Dörd uşaq anasına niyə sosial yardım verilmir? - RƏSMİ CAVAB
Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan, hazırda Binəqədi rayonunda yaşayan, 4 uşaq anası Qasımova Güllər Qədəmşah qızının sosial yardım təyin edilməməsinə görə bəzi sosial şəbəkə səhifəsində əksini tapan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.
Oxu24.com Oxu.Az-ın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları onun evində olub, mənzil-məişət şəraitinin çətin olduğunu müəyyən ediblər.
Bildirilib ki, adiçəkilən ailə ünvanlı sosial yardıma müraciət edərkən bəzi texniki səhvlərə yol verib:
“Ünvanlı dövlət sosial yardımı proqramı məhz aztəminatlı ailələr üçün nəzərdə tutulub. Lakin dəfələrlə bildirilib ki, hər hansı şəxs ailəsinin sosial yardım almaq hüququna baxılması üçün müraciət edirsə, bu zaman elektron sistemə səhv məlumatlar daxil etməməlidir.
Daxil edilən məlumatlar avtomatlaşdırlımış şəraitdə, insan müdaxiləsi olmadan aidiyyəti qurumların informasiya bazaları əsasında yoxlanılır və məlumat qeyri-düzgün olduqda bu, dərhal aşkar edilir.
Belə olduqda qanunvericilik yardım təyinatını mümkün hesab etmir və elektron sistem yardım təyinatından imtina qərarı verir. Müəyyən olunub ki, Güllər Qasımova ailəsinə sosial yardımın təyin edilməsi üçün 2016-2017-ci illərdə müxtəlif vaxtlarda dörd dəfə olmaqla elektron qaydada müraciət edərkən, hər dəfə “Ərizə-bəyannamə”də tələb olunan məlumatları, ailə gəlirlərini, su, elektrik enerjisi sərfiyyatı üzrə abonent kodlarını, kommunal xərclərini və s. düzgün qeyd etməyib, adına olan telefon nömrəsini gizlədib.
Bu kimi səbəblərdən, eləcə də sonuncu müraciəti zamanı ailəsinin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olmasına görə onun ailəsinə yardım təyin olunmasından qanunvericiliyin tələbləri əsasında imtina qərarı verilib”.
Məlumata görə, ötən ilin noyabr ayından bəri, yəni son 9 ayda isə G.Qasımova ailəsinə sosial yardımın təyin edilməsi üçün ümumiyyətlə müraciət etməyib:
“Bütün bunlar nəzərə alınmaqla, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsində Güllər Qasımova ilə söhbət aparılıb və ona ünvanlı dövlət sosial yardımı üçün məlumatları düzgün qeyd etməklə elektron qaydada müraciət edilməsinə texniki köməklik göstərilməsi qərara alınıb.
Güllər Qasımovanın şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən, yaxın günlərdə yeni vəsiqə aldıqdan sonra ona düzgün qaydada müraciət etməsində köməklik göstəriləcək.
Hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin demək olar ki, yarısı üç və daha çox uşağı olanlar, sosial yardım verilən aztəminatlı ailələrdəki şəxslərin isə böyük əksəriyyəti uşaqlardır.
Dörd uşağını təkbaşına böyüdən Güllər Qasımovanın müraciətinə obyektiv və şəffaf şəkildə baxılacaq, ailəsinin sosial yardım almaq hüququnun olub-olmaması yenidən müəyyən ediləcək.
Eyni zamanda, G.Qasımovanın ailə vəziyyəti nəzərə alınaraq, onun məşğulluğunun təmin edilməsi, bu və ya digər iqtisadi fəaliyyət növü üzrə kiçik ailə təsərrüfatını yaratmaq istədikdə və bunun üçün potensialı olduqda, onun özünüməşğulluq proqramına da cəlb edilməsi təmin olunacaq”. Oxu24.com
ŞƏRHLƏR