Ağdaş rayonunun Qaradağlı kəndi ərazisində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Oxu24.com xəbər verir ki,Qaradağlı kənd bələdiyyəsinin sədri Əli Musayev Yenicag.az-a açıqlamasında hadisədən danışıb:
“Nizami ilə onu öldürən Hüsü adlı şəxs əvvəllər dost olub. Hüsünün atası Qarabağ əlilidir. Deyilənə görə, səhər saat 7-8 radələrində Hüsü onu evindən çağırıb. Nizaminin də evi qəbiristanlığın yaxınlığında yerləşir. Hüsü onu qəbiristanlığın yanına çağırıb və orada başından güllələyib. Güllə səsinə camaat yığışıb. Görüblər ki, artıq gecdir. Nizami dünyasını dəyişib. Səbəb bilinmir. Nizamini morqa aparmışdılar, indi gətiriblər, dəfn edəcəklər. Hüsü də özü polisə gedərək təslim olub”.
Bələdiyyə sədri Nizaminin əvvəllər həbsdə olduğunu bildirib:
“Nizami vaxtilə 12 il həbsxanada yatıb. O, qonşu kənddə idman müəllimi işlədiyi vaxtlarda bir oğlana yumruq vuraraq öldürüb. Ehtiyatsızlıq ucbatından baş verən bu cinayətə görə həbs olunub. İndi də bu hadisə baş verdi”. Oxu24.com
ŞƏRHLƏR