Xəbər verdiyimiz kimi saat dünən 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər.
Rəsmi yayılan məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərmişlər.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Femida.az məsələnin hüquqi tərəfini və yaranacaq məsuliyyətlə bağlı araşdırma aparıb.
Cinayət Məcəlləsinin 120.2.2. maddəsi xuliqanlıq niyyəti ilə adam öldürmə kimi izah edilir.120.2.7. maddəsində isə iki və ya daha çox şəxsi öldürmə cinayəti başa düşülür.
Bu maddələrlə ittiham olunan şəxsin, yaxud şəxslərin təqsiri sübuta yetirilərsə,on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bəs digər maddələrin məzmunu nədir? Həmin maddə ilə təqsirləndirilən şəxsi hansı cəza gözləyir?
Cinayət Məcəlləsinin 221.3 maddəsində xuliqanlıq nəzərdə tutulur.Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.Nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 228.4. maddəsində qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə başa düşülür.Qanunun bu bəndinə əməl etməyən şəxsləri üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir.
Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Qanunlardan da göründüyü kimi Gəncə şəhərində törədilmiş cinayət əməlində şübhəli bilinərək axtarışa verilən Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovu olduqca ağır cəza gözləyir.Qeyd olunan maddələri nəzərə alsaq həmin şəxslərin cinayəti sübuta yetirildiyi halda ömürlük həbs cəzası ilə cəzalandırılmaları realdır.
Oxu24.com
ŞƏRHLƏR