Bu gün Azərbaycanda porno saytlara girişə qadağa qoyuldu. Məsələyə müxtəlif prizmalardan yanaşanlar oldu: əxlaqi, mentalitet, texnoloji, hüquqi və s. Qadağanın hansı müddətə qoyulduğu açıqlanmasa da, beynəlxalq internet trafikasiyasını ölçən qurumların statistikasına əsasən, dünyada bir çox ölkədə, eləcə də Azərbaycanda bu saytlara maraq heç də az deyildi. Odur ki, qadağanın hansı nəticələr doğuracağı maraqlıdır. Porno düşkünü olan insanların alternativ mənbələr tapma, yaxud müxtəlif texnoloji üsullarla qadağanı pozmağa çalışacağı gözləniləndir.
Məsələyə 3 aspketdən yanaşmağa çalışdıq. Psixiatr, vəkil və İKT mütəxəssisindən qadağa ilə bağlı fikirlərini öyrəndik.
Psixiatr Fuad Bəşirov bildirdi ki, qadağa müsbət addımdır və məlum videolarda qadınların insan kimi yox, əşya kimi qəbul olunması düşüncəsini ortadan qaldıra bilər:
“Porno saytların bağlanmasının müsbət tərəfləri var. Bəzən insanlar şiddət xarakterli porno videolara baxırlar və bu da cinsəllik haqqında yanlış təsəvvür oyadır. Xüsusilə də yeniyetməlik dövründəki gənclərə daha pis təsir göstərir. İndi uşaqdan böyüyə hər kəs internetə girir. Bəzən istəmədən də olsa, bu cür saytlar qarşımıza çıxır. Bununla maraqlanan olmasa belə, bu saytları öyrənmiş olurlar və saytlardakı porno videolar oradakı qadına qarşı şiddət, qadını insan kimi deyil, alət kimi qavramaq təsəvvürü yaradır. Şiddət olmayan pornolarda isə cinsəllik haqqında yanlış təsəvvür yaradılır. Bəzən bu videolar hətta ailədaxili problemlərə gətirib çıxara bilir. Halbuki cinsəllik fərdlərə məxsus bir şeydir, milli mentalitetdən də qaynaqlanır, fərdi xüsusuiyyətlərdən də”.
Psixiatr bu qadağanın mediada geniş təbliğ olunması ilə onun reklam edildiyini də bildirib:
“Qadağan olunmağın daha bir tərəfi isə budur ki, qadağan olunan bir şeyə həmişə istək yaranır. Mediada qadağan olunma xəbərləri geniş yayıldıqca bir növ həmin saytlar reklam edilir. Bəlkə də o saytlara müəyyən texniki yollarla yenidən girmək mümkün olacaq. Yəni qadağa əlavə bir istək yarada bilər. Amma çox reklam olunmasa, bilməyənlər üçün elə ciddi bir zərəri olmaz. Bilənlər isə onsuz da bir vasitə ilə o saytlara girməyə çalışacaq.
Amma istənilən halda bu qadağa müsbət haldır. İlk növbədə qadının bir əşya kimi istifadə olunmağına qarşı bir davranışdır. Həm də cinsəllik haqqında yaradılan yanlış təsəvvürün önünə keçmiş olacaq”.
İKT mütəxəssisi Vahid Qasımov isə Femida.az-a açıqlamasında məsələ ilə bağlı ciddi problem görmədiyini bildirib:
“Hüquqi cəhətdən bilmirəm düzgündür, ya yox. Ancaq bu qadağa mənə çox uşaqca görünür. Çünki qadağa 2-3 gün pornoya düşkün insanlar üçün problem yaradacaq. Daha sonra onlar öyrənəcəklər ki, hansısa “proxy” ilə bu saytlara necə girmək olar. Məsələn, bir ara “Skype” portalını da bağlamışdılar. Amma sonra açıldı. Porno saytlara girmək istəyən onsuz da girəcək. Çünki bu gün insanların texniki inkişaf etmə qabiliyyəti çox yüksəkdir. Belə saytlara girişin bağlanmasında qəti şəkildə problerm yoxdur”.
Mütəxəssislərin dediklərindən bu nəticəyə gəlmək olar ki, analoji saytlara girişi qadağan etmək ona baxmaq istəyənlərin qarşısını almayacaq. Baxmaq istəyən yenə də alternativ variantlar tapıb bu tipli videoları əldə edə biləcəklər. Bu qadağa sadəcə olaraq porno saytlara girən kütlənin çoxalmasının qarşısını alacaq. Bunun isə hansı nəticələr doğuracağına auditoriya özü qərar verəcək.
Vəkil Vamiq Şükürovun Femida.az-a açıqlamasında məsələnin hüquqi tərəflərinə toxundu. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymağa görə məsuliyyətə cəlb olunma nəzərdə tutulur:
“Qadağanın hansı nəticələri doğuracağı ilə bağlı hər hansı proqnoz verə bilmərəm. Lakin qanuni cəhətdən məsələnin Cinayət Məsuliyyəti yaratdığını deyə bilərəm. Belə ki, pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Mövzu ilə bağlı həssas nöqtə təbii ki, daha çox uşaqların porno saytlardan qorunmasıdır. Artıq texnologiya buna da imkan yaradır. Xüsusilə də məktəblilərin belə portallara girməsini istəməyən valideynlər internetə çıxışı olan bütün cihazlara xüsusi proqramlar vasitəsilə nəzarət edə və uşaqlarının porno saytlara girişinə qadağa qoya bilərlər.
Unutmayaq ki, insan psixologiyası qeyri-ixtiyari olaraq, nəyi qadağan edirsənsə, o qadağa ilə daha yaxından maraqlanır. Ümid edək ki, gənc nəsil bu cür qadağanın həvəskarı olan qruplardan kənar qalacaq.
Günün təklif olunan videosu
Oxu24.com
ŞƏRHLƏR