Kələm ilin bütün fəsillərində yetişdirilməsi mümkün olan bostan bitkilərindəndir. Qalın yarpağı hətta qarlı qışda da onu qoruyur. Həkimlər mədə, onikibarmaq bağırsağın xoraları, kolit, qastrit, ateroskleroz və s. xəstəliklər zamanı kələmin əvəzsiz qida mənbəyi olduğunu söyləyirlər.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, sarılıq və dalaq xəstəliklərinin müalicəsində kələm şirəsinin daxilə qəbul edilməsi tövsiyə olunur. Şəkərlə bişirilmiş kələm şirəsi sərxoşları ayıltmaq üçün istifadə edilir. Ağız boşluğunun iltihabı prosesləri zamanı su ilə durulaşdırılmış kələm şirəsi ilə qarqara etmək çox faydalıdır. İrinli yara, xora, əzik və yanıqların üzərinə xırda doğranmış kələm yarpaqları qoyulduqda onların sağalması xeyli sürətlənir. Kələmin təzə şirəsi mədə və onikibarmaq bağırsaq xoralarında, qastritdə, qaraciyər, öd daşı, podaqra, ateroskleroz və başqa xəstəliklərdə tətbiq edilir.
Bostan kələminin yarpağı yerkökü, çuğundur və qara turpun kök-meyvələrinin şirəsi ilə 100 qram spirtdə qarışdırılır, 4-6 saat müddətində saxlanılıb süzülür və vərəm xəstəliyi əleyhinə istifadə edilir. Onun turşuya qoyulmuş yarpaqları şəkərli diabet əleyhinə də səmərəli vasitədir.
Kələm şirəsi mədənin sekresiyasını artırır və turşuluğun azalması ilə gedən qastrit əleyhinə yaxşı təsir göstərir. Bundan başqa bağırsağın fəaliyyətini yaxşılaşdırır, qıcqırmanın qarşısını alır, peristaltikanı sürətləndirir, spastik ağrıları zəiflədir.
Kələm aterosklerozda, piylənmədə əvəzedilməz pəhriz vasitəsidir, çünki qanda xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini, o cümlədən yağ mübadiləsini normallaşdırır. Kələm şirəsi saxlanılanda keyfiyyətini tez itirir. Ona görə də müalicə müddətində hər gün sıxılmalı, emallı və şüşə qabda saxlanılmalıdır.
Oxu24.com
ŞƏRHLƏR