Bərdə rayonunda meyiti aşkar edilən xanəndələrin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
AzVision.az-ın əldə etdiyi məlumata görə, iyulun 31-də Miryusif Mirizadə həmkarı Novruz Hüseynovun evində qonaq olub.
Ötən gün səhər saatlarında N.Hüseynov dostluq münasibətində olduğu Mirizadəni naməlum səbəbdən 14 bıçaq zərbəsi ilə qətlə yetirib, daha sonra isə özü intihar edib.
İlkin araşdırma zamanı Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib.
Törətdiyi hadisəni ört-basdır etmək istəyən Hüseynov bu məqsədlə Mirizadənin olduğu avtomobili ağaclara çırparaq aşırıb. Bununla xanəndənin qəzada ölməsinə dair görüntü yaratmağa cəhd edib. Lakin törətdiyi qətlin üstünün açılacağından qorxan Hüseynov özünü Qarabağ kanalına ataraq intihar edib. Onu intihar etməzdən öncə kanalın yaxınlığında olan çoban görüb. Kimliyi açıqlanmayan çobanın sakinlərə dediyinə görə, N.Hüseynov törətdiyi qanlı cinayətdən dəhşətə gələrək "Ay Allah, mən nə etdim?" deyərək qışqırıb.
Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparır. Oxu24.com
ŞƏRHLƏR