oxu24.com xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
“Twitter” hesabından paylaşım edən D.Baxçalı bildirib ki, Qarabağın ürəyi olan Şuşanın 8 noyabrda işğaldan azad olunması zülmün müqavimətini qırıb və terror dövləti Ermənistanın xəyallarını suya qərq edib: “Strateji mövqeyi ilə yanaşı, Şuşa elə bir yerdir ki, türk mədəniyyət və tarixinin simvoluna çevrilib. Azərbaycan sənət və düşüncə həyatının qaynaqlarından biri olan Şuşanın inkişafı və burada yaşayan uşaqların gələcəyi hamımızın mənəvi məsuliyyətidir. Bu qədim türk şəhərinin təlim-tədris həyatına dəstək vermək gözardı edilməyəcək boyun borcumuzdur. Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla “Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcək və lazımi işləri dərhal görəcəyik”.
Baxçalı Azərbaycan Milli Marşının 30 yanvar 1920-ci ildə qəbul edilməsinə diqqət çəkərək marşın söz yazarı Əhməd Cavad, bəstəkarı isə Şuşada anadan olan Üzeyir Hacıbəyli olduğunu xatıladıb: “İnşasını arzuladığımız məktəbin adı Üzeyir Hacıbəyli, təməlqoyma günü isə 30 yanvar 2021-ci il ola bilər. Təlim-tədris bir millətin istiqbalının sancağıdır. Bu sancağın varlığı nəsillərin şüurla yetişib, əxlaqla örtülməsini təmin edir”.
Oxu24.com
ŞƏRHLƏR