Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45788
az

Qarabağdan Yerevana hava dəhlizini gizlicə kimlər və necə açdı...ŞOK DETALLAR

23:4403 Yanvar, 2021
4628
ÖZƏL BÖLÜM
  • A

Azərbaycanın ordusunun zəfəri, Qarabağın azad edilməsi ilə nəticələnən 44 günlük müharibə 10 noyabr üçtərəfli razılaşması və Rusiya sülhməramlı qüvvələrinin regiona yeridilməsi ilə başa çatdı.

Virtualaz.org qeyd edir ki, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda və laçın dəhlizi boyu yerləşdirilməsindən sonra Xocalı aeroportunun açılması məsələsini bəzi rus-erməni mənbələri yenidən gündəmə gətirməyə başladılar. Hətta Xankəndindəki qurama rejimin nümayəndələri aeroportun “tezliklə”, dekabrın 10-da, yaxud 25-də açılacağı, Rusiya hərbi-nəqliyyat təyyarələrinin ora enəcəyini, daha sonra Yerevana da reyslərin olacağı haqda məlumatları dövrəyə buraxmışdılar. 

Xocalı aeroportu bərpadan sonra

Qeyd edək ki, erməni diasporunun ianələri hesabına aeroport 2009-2012-ci illərdə yenidən tikilmişdi və ermənilər onu istifadəyə verməyə çalışırdılar. Lakin Azərbaycan Beynəlxalq Mülki Aviasiya Administrasiyasına (İCAO) müraciət edərək işğal altında olan ərazilərdə aeroportun fəaliyyətinə imkan vermədi. Və aeroportun açılması məsələsi ikinci Qarabağ müharibəsinin başa çatmasına qədər gündəmdən çıxmışdı.

Həqiqətən Rusiya sülhməramlılarının regionda yerləşdirilməsindən sonra Xocalı aeroportu ətrafında müəyyən proseslər baş verməkdə idi, aeroportun ətrafı minalardan təmizlənirdi və bəzi məlumatlara görə, uçuş-enmə zolağının iri hərbi-nəqliyyat təyyarələrinin enib-qalxması üçün genişləndirilməsi üçün də işlər görülürdü. İddia edilirdi ki, sülhməramlı kontingentin təchizatı üçün aeroportun açılmasına icazə veriləcək.

Rusiya sülhməramlıları Qarabağa girir

Lakin Azərbaycanın icazəsi və birbaşa nəzarəti olmadan Xocalı aeroportunun açılmasının mümkün olmayacağı haqda Bakıdan verilən qəti mesajlardan sonra bu söz-söhbətlər də səngidi. Beləliklə, Dağlıq Qarabağdan Ermənistana və Rusiyaya birbaşa hava dəhlizinin açılması ermənilər üçün xəyal olaraq qaldı.

Maraqlıdır ki, Dağlıq Qarabağdan Ermənistana birbaşa hava dəhlizinin açılması hələ sovet dövründə, ötən əsrin 70-ci illərinin sonlarında gizli fəaliyyət göstərən erməni separatçılarının “Qarabağ komitəsi”ində müzakirə olunub. Və ermənilər Bakıdan gizlicə Xocalı aerportunu rekonstruksiya edərək oradan Ermənistana reyslər həyata keçirmək üçün imkan əldə ediblər.

Bu haqda qondarma “dqr mülki aviasiya komitəsi”nin rəhbəri olmuş Dmitri Atbaşyan (Qarabağın azad olunmasının ardınca, ötən ilin noyabrında öldü və Xocalı aeroportunun açılması arzusu ürəyində qaldı) özünün hələ çapdan çıxmamış kitabında bəhs edib. Kitabdan seçmələri hetq.am adlı erməni nəşri çatdırır.

 

Dmitri Atbaşyan Azərbaycanın qələbəsinə dözməyib öldü, Xocalı aeroportunu açmaq arzusu ürəyində qaldı...

O vaxtlar Stepanakert aeroportu adlandırılan, Xocalı qəsəbəsinin yaxınlığında yerləşən, kiçik YAK-40 təyyarələrini qəbul edə bilən mülki aeroport 1974-cü ildə istifadəyə verilib. Bu, Qarabağ ərazisində olan üç aeroportdan biri (Füzuli və Ağdam aerportları) və Dağlıq Qarabağdakı yeganə aeroport idi. Aeroport Bakı-Stepanakert-Bakı reysləri üçün nəzərdə tutulmuşdu. 1971-1987-ci illərdə Ermənistanın mülki aviasiya idarəsinin rəisi olmuş Dmitri Adbaşyan kitabında 1979-cu ildə aeroport ətrafında baş vermiş məxfi hadisələrdən söhbət açır. O yazır ki, 1979-cu ilin əvvəllərində yazıçı Zori Balayanın yaratdığı və Qarabağ problemi ilə məşğul olan gizli komitənin işində iştirak edirdi. Adbaşyanın yazdığına görə, erməni əsilli bədnam sovet akademiki, Qarabağdakı erməni separatizminin banilərindən biri Abel Aqanbekyan da hərdən komitənin iclaslarına qatılırdı.

Həmin bədnam Aqanbekyan

Gizli komitənin iclasında Atbaşyan təklif edir ki, Stepanakert aeroportu rekonstruksiya olunsun və nəticədə oradan Ermənistana da birbaşa reyslər həyata keçirilsin. Bu iclasdan bir neçə gün sonra Atbaşyan aeroportun rekonstruksiyasına dair ideyasını SSRİ-nin mülki aviasiya Nazirliyinin müvafiq vəzifəli şəxslərinə çatdırır. Plan bir müddət yaddan çıxır. Məsələ Atbaşyan Moskvada, SSRİ mülki aviasiya naziri Boris Buqayevin qəbul otağında Azərbaycan SSR-in mülki aviasiya idarəsinin rəhbəri Nuru Əliyevlə qarşılaşarkən yenidən ortaya çıxır. Əliyev kobud formada deyir ki, Stepanakert aeroportunun rekonstruksiyasından xəbəri yoxdur və orada baş verənlərə görə Atbaşyan günahkardır.

Əliyev erməni məmuru hədələyir ki, o, Buqayevin şəxsi dostudur və nazirin bu işlə məşğul olub tədbir görməsi üçün hər şeyi edəcək. Nazirlə yaxın münasibətlərini sübut etmək üçün Əliyev Atbaşyana Buqayevin hədiyyəsi olan və üstündə onun adı yazılmış saatı da göstərir.

Nurəddin (Nuru) Əliyev

Beləliklə, Moskva Stepanakert aeroportunun rekonstruksiyasını aydınlaşdırmağı tapşırır və Ermənistan Kommunist Partiyasının ikinci katibi Pavel Anisimov Atbaşyanı Yerevanda görüşə çağırır. “Sən Qarabağda nə etmisən?”,-Anisimov Atbaşyandan soruşur. Erməni təyyarəçinin təəcüblü baxışlarını görəndə o, əlavə edir: “Yaxşı, yaxşı, biz hamısını bilirik”.

Sonra Anisimov Azərbaycandakı həmkarı, ikinci katib Konovalova zəng vurur, mikrofonu açır və deyir ki, Atbaşyan indi onun yanındadır. “Yaxşı, soruş ondan. Aeroport tikildi. O nə edəcək ki, ora uçuşlar olsun?”,-Konovalov soruşur.

Atbaşyan aeroportun rekonstruksiyasında iştrakını inkar etməkdə davam edərək cavab verir ki, heç nə eləmək lazım deyil. Deyir ki, uzağı yarım il sonra SSRİ Qosplanı (Dövlət Plan Komitəsi) aeroporta qoyulmuş investisiyanın effektivliyi haqda sorğu-sual edəcək. Və onda Nuru Əliyev özü Stepanakertdən Yerevana və geriyə reyslər təşkil etməli olacaq, çünki Bakıdan Stepanakertə uçan sərnişinlərin sayı aeroportun rentabelli işləməsinə imkan vermir.

 

Bakıdan ikinci katib Vasili Konovalov Yerevanla danışır və Atbaşyanla razılaşır...

Anisimov və Konovalov Atbayanın arqumentləri ilə razılaşırlar, lakin Anisimov təyyarəçiyə məsləhət görür ki, bu əhvalat haqda Ermənistan rəhbərliyinə, xüsusən də birinci katib Karen Dəmirçiyana heç nə deməsin. Atbaşyan bu xahişdən təəcüblənir, çünki ittifaq respublikalarında ikinci katiblər adətən ruslar olurdu və onlar Kremlin görən gözü, eşidən qulağı sayılırdı.

Beləliklə, aeroportun rekonstruksiyası fakta çevrilir və Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistanın şəhərləri arasında fəal aviaəlaqə yaranır. Yak-40 təyyarələri gündə bir neçə dəfə Yerevandan, Erebuni aerportundan Stepanakertə (Xankəndi) və geriyə uçurdular. Habelə Gorus və Qafandan da Stepanakertə gündəlik reyslər təşkil olunmuşdu. Uçuşlar 90-cı illərin əvvəllərinə qədər beləcə maneəsiz davam edib. Xocalı aerportunun birinci Qarabağ müharibəsindəki rolu və sonrakı taleyi isə məlumdur...

 

Xocalıdan Yerevana sonuncu Yak-40 1992-ci ilin mayında, müharibənin qızğın vaxtında uçmuşdu...

Aeroportdan Yerevana sonuncu Yak-40 1992-ci ilin mayında uçub, həmin vaxt artıq Xocalı işğal edilmişdi və aeroport ermənilərin nəzarətində idi. Lakin Azərbaycan ordusunun Ağdam istiqamətindən endirdiyi “Qrad” zərbələri aerportun uçuş-enmə zolağını və digər infrastruktrunu sıradan çıxardı. Nəticədə ermənilər daha aeroportu istifadə edə bilmədilər.

F.Məmmədov

Virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar