“Yaxın gəlməyin, qeyrət məsələsidir”
İllər öncə...
«Allah məni dostumdan qorusun, düşmənimi tanıyıram»-- belə deyiblər, belə eşitmişik. Bu gün dostun dosta, ərin arvada, arvadın ərə, rəfiqələrin bir-birinə etdikləri xəyanətlər haqqında eşidəndə , kimsə təəccüblənmir. Az qala mental bir xarakterə çevrilməyə başlayıb bu hal. Bizim ötən, keçən tariximizdə belə hallar da var idi ki, iki düşmən bir-biri ilə düşmənlik etsə belə, hətta çətin anda, dar ayaqda öz namusları, qeyrətləri olan ana- bacılarını, qızlarını, gəlinlərini dava açdığı düşməninə etibar edərdilər.
O düşmən də… əmanətə xəyanət etməzdi… Gidi dünya… kapitalizmin cılız dəyərləri içərisində namus, qeyrət, etibar əldən getdi… Və getməkdədir. İndi qələmə aldığım bu hadisədə kirvə öz dostunun arvadına təcavüz edir… Hətta gəlini hədələyib deyir ki, onunla birlikdə olmağa razılıq verməsə azyaşlı qızını zorlayacaq… Natiq 8 ildən artıq idi ki, Sumqayıtdakı “Karvan” ticarət mərkəzi deyilən bazarda ailəsinin gün-güzəranını yola vermək üçün meyvə-tərəvəz alveri edirdi. Əlbəttə , şəhərdə 20-25 il əvvəlkilər kimi zavod-fabrik işləsəydi, təbii ki, bazarda alver etməyəcəkdi, yəqin zavodların birində lap elə, ən aşağısı fəhləçilik edəcəkdi. Əsla bazarda gün-güzəranını keçirənlərə qarşı həqarət etmək fikrində deyiləm. Ancaq əsrlər boyu bazarlar cəmiyyətin güzgüsü olub.
Mənim yadımdadır… özünü yaxşı apara bilməyənlərə “bazar qulu” deyərdilər. Ancaq neyləyəsən ki, bu gün ictimai formasiya iş tapmayan hər kəsi bazarda dayanmağa məcbur edir. Təxminən 2009-cu ildə bazarda Natiq İsmayılovun alver etdiyi piştaxtanın yanında təqribən 28 yaşlı Elvin adlı bir cavan oğlana da yer verdilər. Yavaş-yavaş Natiq İsmayılovla Elvin Hüseynovun arasında dostluq başlayır. 2010-cu ildə isə Elvin Hüseynovun toyunda Natiq ən yaxın dostu kimi, həyat yoldaşı Zöhrə(qadının adını etik qaydalara görə dəyişirəm.-- A.E.) da aparır. Elvinin toyundan sonra, hər iki gənc ailənin bir birinin evlərinə gediş-gəlişləri başlayır. İş o yerə çatır ki, 2012-ci ildə isə Natiq dostu Elvini üç yaşlı oğluna kirvə tutur.
Qədim adətlərə görə kirvə yükü çox ağırdır. Bu etibar, bu dostluq, bir evin kirvənin üzünə açıq olan qapısı deməkdir. Hətta bizim klassik yazıçılarımızdan olan Nəcəf bəy Vəzirov “Yağışdan çıxıb yağmura düşdük” əsərində erməni Qıdı kirvə obrazı ilə , kirvənin necə etibarlı bir insan olmasını əbədiləşdirib. Həmin əsərin teatr görüntüsündə belə bir məqam var: erməni Qıdı kirvə dostunun evinə gələrək, sağına-soluna baxmadan evin yuxarı başına keçir. Yəni ki, kirvə olan yerdə etibar, qeyrət, namus toxunulmazdır.
2012-ci ilin qışı hələ noyabr ayından özünü göstərmişdi. Belə noyabr günlərinin birində Zöhrə 4 yaşlı qızını da götürüb, əri Natiqin işlədiyi bazara gəlir. Bazara çatar çatmaz , qarşısına Elvin çıxır. Bir az hal-əhval etdikdən sonra, Zöhrə Elvindən arvadı Tükəzbanı soruşur. Bu vaxt Elvin həyəcanlı şəkildə Zöhrəyə deyir ki: “ bəs Tükəzban bərk xəstələnib, ona kömək lazımdır. Elə yaxşı oldu ki, rastlaşıblar. Zöhrədən xahiş edir ki, Tükəzbana yardım etmək üçün onunla evlərinə getsin”.
Zöhrə Elvinə bildirir ki, telefonunda kontur tükənib, gedib ərinə desin, sonra gedərlər. Bu zaman, Elvin Natiqlə danışırmış kimi, kənara çəkilib telefonla kiminləsə danışır. Sonra isə Zöhrə deyir ki, Natiqdən icazə aldı… Ərindən icazə aldığına görə, Zöhrə kirvələrinə qoşulub, həmişə qonaq getdiyi 2-ci mikorayonda, Elvingilin kirayə qaldıqları evə gəlir. Qapını Elvinin qaynı, Tükəzbanın qardaşı Kamran açır. Zöhrə evə girəndə, Tükəzbanı görməyib, Elvindən Tükəzbanın harda olmasını soruşur. Elvin əvvəlcə deyir ki, hamamdadır. Bir az keçəndən sonra, Zöhrə şübhəli şəkildə, hamama yaxınlaşır. Hamamda da Tükəzbanı görməyəndə, əli-ayağı, ürəyi əsməyə başlayır. Tez dönüb, Elvindən tükəzbanın harada olmasını soruşur. Bu zaman Zöhrənin hər zaman qardaş kimi tanıdığı Elvinin ona ehtiraslı gözlərlə, iyrənc nəzərlərlə baxdığını sezir.
“ Tükəzban hardadır?” sualına, “ Sən bu gün burda mənimlə cinsi əlaqədə olmalısan!!!”- deyə cavab verir. Zöhrə ağlaya-ağlaya ona etiraz etdikdə, Elvin başı ilə qaynı Kamrana işarə edir. Qaynı Kamran körpə qızı qucağına alıb, onların 5-6 addımlığında dayanır. Bundan sonra Elvin: “Ya səninlə, ya da qızınla əlaqədə olacam, ikisindən birini seç”-deyir. Çox vaxt göz yaşları da daş ürəklərdə mərhəmət yaratmır. Zöhrə nə qədər ağlasa da, Elvin bir o qədər də hiddətlənməyə başlayır. Göz yaşlarını təsir etmədiyini görəndə, bir süfrədə çörək yediklərini, ona “qardaş”- dediyini, ərinin yaxın dostu olduğunu xatırladır. Bu dediklərindən də bir fayda olmadıqda, qadın Elvini həədələyir ki, axı kirvədirlər, dost və kirvə belə bir əxlaqsızlıq etməz, bu haqda ərinə danışsa pis nəticə verəcək... Elvin isə israrlı idi... Qadının yalvarışlarına, göz yaşlarına məhəl qoymayaraq, yenidən Kamrana deyir ki, körpə qızı soyundursun. Qaynı Kamran bir sözə bənd imiş kimi, körpənin şalvarı və köynəyini çıxarır. Və körpə qızcığazın açıq bədəninin müxtəlif yerlərindən öpməyə başlayır. Körpəsinin həyatını xilas etmək üçün, Zöhrə Elvinin iyrənc təklifi ilə razılaşmalı olur... Öz irənc niyyətini həyata keçirəndən sonra, Zöhrəni hədələyərək bildirir ki, əgər baş verən hadisə barədə ərinə bir kəlmə belə danışsa, onun hərbi xidmətdə olan qardaşına qulluq etdiyi hərbi hissədə zərər yetirəcək. ...Kirvələri və dostu tərəfindən zorlanan bədbəxt qadın, əvvəlcə evə getmək istəmir. Soyuq noyabr sazağında şəhərdə dəli kimi veyillənməyə başlayır. Əvvəl istəyir ki, özünü avtomobillərdən birinin təkərləri altına atsın... Bəs qucağındakı körpəsi?! Bir az bundan əvvəl namusunu körpəsinə qurban vermişdi axı... ... O gündən başlayaraq, Zöhrə evdə bir ilğım kimi gəzir. Əri Natiq günü gündən həyat yoldaşının solduğunu, uşaqlara və özünə olan mehr-məhəbbətinin, nəvazişinin azaldığını dəfələrlə hiss edir. Natiq İsmayılov arvadı Zöhrədən niyə özünü belə apardığını dəfələrlə soruşsa da, qadınından doğru-dürüst bir cavab ala bilmir. Zöhrə isə hər dəfə başını qaldırıb uşaqlarına, ərinə baxmağa xəcalət çəkir. Ailəvi şəkildə daha heç kəsin evinə qonaq getmir, ərinin şəxsiyyətini ləkələdiyini özünə sığışdıra bilmir... Zöhrə özünə ölüm axtararkən... bir gün telefonuna zəng gəlir. Daha dəqiq desək 7 aprel 2013-cü il. Zəng edən isə Elvinin arvadı Tükəzban idi. Tükəzban Zöhrəyə deyir ki, hardan olursa olsun, onun üçün 450-500 manat pul tapıb versin. Cavabında Zöhrə Tükəzbana, bu məbləğdə pulu tapa bilməyəcəyini söyləyəndə, Elvinin arvadı Zöhrəni hədələyir: “... mənə aidiyyatı yoxdur. Hardan tapırsan tap pulu. Yoxsa ki ərimlə yatdığını Natiqə deyəcəm”.- deyib telefonu söndürür. Dünyası dağılan, Zöhrə yenə qalır əl amanda. Üç gündən sonra isə telefonuna tükəzbanın nömrəsindən belə bir mesaj gəlir: “... Nə oldu? Nə oldu?! Məzələnirsən mənimlə? Axırı yaxşı olmayacaq. 3 gündür...”.... ...Aprel ayı. Baharın ilk günlərinin istisi, sazağı bir-birinə qarışıb. Bu günəşdən, bu sazaqdan da Zöhrənin qəlbinə qorxular, təlaşlar, həyəcanlar dolmağa başlayır. 11 aprel 2013-cü il. Axşam vaxtı. Hamı işdən evə gəlir. Evdar qadınlar şam yeməyi tədarükü görürlər. Natiq İsmayılovun isə həmin axşam 29 yaşı tamam olurdu. Gülə-gülə, sevinə-sevinə qapının zəngini çalan, Natiq yenə də həyat yoldaşının üzündə sevincdən bir əlamət görmür. Şam yeməyini yeyəndən sonra, onu kənara çəkib, yenə də qadınını müəmmalı hərəkətlərinin səbəbini soruşur. Daha səbri və dözümü qalmayan Zöhrə ağlaya-ağlaya ötən ilin noyabr ayında Elvin Hüseynov tərəfindən başına gətirilən əhvalatı və tükəzbanın ondan pul tələb etməsini ərinə danışır. ... Kirvə, qardaş, dost... Natiq əlini stola çırpır. Sonra evdəki bıçağı götürüb özünü öldürmək üçün sol qolunun damarını kəsir. Ərinin özünü öldürməsinə Zöhrə mane olur, yalvarıb bıçağı əlindən alır. Bütün gecəni yuxu yatmayan Natiq, səhər durub bazardakı iş yerinə gəlir. Burada meyvə satdığı zaman istifadə etdiyi iti bıçağını götürüb, gödəkçəsinin altında gizlədir. Sonra evinə gəlib, uşaqlarını öpüb vidalaşaraq çıxır. Axşama qədər şəhərdə Elvini axtarır. Zəng etmir. Səsini eşitməməkçün. Axşam saat 19 radələrində Elvinin bazarın yanında kirayələyib yaşadığı binanın giriş qapısına gəlir. Onu burada gözləyir. Bir qədər keçmiş Elvin peyda olur. Elvin onunla söhbət etmək istəyərkən: “Arvadıma qarşı oğraşlıq etmisən, biqeyrət, xəbərim var, gəlmişəm səninlə haqq hesab çəkim deyə”—Elvinin üstünə şığıyır. Nə üçün şərəfinə, namusuna xəyanət etməsinin səbəbini soruşur. Aldığı cavab isə Natiqi lap özündən çıxarır. Elvin ona deyir ki: “... bağışla, səhv etmişəm, içkili olmuşam, sərxoş olmuşam. Əvəzində gəl, sən də mənim arvadımla yat... Uşağı həkimə aparıb, həkimdən qayıdandan sonra nə istəsən edə bilərsən”... . Dost, kirvə dediyi, evinə, süfrəsinin başına buraxdığı, bir süfrədə dəfələrlə çörək kəsdiyi adamı bu günə qədər tanımadığına qəzəblənir. Eşitdiyi sözlər onu lap özündən çıxarır. Və qışqırmağa başlayır.:
“Bəs NAMUS? Bəs QEYRƏT?”. Beləcə əvvəlcədən özü ilə götürdüyü bıçaqla dayanmadan Elvini vurmağa başlayır. Haraya gələn insanlara isə yalvarır ki, mane olmasınlar, bu, qisasdır. Arada namus, qeyrət məsələsi var. “Mənə yaxın gəlməyin, arada namus-qeyrət məsələsi var, onu öldürəcəm, sonra gedib polisə təslim olacam...”. Və yalnız Elvini öldürdüyünə əmin olanadan sonra, Sumqayıt Şəhəri Polis İdarəsinə gələrək, törətdiyi qətl hadisəsini etiraf edib, bıçağı əməliyyatçılara təhvil verir. 13 aprel 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 120.1- maddəsi ilə Sumqayıt Şəhər Prokuroluğunda cinayət işi açılır. Hiddət doğuran cinayət hadisəsinin icraatı prokuroluğun böyük müstəntiqi Sərxan Bəxtiyarova tapşırılır. Cinayət işində müqəssir hesab olunan Natiq İsmayılovun ifadəsi alınandan sonra, cinayət hadisəsindən xəbəri olan və istintaqa gərəkli ifadə verə biləcək 50-dən çox vətəndaşin ifadəsi alınmaq üçün istintaqa çağırılırlar. Natiq İsmayılovun həyat yoldaşı Zöhrə ağrı və hiddətlə, göz yaşları ilə danışır başına gəltirilənləri, taleyini, bəxtini qınayır. Gücü yenə də ağlamağa çatır. Müstəntiq Sərxan Bəxtiyarovu təəccübləndirən isə Natiqin 17 bıçaq zərbəsi ilə öldürdüyü Elvinin həyat yoldaşının rabitəsiz və ağıla gəlməyən ifadələri olur. Məlum olur ki, Zöhrənin başına gətirilən zorlama hadisəsini Kamran həm də telefonun videiolentinə alıbmış. Daha sonra bu görüntünü Tükəzban guya ki, öz ərinin telefonunda aşkar edir.... və ərinin üzrxahlığı, peşimançılıq etirafı , yalvarışlarından sonra, onu bağışlayır. Müstəntiqin “ Tükəzban Hüseynovaya verdiyi “belə bir əxlaqsız vəziyyəti biləndən sonra, necə oldu ki, Siz eyni zamanda Zöhrə Rəhimzadədən pul da istədiniz?!”- sualını özünəməxsus cavablandırması olur : “Ev kirayəsini verə bilmirdik. Elvinlə belə qərara gəldik ki, Zöhrədən pul istəyək. Və mən Zöhrəyə zəng edib, ondan 300 -350 manat pul istədim”. Əslində bu sualın cavabı ərlə arvadın birlikdə qurduqları cinayət işinin bəlkə də tərkib hissəsi idi. Sadəcə bu faktı təsdiq edə biləcək şəxs namus üstündə qətlə yetirilmişdi. Növbədə həmin müdhiş hadisənin balaca 5 yaşlı şahidi var idi. Natiq İsmayılovun qızı. Natiq İsmayılovun qızının ifadəsi istintaqda pedaqoq vasitəsi ilə alınır. Qızcığaz üzləşməyə şübhəli şəxs qismində gətirilən Kamran Məhərrəmovu tanımır. Lakin həmin noyabr günü anasının ağladığını, Elvingilin evində olduqlarını xatırlayır. İstintaq öz növbəsində Kamran Məhərrəmovun ifadəsini alır. Dəqiqləşdirmələr aparır. O, ilkin ifadəsində qeyd edir ki , Zöhrənin danışdığı hadisənin baş verdiyi noyabr ayında əsgəri xidmətdə olub. İstintaq onun bu ifadəsini yoxlayarkən məlum olur ki, Kamran Məhərrəmov həmin ərəfədə əsgəri məzuniyyətdə olub. Zöhrədən başqa bir şahidi olmadığına görə, balaca qızcığaza qarşı etdiyi şərəfsizliyi sübuta yetirmək istintaqın səlahiyyətləri xaricində olduğundan, Zöhrənin qızına qarşı törədilən iyrənc hərəkətlər sübuta yetirilməyir. Elvinin qətlindən üç gün keçəndən sonra isə, Hüseynovlar ailəsi, istintaqa və Natiq İsmayılovun ailəsinə qarşı iddia irəli sürürlər:
“Ölən oğlumuzun baş daşı və basdırılma xərclərini İsmayılovların ailəsi ödəməlidir”... Dost dediyi, kirvə seçdiyi bir bazar adamı... bir ailənin tifaqını dağıtdı. Nəcəf bəy Vəzirovun Qıdı kirvəsi bəlkə də bunu heç vaxt etməzdi. O kirvəsinin qapısını öz namusu, şərəfi bilib açırdı. Bizlərdə əvvəllər... dünya və quruluşumuz belə pozulmayanda , kapitalizm hakim olmayanda KİRVƏLİK ağır söhbət idi. Lap elə namus, qeyrət qədər ağır olan bir yük idi.
P.S. Son olaraq qeyd edim ki, ailəsinin şərəfini, namusunu təmizləmək üçün onu qanla yuyan Natiq İsmayılov Azərbaycan Respublikası CM-nin 120-ci maddəsinin 1-ci bənduinə uyğun olaraq, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Aida Eyvazlı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Oxu24.com
ŞƏRHLƏR