Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4639
az

"Fədayənin görüşünə mən icazə versəydim..." - Polis ifadə verdi

17:5320 Avqust, 2018
955
KRİMİNAL
  • A
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar – “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər – müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.

Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə zərərçəkmiş polislər ifadə verib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, Hətəm Vəliyev bildirib ki, E.Məmmədovun saxlanılması zamanı keçirilən əməliyyatda iştirak edib:

“Xəsarət almamışam, şəxsi maşınımla getmişdim. Etibar maşında oturub atəş açırdı, hava şəraiti ilə bağlı başqa kiminsə atəş açıb- açmadığını görmədik. Atışma kəsiləndə Etibar bıçaqla özünə zərbə vurmağa başladı, mən ona müdaxilə etdim. Paltarın üstündən 2 zərbə vurmuşdu, amma ağır xəsarət deyildi. Mən ona yaxınlaşanda köynəyini qaldırıb qarnına zərbə vurmaq istədi, bıçağı əlindən alıb qoymadım. Burdakı təqsirləndirilən şəxslərə qarşı şikayətim, tələbim yoxdur”.

Digər əməliyyatçı polis də şikayəti olmadığını bildirib:

“Bizim maşın yaxın idi, bizə də güllə dəyə bilərdi. Ona görə də bizi də zərərçəkmiş kimi tanıyıblar. İndi şikayətim, tələbim yoxdur”.

Vəkil Eynulla Vəliyev vəsatət verərək ifadə verən iki polis əməkdaşının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Digər əməliyyatçılar prosesdə iştirak etməyib.

Təqsirləndirilən qarovul rəisi Ceyhun Səmədov suallara cavab verib. O bildirib ki, dolu bədənli bir nəfər vaqonun qapısını döyərək onu çağırıb:

“Kim olduğunu, komandirimi hardan tanıdığını, nömrəsini necə tapdığını bilmirəm. Telefonda komandirim mənə “orada imkan yarat görüşsünlər” dedi”.

Məhkəmədə məlum olub ki, B.Abdullayevə zəng edən şəxs Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı olub.

Daha sonra ifadə verən B.Abdullayev deyib ki, təqsirləndirilən şəxslərdən yalnız öz əməkdaşlarını tanıyır:

“Müğənnini də təkcə televizorda görmüşəm, heç toyda filan da canlı görməmişəm. Heç bir əlaqəm də olmayıb.Mənim telefonum sentyabr ayından dinləmədə olub, mən heç bir həbsdə olan şəxslə və ya yaxını ilə əlaqə saxlamamışam. Çünki məsuliyyətimi dərk edirdim. Mən 21 il ancaq konvoyda işləmişəm, leytenantlıqdan bu rütbəyə qalxmışam. Biz səhər saat 10-dan gecə saat 2-nin yarısına kimi işdə olurduq. Mən isə saat 7-yə 20 dəqiqə işləmiş işdə olurdum. Səhər tezdən qarovul rəisi zəng edib dedi ki, Məmmədov Etibarı Lənkəran polisi qəbul etməyib. Mən Etibara nifrət edirdim, çünki 1996-cı ildə mən xidmət etdiyim yerdə əməkdaşımızı şunurla boğaraq öldürüb qaçmışdı. Mən həmişə şəxsi heyətə deyirdim ki, dustaq qaçsa sizi tutacaqlar, məni işdən çıxaracaqlar. Çünki özümün həbs ediləcəyim ağlıma gəlməmişdi. Bundan əvvəl belə hallar olanda rəisi sadəcə işdən çıxarırdılar.

Mən Etibara görə hakim Asim Hacıyevlə danışdım, çox xahiş etdim ki, bu məsələni həll etsin. Sonra Asim müəllim dedi ki, həll etdim, Astara qəbul edəcək. Elə də oldu.

Daha sonra mənə heç bir zəng olmadı, dustaqların hərəkəti ilə bağlı hər hansı məruzə edilmədi.

Növbəti gün səhər tezdən 7-yə işləmiş Ceyhun Səmədov mənə zəng etdi, telefonu açan kimi  “salamatçılıqdı? ” deyə soruşdum, Ceyhun “yox, dustaq qaçıb” dedi. Mən qəhərləndim, dedim “vaqondan dustaq qaçar?”, sonra əməliyyat rejim rəisinə məlumat verdim.

Təkrar Ceyhunla danışıb qaçanların Etibarla Ağami olduğunu bildim. Sonra vaqonparka getdim, Ceyhun özündə deyildi, danışa bilmirdi. Vaqona baxdım, pəncərə 20 santimetr açıq idi. Orada özümü saxlaya bilmədim Fuadla Elvinə sillə vurdum, biraz sonra rəhbərlik gəldi, həbsdə olan şəxsləri maşınlara yığdılar.

Qarovul heyətinin silahları alınıb, özləri baş idarəyə aparıldı. Həmin gün axtarış əməliyyat qərargahı yaradıldı, Fədayənin görüşünə mən icazə versəydim, onu da Etibarın yaxın ətrafı siyahısına daxil edərdim. Səhərisi gün Baş Prokurorluğa çağırılıb şahid kimi ifadə verdim. Bir gün sonra nazir müavini məni qəbuluna çağırıb xidmətdən xaric edildiyimi bildirdi. Həmin gündən həbs edilənə kimi olanları ancaq mətbuatdan izləmişəm”.

B.Abdullayev əməkdaşlar üçün ayrılan ezamiyyə pullarının yarısını mənimsəməsi və dustaqların komfortlu avtomobillə daşınması, xüsusi görüşlərin verilməsi üçün pul alması ilə bağlı ittihamı qəbul etməyib.

B.Abdullayevin istintaqa ilkin ifadəsi elan edilib, məlum olub ki, o, həmin zaman ezamiyyə pullarının yarısını mənimsədiyini, qarovul rəislərini xüsusi yerlərə təyin etmək üçün onlardan pul aldığını, həbsdə olan şəxsləri komfortlu avtomobillərlə daşınması üçün pul aldığını etiraf edib.

Polkovnik B.Abdullayev isə belə ifadə vermədiyini bildirib:

“Həmin vaxt Etibar hələ tutulmamışdı, işçilərim həbsdə idi. Özümdə deyildim. Eynəkli bir vəkil gəlib kağız uzatdı ki, tez bunu imzala, gedirik Nəsimi məhkəməsinə”.

Proses avqustun 27-də davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı
Xaçmazda evdən qadının meyiti tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi